2020-ci ilin birinci yarısında həyata keçirilən irimiqyaslı layihələr və uğurla icra olunan dövlət proqramları Kəngərli rayonunun hərtərəfli inkişafında əhəmiyyətli rol oynayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-ci ilin birinci yarısında Kəngərli rayonunun sosial-iqtisadi inkişafının yekunlarından danışan Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov belə deyib.
İçra başçısı bildirib ki, cari ilin ötən dövründə “Naxçıvanbank” ASC-nin Kəngərli rayon filialı və Şahtaxtı kəndində Şərq hamamı əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda Rabitə Evinin tikintisi, rayon mərkəzində və ətraf kəndlərdə yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması, Böyükdüz kəndi ərazisində 800 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin çəkilişi, Qabıllı kəndində süni örtüklü futbol meydançasının, Qıvraq qəsəbə, Çalxanqala, Şahtaxtı, Qarabağlar, Böyükdüz və Xok kəndlərində mərasim evlərinin tikintisi davam etdirilib. Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Kamal Ələkbərov vurğulayıb ki, 2020-ci ilin 6 ayı ərzində yaşıllaşdırma tədbirləri uğurla davam etdirilib, 3 hektar sahədə meşəsalma, 3.3 hektar sahədə meşəbərpa işləri aparılıb, yaşıllıq sahələrində aqrotexniki tədbirlər görülüb.
Ötən dövrdə gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər zamanı Qıvraq qəsəbəsində tikilmiş yeni 48 mənzilli yaşayış binasından 3 mənzil müharibə veteranı ailələsinə, 10 mənzil isə gənc ailələrə ipoteka krediti ilə verilib. Tədris ilində rayonun ümumtəhsil məktəblərinin şagirdləri də bir çox uğurlar qazanıb.
İcra başçısı vurğulayıb ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qeyd olunduğu kimi İcra hakimiyyəti və digər dövlət orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır.
Kamal Ələkbərov bu vəzifələrin yerinə yetirilməsi üçün rayonda fəaliyyət göstərən idarə və təşkilatlara müvafiq tapşırıqlar verib.
Məruzə ətrafında çıxışlar dinlənilib, 6 ay ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər diqqətə çatdırılıb, növbəti yarım il üçün fəaliyyət proqramı qəbul edilib.
Ərhan Novruzov