Muxtar respublikada stasionar telefon şəbəkəsinin tamamilə Yeni Nəsil Telekommunikasiya sisteminə keçirilməsi başa çatdırılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2020-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda məruzə edən nazir Vüsal Sevdimalıyev səsləndirib.

Nazir bildirib ki, “Naxtel” mobil rabitə şəbəkəsinin  abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində işlər davam etdirilib. Ordubad rayonunun Vənənd kəndində yeni  Rabitə Evi istifadəyə verilib. Culfa rayonunda 568 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası qurulub. İstifadəyə verilən Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evində Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Culfa Rayon filialının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb, Kəngərli rayonunda Rabitə Evinin tikintisi  davam etdirilib, Naxçıvan şəhərində 656 nömrə tutumlu, Şərur rayonunun yeni istifadəyə verilən Muğancıq-Mehrab kənd Rabitə Evində 192 nömrə tutumlu, Məmmədsabir kəndində isə 256 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyaları  qurulub. İlin birinci yarısında muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının  nömrə tutumları  artırılıb,  ümumilikdə 1294 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib.

Bildirilib ki,  Naxçıvan Muxtar Respublikasında yeni təşkil olunan taksi xidməti üçün  proqram təminatı yazılıb,  üç rəqəmli 288 prefiks ayrılıb və mərkəzi serverə qoşulub.

Naxçıvan Muxtar Respublikasının ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi işinin davam etdirilməsi məqsədilə “Evədək optika” layihəsi çərçivəsində 15 mənzilə fiber-optik xətt  çəkilib, zəruri avadanlıqlar  quraşdırılıb.  Bir sıra qurumlara, yaşayış binalarına, kənd  mərkəzlərinə  fiber-optik xətt  çəkilişi həyata keçirilib. Qeyd olunub ki, 2020-ci ilin birinci yarısında  5876  abonent internetlə təmin olunub. 

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi işini 2020-ci il iyulun 21-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya  qoyulan  tapşırıqların icrasınına yönəldəcək. Belə ki, rabitə sahəsində yeni texnologiyaları tətbiq etməklə rabitə və internet xidmətlərinin keyfiyyətini yüksəldilməsinə, maddi-texniki bazanı gücləndirilməsinə, ixtisaslı kadr hazırlığının davam etdirilməsinə, işə tələbkarlığın artırilmasına, nizam-intizama yüksək səviyyədə əməl olunmasına və muxtar respublikada əhalinin keyfiyyətli rabitə və internet xidmətləri  ilə təmin  olunmasına çalışacaqdır.      

Sonra məruzə ətrafında  aidiyyatı qurumların məsul şəxslərinin çıxışları dinlənilib, kollegiyanın qərar layihəsi təsdiq olunub.

                                 Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: