Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

A- A A+

Niyyət və əməl bir-birini tamamlayan ruh və bədən kimidir. Namazı fiziki hərəkətdən, orucu ac və susuz qalmaqdan, Həcc ziyarətini səyahətdən ayıran niyyətdir. Hər işin əvvəli, qul olmağın sirri, Allahın razılığını qazanma arzusudur. İmanın, ibadətin, gözəl davranışın qəbulu saf niyyət və səmimiyyətə bağlıdır. Mömin imanında səmimi olandır. Onun iman lütfünə ləyaqət dərəcəsini ölçən meyar isə imtahandır.

“Xəlilullah” yəni “Allahın dostu” İbrahim peyğəmbərin ibrət dolu həyatı  səmimiyyət və məhəbbətə ən gözəl nümunədir. Allah onu özünə xəlil qərar verdikdə, mələklər bu dostluğa mane olacaq üç məqamı dilə gətirərək onun canı, malı və övladı var. O, necə bunlardan keçərək sənin dostun olacaq dedilər. Allah insanın nəfsi ilə mübarizədə ən çox çətinlik çəkdiyi bu üç məqamda onu imtahan etməklə dostluğunun dəlili olan sarsılmaz təvəkkül və fədakarlığını mələklərə seyr etdirdi.

Əvvəlcə o malı və mülkü ilə imtahan olundu. İnsan surətindəki mələyin bu saya-hesaba gəlməyəcək sürülərin sahibi kimdir sualına, Rəbbimindir, onu zikr et, sənə bağışlayım cavabını verdi. Allah onun həm nəslinə, həm də malına və mülkünə bərəkət ehsan etdi. Özü “Əbül-ənbiya”, peyğəmbərlər atası oldu, bərəkətlənən hər şeyə isə onun xatirəsi olaraq “Xəlil İbrahim bərəkəti” deyilməsi bir zərbi-məsələ çevrildi. Oda atılaraq imtahan olunduqda bütpərəstliyə qarşı tövhid inancını qorumaq üçün yanaraq canını fəda etməyə razı oldu. Ənbiya surəsinin 69-cu ayəsində buyurulur: “Ey atəş!  İbrahimə qarşı sərin və zərərsiz ol! - dedik”. Od gülüstana döndü. Səksən altı yaşında qisməti olmuş oğlu İsmayılı qurban etməklə imtahan olunduqda ata və oğul hər ikisi İlahi əmrə təslim oldu. Biri oğlunu qurban etməyə, digəri atası tərəfindən qurban edilməyə gedərkən itaət və sədaqətlərini pozmağa çalışan şeytanı birlikdə daşladılar. Beləliklə o, hər imtahanda Allaha itaətdə olduğunu izhar etməklə qəlbində ilahi məhəbbət və dostluq taxtını inşa etdi. Bu, üstün məhəbbət və sədaqəti sayəsində Allah onu özünə xəlil (dost) qərar verdi.

Allahın İbrahim peyğəmbərə oğlunu qurban kəsməyi əmr etməsi həm də onun ailəsinin sınağı oldu. Onunla birlikdə ailə üzvləri də hər bir ailə üçün nümunə ola biləcək güclü iman və fədakarlıq göstərdilər. Öz sevimli oğlunun Allah yolunda qurban kəsilməsinə razı olan Hacərin bir ana kimi övladından keçməsi o zamana qədər görünməmiş misilsiz bir qadın fədakarlığı idi.

Beləliklə, Qurban bayramı - ata, ana və övladın, Ali-İbrahim olaraq hər namazda salam oxunan o dəyərli ailə fərdlərinin fədakarlıq imtahanını uğurla keçməsinin adıdır. Məhz həmin gün ata-oğul, bu iki peyğəmbərin sonrakı ümmətlərə xatirəsi olaraq insanın ağır sınaqdan keçməsi və ilahi mərhəmətin bəxş edilməsini Qurban bayramı kimi qeyd edirik. Möminlər hər Qurban bayramında İbrahim əleyhissalam ilə oğlu İsmayılın Haqqın buyuruğuna mütləq itaət məqamında verdikləri uğurlu imtahanın xatirəsini təzələyir və özlərinin də buna bənzər itaətə hazır olduqlarını bu simvolik davranışla göstərmiş olurlar. Qurban bayramı bütün müsəlman dünyasında hər il əsl təntənəyə çevrilir, birlik, həmrəylik, xeyirxahlıq duyğuları aşılayır. Müsəlmanlar bir-birinə daha yaxın, daha mehriban olurlar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanıb, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı, müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanıbdır.

İslam mədəniyyətinin formalaşması və inkişafında özünəməxsus yeri olan doğma yurdumuz Naxçıvanda dini dəyərlərimizə dövlət qayğısının, ehtiramın bir ifadəsi də dini mərasimlərin yüksək səviyyədə keçirilməsidir. Hər il Məhəmməd Peyğəmbərin mövludu günü, müqəddəs Ramazan və Qurban bayramları muxtar respublikada təntənəli şəkildə qeyd olunur. Bugün sabitlik, sülh və əmin amanlıq şəraitində yaşayan hər bir ailədə, hər bir evdə müqəddəs bayramlar qeyd olunur, bayram süfrələri açılır. Qurban bayramı günlərində sosial qayğıya ehtiyacı olan ailələrin yad olunması, onlara bayram sovqatlarının verilməsi dinimizə olan böyük ehtiramın daha bir ifadəsidir.

Qəlbləri ilahi hikmətlə nurlandıran Qurban bayramı həmrəylik, mərhəmət,  xeyirxahlıq duyğuları aşılayır, nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah ibadət və dualarınızı qəbul etsin. Qurban bayramınız mübarək olsun!

                                                                                   

                                                                       Orxan Məhərrəmov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: