NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunda 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək qeyd edib ki, hesabat dövründə əhalisinin 50 mini ötdüyü Ordubad rayonunda da tikinti quruculuq işləri davam etdirilib. Belə ki, bu ilin yarımilində Vənənd kəndində müasir infrastruktur yaradılıb, Dəstə radio-televiziya ötürücü stansiyası, Darkənd Su Dəyirmanı istifadəyə verilib. Hazırda Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, suvarma suyu xəttinin çəkilişində son tamamlanma işləri görülür. Ordubad Su Elektrik Stansiyası və Tivi Su Elektrik stansiyası tikilir. Ordubad şəhərdaxili yollar təmir olunur. Ordubad-Culfa magistral yolu da yekunlaşmaq üzrədir. Kotam kənd yolu əsaslı şəkildə yenidən qurulur. Ordubad şəhərində 558 yerlik 1 nömrəli tam orta məktəb, Nünüs kəndində 414 şagird yerlik yeni məktəb binaları yenidən qurulur. Nüsnüs və Yuxarı Əndəmic kəndlərində kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi tikilir. Ordubad şəhərində 28 mənzilli yeni yaşayış binasının, Bayraq Meydanının, stadionun tikintisi, “Cümə” məscidinin təmiri davam etdirilir. Həmçinin Uşaq Xəstəxanası üçün binada yenidənqurma işləri tamamlanmaq üzrədir.
İcra başçısı qeyd edib ki, son illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona 167 texnika gətirilib. 2020-ci ilin müvafiq dövründə isə lizinq yolu ilə vətəndaşlara 13 texnika satılıb. 1 iyul 2020-ci il tarixədək 1994 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahəsindın 3823 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 28,6 sentner olub. Elşad Məmmədov digər sahələrdə görülən işlərdən də danışıb.
İcra başçısı qeyd edib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verib. Tapşırıqlara əsasən ilin ikinci yarısında da sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulan vəzifələr vaxtında icra olunmalıdır.
Röyal Kərimov