Ordubad təbiətinin inciləri-şəlalələr - FOTOLAR
“Təbiət ana qucağıdır” ifadəsini əbəs yerə işlətməyiblər. Çünki orada gözəllik də var, rahatlıq da, dinclik də. Bəlkə də elə buna görə insan işdən-gücdən yorulan kimi təbiətin qoynunda olmaq, orada dinclik tapmaq istəyir. Ağac kölgəsi, bulaq şırıltısı, çay zümzüməsi, göy çəmənlər, gül-çiçəklər ruha sakitlik və xoş duyğular bəxş edir. Təbiətin varlığı, onun bütün gözəllikləri yer üzünün əşrəfi sayılan insan üçündür. Yer üzündə nə qədər gözəlliklər varsa, ulu tanrı bunları Ordubad torpağına bəxş etməkdə xəsislik etməyib. Hər qarışı füsunkar, cənnətməkan olan Ordubadın təbiət gözəllikləri yay fəslində daha çox hiss olunur. Uca dağları, şiş qayaları, çayları, gölləri, şəlalələri bura yolu düşənləri ovsunlayır. Rayonun ucqar kəndləri olan Tivi, Bist, Xurs, Ələhi, Parağa, Unus və Pəzməri kəndləri isə adı çəkilən gözəlliklər seyrəngahıdır desək, yəqin ki, yanılmarıq.
İnsana sanki bir nağıl təsiri bağışlayan, uca dağlar qoynunda yerləşən Unus kəndinin havası təmiz, təbiəti füsunkardır. Kənddən axan Gərdəni çayı, baldırğanlı dərələr, istirahət məkanları, bir də şəlalələri turizm potensialından xəbər verir. Kənd sakinləri son illər bu sahədən də gəlir götürə bilirlər. Belə ki, bura gələn qonaqlar həm kənd evlərində qalır, həm də sakinlərin hazırladıqları təbii məhsullardan alıb aparırlar. Tez-tez bu gözəllikləri görmək üçün muxtar respublikamızın başqa bölgələrindən bu yerlərə turlar təşkil olunur. İsti yay günlərində belə turların birinə mən də qoşuluram. Culfa-Ordubad magistral yolundan sola qıvrılan avtomobil Ordubadın bu istiqamətdəki neçə-neçə kəndini keçdikdən sonra Unus kəndinə çatır. Yayın isti günlərində səhərlər günəşi buralarda qarşılamaq, kəndin ortasından axan çayın kənarındakı şehə-suya bələnmiş otların, çiçəklərin ətrini duymaq və çay boyunca yerimək ruha sığal çəkir.
“Un”, “su”- bolluq, bərəkət mənasını verən Unus kəndinin yuxarısında “Çimənək” piri yerləşir. Ziyarətgahın olduğu ərazi həm də yaz-yay aylarında insanların istirahət yeridir. Yerli sakinlər tərəfindən burada müəyyən istirahət guşələri yaradılıb. “Çimənək” pirini ziyarətə gələn insanlar mütləq bir qədər aralıda yerləşən şəlaləyə də baş çəkir, bu təbiət möcüzəsinə tamaşa edirlər.
Unus kəndinin bir addımlığında yerləşən Pəzməri kəndi də eyni adlı şəlaləsi ilə ölkə miqyasında tanınan yaşayış məntəqəsidir. Bu kəndin adı, füsunkar təbiət gözəllikləri haqqında çox eşitsəm də, yolum buralara ilk dəfə düşürdü. Kənddən üzü dağlara sarı yol alanda qeyri – adi təbiət gözəllikləri ilə qarşılaşdıq. Uzaqdan baxanda hər bucaqda bir şəlalə gözə dəyirdi. Coşqun axan dağ çayları yüksəkliklərdən tökülərək bu təbiət incilərini yaradıb. Qar və bulaq suları ilə qidalanan Ayıçınqıllı çayının Vənənd çayına töküldüyü yerdə yaranan Pəzməri şəlaləsi uzaqdan peşəkar bir rəssamın yağlı boya ilə işlədiyi rəsm əsərini xatırladır. Dəniz səviyyəsindən 2161 metr yüksəklikdə yerləşən Pəzməri şəlaləsi Naxçıvan Muxtar Respublikasındakı ən böyük və bolsulu şəlalədir. Yaxın, uzaq ellərdən insanları yaz-yay aylarında Pəzməri kəndinə gətirən təkcə kəndin sərin havası, gözəl təbiəti deyil, eyni zamanda bu füsunkar abidədir. Dağlarda çağlayan neçə-neçə bulaqdan su alan, 25 m yüksəklikdən tökülən Pəzməri şəlaləsinə çatmaq bir qədər çətin olsa da, bu əziyyətə qatlaşıb şəlalənin yanına getməyə dəyər. Şəlalə Pəzməri kəndindən 4-5 km aralıda yerləşir. Daşlı, qayalı dağlardan bir qədər aşağı endikcə şəlalənin səsi eşidilir və biz bu təbiət gözəlliyini görməyə tələsirdik... Dərəyə endikdə isə ağ gəlin libasına bürünən bu gözəllik qarşısında heyrətimizi gizlədə bilmədik. Cənnət dedikləri bu ola gərək... Ətrafa çilənən su damcıları yağış damlalarını xatırladır. Lakin bu yağış damlaları səmadan deyil, bir qayadan, bir təbiət incisindən ətrafa çilənir. Haylı-küylü bu təbiət incisinin səsi gözəl bir nəğmədir. Sanki sözsüz bir mahnı oxuyur, bu mahnının musiqisini isə tanrı özü bəstələyib. Qeyri-adi, bir qədər də təlatümlü olan bu səs insan ruhuna sakitlik bəxş edir, mənfi emosiyaları uzaqlaşdırır. Özünü qayalardan atan, görkəmindən ətrafa inci səpələyən şəlalə ölkəmizin hər yerində, habelə dünyada tanınır. Yaz, yay aylarında yamyaşıl təbiət qoynunda ətrafa bəxş etdiyi sərinlik, soyuq qış aylarında isə buz bağlayan görkəmi ilə insanları heyrətləndirən şəlaləni görməyə gələnlər onun altında, sərt qayaların, daşların əhatəsində fotoşəkillər çəkdirir, yaşadıqları anı ölümsüzləşdirirlər.
Pəzməri şəlaləsindən bir qədər yuxarıda-Qaplançayın üzərində eyniadlı daha bir şəlalə var. Ensiz dağ yolu ilə bu şəlaləyə qalxmaq insana xüsusi zövq verir. Qaplançay şəlaləsi o qədər də hündür deyil. Pilləvari görünüşü ilə diqqət çəkən şəlalənin başı isti yay aylarında həmişə qonaq-qaralı olur. Bu təbiət incisinin sorağına gələnlər bumbuz suyunda ayaq saxlayıb fotoşəkillər çəkdirir, şəlalənin sahilində yaradılan istirahət guşəsində dağların saf bulaq sularından dəmlənən samovar çayından içir, təbiətin füsunkar mənzərəsinin seyrinə dalırlar. Ağappaq şəlalənin gözəlliyinə tamaşa edən və onun ətrafında dincələn qonaqlar isə bura yenə qayıdacaqlar. Qayıdacaqlar ki, bu gözəllikləri bir də görsünlər. Buralardan atlarla dağları səyahətə çıxmaq, baldırğanlı dərələrdən keçmək, dağlardakı kəklikotundan yığmaq insan oğluna zövqü-səfa bəxş edir.
Bir də buralarda olanda qəribə bir duyğu insana hakim kəsilir. Bir azdan yay fəsli də sona çatacaq, sonra payız, sonra qış gələcək. Qış aylarında təbiətdəki sakitlik şəlalələrin də hüsnünə çökəcək, suları buz bağlayacaq... Amma bu hal çox çəkməyəcək. Sonra yenə bahar gələcək, günəşin isti şəfəqləri buz bağlamış şəlalələrin də donunu açacaq. Beləcə, bu füsunkar təbiət gözəllikləri də ahəngini pozmayacaq, daha gur çağlayacaq.
Türkanə Əmoyeva