Müasir dövrdə dünya miqyasında elmi-texniki tərəqqinin yüksək inkişafı ayrı-ayrı elm sahələrində də innovativ yeniliklərlə müşayiət olunmaqdadır. Hazırda dünya dövlətlərinin geniş miqyaslı inteqrasiyası kənd təsərrüfatının digər sahələrində olduğu kimi üzümçülük və şərabçılıq sənayesinin də genişləndirilməsinə, müasir plantasiyaların salınmasına, dövlətlərarası müxtəlif iqtisadi rentabelli üzüm sortlarının introduksiyasına səbəb olur ki, bu nəticə etibarı ilə ampeloqrafiya elminin də inkişafına təkan verməkdədir. Müasir dövrdə ampeloqrafik tədqiqatlar dünya miqyasında üzümçülük geniş yayılan ayrı-ayrı respublikalarda üzümçülük və şərabçılıq sənayesinin innovativ əsaslarla inkişafında çox mühüm rol oynamaqdadır. Ampeloqrafiya, ilk növbədə, müasir dünyada mühüm iqtisadi əhəmiyyət kəsb edən üzüm bitkisinin növ və sortlarının toplanılması, genofondunun qorunması, kolleksiya bağlarının salınması, perspektivli sortların yaradılması, onlardan səmərəli istifadə olunması və istehsalata yönəldilməsi istiqamətində bir elm sahəsi kimi özünəməxsus tarixi inkişaf yolu keçib. Bu elmin hazırda üç şöbəsi - ümumi ampeloqrafiya (Vitaceae Juss. fəsiləsinin təkamülü, sistematikası, yayılması, dəyişkənlik və irsiyyət qanunauyğunluqları, növ və sort biomüxtəlifliyi, ekoloji problemləri, tədqiqat üsullarının yaradılması və s. tədqiqi), xüsusi ampeloqrafiya (növ, sort, klon və formaların ampeloqrafik təsviri, fenoloji, aqrobioloji, uvoloji, biokimyəvi, təsərrüfat-texnoloji və s. xüsusiyyətlərinin tədqiqi) və interaktiv ampeloqrafiya (beynəlxalq əlaqələr əsasında üzüm sortlarında molekulyar səviyyədə kəmiyyət və keyfiyyət göstəricilərinin və genetik əlaqələrin tədqiqi) ayırd edilir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasında 40 ildən artıq bir müddət ərzində üzümçülük üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində dünya ampeloqrafiya elminin yeni bir istiqaməti olan rəqəmsal ampeloqrafiya şöbəsi yaradılıb və ampeloqrafik tədqiqatlara aid olan “kapital əsərlər”in yazılmasında və üzüm sortlarının ampelo-deskriptor təsvirlərində istifadə edilib.
Hazırkı dövrdə dünya xalqları arasında ampeloqrafik tədqiqatlar sahəsində dil problemlərinin aradan qaldırılması, üzüm sortlarının tədqiqi istiqamətində elmi məlumatların beynəlxalq miqyasda ümumi qəbul olunmuş kod və şifrələrdən istifadə olunmaqla rəqəmsal formada digər millətlərə ötürülməsi aktual problemlərdən biridir. Dünya ampeloqrafiya elminin müasir yeni istiqaməti olan rəqəmsal ampeloqrafiyanın müvafiq metodikaları əsasında V.vinifera L. növünə məxsus olan sortların OIV deskriptorları əsasında beynəlxalq miqyasda qəbul edilmiş 400-dən artıq əsas genetik əlamətləri, irsi dəyişkənlik xüsusiyyətləri müvafiq qaydada kodlaşdırılıb və şifrələnib. Həmçinin, üzüm sortlarında genetik əlamətlərin və irsi dəyişkənlik xüsusiyyətlərin kod və şifrələrinin başa düşülməsi üçün azəri türkü, ingilis və rus dillərində cədvəl şəklində açarları hazırlanıb. Bu açarlardan istifadə etməklə ayrı-ayrı millətlərə, xalqlara məxsus olan hər bir üzümçülüklə məşğul olan kənd təssərrüfat işçiləri, fermerlər, iş adamları ayrı-ayrı ölkələrdə mövcud olan üzüm sortlarının tam ampeloqrafik təsviri, aqrobioloji keyfiyyətləri, kimyəvi-texnoloji xüsusiyyətləri haqqında, xüsusilə sort seçiminin düzgün aparılmasında elmi məlumatlar əldə edər, öz təsərrüfat fəaliyyətlərində istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasında ilk dəfə olaraq 270-dən artıq aborigen və introduksiya olunmuş, həmçinin yeni yaradılmış üzüm sortları rəqəmsal ampeloqrafiya üsuluna müvafiq olaraq əsas genetik əlamətləri, irsi dəyişkənlik xüsusiyyətləri kodlaşdırılıb və şifrələnib. Həmçinin, genofondda becərilən kişmişi, süfrə, universal və texniki istiqamətli sortların elektron kataloqlaşdırılması, mövcud sortların hansı dövlətə, xalqa, bölgəyə, həmçinin sistematik baxımdan hansı fəsiləyə, cinsə, növə məxsus olmasını müəyyənləşdirmək məqsədilə üzüm sortları müvafiq şifrə və kodlarla ifadə olunub. Qeyd edək ki, rəqəmsal ampeloqrafiya sahəsinin bu kimi metodikalarından istifadə olunmaqla “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Azərbaycan ampeloqrafiyası” (II cilddə), fundamental monoqrafiyaları hazırlanıb.
Rəqəmsal ampeloqrafiya sahəsinin müvafiq metodikalarından istifadə olunması dünyada üzümçülük geniş yayılan dövlətlərdə, elmi-tədqiqat seleksiya mərkəzlərində hər bir ölkəyə, bölgəyə, millətə, xalqa məxsus olan üzüm sortlarının əsas genetik əlamətlərinin və irsi dəyişkənlik xüsusiyyətlərinin, həmçinin adlarının kod və şifrələnməsi dünya miqyasında üzümçülük üzrə elmi və praktiki əlaqələrin inkişafında, məqsədyönlü introduksiya işlərində, ayrı-ayrı sortlardan səmərəli istifadə olunmasında, elmi əlaqələrin genişləndirilməsində, üzüm sortları üzrə beynəlxalq elektron informasiya bazasının yaradılmasında, ayrı-ayrı millətlərə, xalqlara məxsus olan dil probleminin aradan qaldırılmasında və nəticə etibarı ilə beynəlxalq miqyasda üzümçülüyün genişləndirilməsində mühüm rol oynayacaqdır. Üzüm sotlarının əsas genetik əlamətlərinin və irsi dəyişkənlik xüsusiyyətlərinin ümumi qəbul edilmiş kod və şifrələrlə rəqəmsal ampeloqrafik təsvirlərinin aparılması və açarlardan istifadə olunmaqla bütün xalqların oxunub başa düşülməsi sayəsində rəqəmsal qaydada çox yığcam şəkildə dünyada mövcud olan üzüm sortlarının ampelo-deskriptor təsvirlərinin hazırlanmasına və bu kimi elmi-praktiki məlumatlardan hər bir xalqa, millətə məxsus olan şəxslərin tərcümə olunmadan məqsədyönlü şəkildə istifadə edilməsinə şərait yaradar.
Düşünürük ki, rəqəmsal ampeloqrafiya dünyada ampeloqrafik tədqiqatçıların səylərinin birləşdirilməsində, dövlətlərarası elmi əlaqələrin genişlənməsinə, çox yığcam formada yeni rəqəmsal kitabların nəşrinə rəvac verəcəkdir.
Varis Quliyev
Aqrar elmləri doktoru, dosent