Avstraliyadakı meşə yanğınları təxminən üç milyard heyvanın tələf olmasına və yerini dəyişməsinə səbəb olub
2019-cu ildə və 2020-cu ilin əvvəlində Avstraliyada baş vermiş dağıdıcı meşə yanğınları vəhşi təbiət üçün ən dəhşətli fəlakətlərdən birinə çevrilib.
NUHÇIXAN İnformasiya Agentliyi “nat-geo.ru” saytına istinadla xəbər verir ki, yeni hesabata görə, Avstraliyada meşə yanğınları təxminən üç milyard heyvanın tələf olmasına və ya məcburi köçməsinə səbəb olub. Yanğınlardan 2,46 milyard sürünən, 180 milyon quş, 143 milyon məməli və 51 milyon qurbağa zərər çəkib. Çox güman ki, alovdan qaça bilən heyvanlar da məhv olub. Çünki bu yanğın onların qida mənbələrini məhv edib.
Nəsli kəsilmək təhlükəsi altında olan 100 növ yerli bitki və heyvanat aləminin yaşayış sahələri iki dəfə azalıb.
Bundan əvvəl yanğınlardan daha çox zərər çəkmiş şərqi Yeni Cənubi Uels və Viktoriya ştatlarında bir milyard heyvanın tələf olması barədə məlumat verilib.
2019-cu ilin sonlarında və 2020-ci ilin əvvəllərində baş vermiş yanğınlar bütün Avstraliya üzrə 115 kvadrat kilometrdən çox meşə və kolluq ərazini məhv edib. Yanğınlar nəticəsində 30 nəfər ölüb, minlərlə ev dağılıb.
“Bu, müasir Avstraliya tarixində ən uzun sürən yanğın idi. Alimlər bunun baş verməsini iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Qlobal istiləşmə Avstraliyanın yayını uzadaraq onu daha təhlükəli edib”, - deyə “Al Jazeera” xəbər verir.
Son vaxtlar aparılan hesablamalara görə, Avstraliyada yanğınların baş verdiyi ərazilərdə heyvanların sayı 10 dəfə azalıb.