B qrupu vitaminləri infeksiyanın qarşısını alaraq immun sistemini möhkəmləndirir. Ona görə pandemiya zamanı onları kifayət qədər qəbul etmək xüsusən vacibdir. B vitamini ilə zəngin qidaları gündəlik rasiona daxil etməklə, koronavirus təhlükəsinə baxmayaraq, sağlamlığı qorumaq şansını artırmaq mümkündür.
Orqanizmin yeni növ koronavirus infeksiyasına və digər virus hücumlarına qarşı davamlı olmasını təmin etmək üçün ən yaxşı yollardan biri immun sistemini gücləndirən qida qəbuludur. Koronavirus əleyhinə dərmanların olmaması baxımından bu üsul hələlik pandemiya zamanı infeksiyanın qarşısının alınmasında yeganə üsul olaraq qalır.
NUHÇIXAN İnformasiya Agentliyi “Medikforum” informasiya portalına istinadla xəbər verir ki, bu günlərdə Hindistanın Qida Təhlükəsizliyi və Standartlaşdırma İdarəsi (FSSAI) sinir sisteminin və immunitetin sağlam fəaliyyətinin təmini üçün vitaminlərlə zəngin məhsullardan istifadə etməyi rəsmən tövsiyə edib.
B kompleksinə tiamin (B1), riboflavin (B2), niasin (B3), pantoten turşusu (B5), piridoksin (B6), biotin (B7), fol turşusu və ya folat (B9), kobalamin (B12) daxildir. Mütəxəssislər pandemiya zamanı orqanizmin nəyə görə onlara ehtiyacı olduğunu izah ediblər.
Qeyd olunan vitamin kompleksi qırmızı qan hüceyrələrinin (eritrositlərin) yaranmasını təmin edir, beyinin və sinirlərin normal işləməsinə imkan yaradır, enerji səviyyəsini artırır, ürək-damar sistemini möhkəmləndirir, həzmi yaxşılaşdırır, əzələləri yaxşı vəziyyətdə saxlayır, hormonların və xolesterinin sintezini normallaşdırır.
B qrupundan olan vitaminlərin çatışmaması anemiyaya, infeksiyalara, mədə-bağırsaq traktı, dəri, periferik neyropatiya ilə bağlı problemlərə meyilliliyi artırır. Bu vitaminlər hamilə və südverən analar üçün daha vacib sayılır. Belə ki, onlar beyinin inkişafına kömək etməklə yanaşı, uşaqlarda doğuş qüsurları riskini azaldır.
B vitaminlərini əldə etmək üçün qida mənbələri aşağıdakılardır:
Göy-göyərti və yaşıl yarpaqlı tərəvəzlər folatın ən mühüm mənbələrindən biridir. Yumurta saçın, dərinin və dırnaqların yaxşı vəziyyətdə olmasını hərtərəfli təmin edən biotindir. Paxlalı bitkilər böyük miqdarda fol turşusu ilə yanaşı, tiamindən, riboflavindən, pantoten turşusundan, piridoksindən (daha orta dozalarda) ibarətdir. Qoz B qrupu vitaminləri ilə birlikdə orqanizmi mis, fosfor, manqan, E və D vitaminləri ilə təmin edir.
Qızılbalıqlar fəsiləsindən olan balıqların tərkibində çoxlu omeqa-3 yağ turşuları, riboflavin, niasin, piridoksin və kobalamin də daxil olmaqla bir neçə növ digər vitaminlər var.