NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, cari ilin birinci yarımilində təhsil siyasəti uğurla davam etdirilib, universitetin bütün kampuslarında yenidənqurma və bərpa işləri aparılıb. Struktur dəyişikliklərinə əsasən Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə - Beynəxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri yaradılıb. İqtisad fakültəsi ləğv edilərək İqtisadiyyat və İdarəetmə fakültəsi yaradılıb. Universitetin maddi-texniki imkanları, müasir tədris üsulları nəzərə alınmaqla “İqtisadiyyat və idarəetmə” fakültəsinin bazasında universitetdə ilk dəfə tədrisi ingilis dilində olacaq “İqtisadiyyat” ixtisası açılıb. Universitetin rəsmi internet portalı yenidən qurularaq istifadəyə hazır vəziyyətə gətirilib.
Rektor ali təhsil müəssisələrində pandemiya ilə əlaqədar olaraq təlim-tərbiyə, tədris prosesi dayandığı dövrdən etibarən Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sisteminin müəllim və tələbələr üçün yaratdığı imkanları dəyərləndirib. Vurğulanıb ki, sistemin verdiyi imkanlar hesabına universitetdə 15000 dən artıq onlayn dərslər keçirilib. Tədris ilinin ikinci yarısında professor-müəllim heyəti və tələbələrin elektron məlumat bazası yaradılıb, ilk dəfə olaraq tələbələrin elektron qiymətləndirilməsi həyata keçirilib. Elbrus İsayev diqqətə çatdırıb ki, hesabat dövrü ərzində ali təhsil ocağı beynəlxalq əlaqələrini daha da genişləndirib, bu sahədə bir sıra uğurlara imza atıb. Universitetdə Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Dünyanın 9 ölkəsindən 787 əcnəbi tələbənin təhsil aldığı universitet əcnəbi tələbələrin sayca üstünlüyü ilə seçilən ali təhsil ocağı imicini qoruyub. Muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə bir aylıq ərzaq yardımının təqdim olunması, Ramazan bayramı münasibətilə iftar payı verilməsi, maddi yardım almaq üçün elektron kartların təqdim edilməsi onlara maddi və mənəvi dəstəyin ən bariz ifadəsidir. Rektor qeyd edib ki, universitetdə 109 ixtisas 36 təşkilata hamiliyə verilib. Ali təhsil ocağında gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün “İnnovasiya mərkəzi” yaradılıb və startap layihələrin sayı daha da artıb. Hazırda 10-dan çox startap layihəsi üzərində iş aparılır.
Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran rektor Elbrus İsayev təhsildə innovasiyaların tətbiqi, ikili diplom layihələri, ali təhsil ocağının beynəlxalq reytinq cədvəllərində irəliləməsi istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.
Naxçıvan Dövlət Universiteti mətbuat xidməti