NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 6 ayın yekunları ilə bağlı keçirilən kollegiya iclasında Xidmətin rəisi Müslüm Cabbarzadə çıxış edib.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısında yerinə yetirilən işlərə dair məruzəsində xidmətin rəisi bildirib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Cari ilin ötən dövründə 7 mindən artıq daşınmaz əmlak obyekti plana alınıb və bununla da muxtar respublikada torpaq sahələrinin plana alınması başa çatdırılıb.
Ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması, əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər və torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının yenilənməsi işləri davam etdirilib. 80 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədi ilə Duzdağ ərazisi xəritələşdirilib, muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri nəşr olunub, aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilib. Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə nəzəri və praktiki məşğələlər keçirilib, iki tələbə ödənişli işlərə cəlb olunub.
Qeyd edilib ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublika üzrə 2787 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 2315 texniki sənəd hazırlanıb. Yeni yaranan 117 daşınmaz əmlak obyektinə ünvan verilib, 444 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Xidmətin rəisi Müslüm Cabbarzadə qeyd edib ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında torpaqların elektron uçotunun aparılması, xəritələşdirilməsi və mühafizəsinin təşkili ilə bağlı qarşıya qoyulmuş vəzifələr yüksək səviyyədə icra ediləcəkdir.
Məruzə ətrafında çıxışlar dinlənilib, slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Ərhan Novruzov