Naxçıvanın kondisionersiz kəndləri - FOTOLAR
Son günlərdə havalar o qədər isti keçir ki, hamımız kondisioneri işə salıb evdə oturmaq istəyirik. Nəinki harasa getmək, çoxumuz çölə addımımızı belə atmaq istəmirik.
Bəli, bu gün şəhərdə demək olar ki, bütün evlərdə kondisioner varsa, bundan fərqli olaraq dağ kəndlərimizdə çox az evdə bu sərinlədici cihaza rast gəlmək olar. Heç də bu sözlərim kəndlərin müasirlikdən kənar qalması kimi başa düşülməsin.
Əslində ucqar kəndlərdə qohum-əqrəbası olmayan, oralara bircə dəfə də olsa ayağı dəyməyən çox az adam tapmaq olar. Amma olsun, biz gedib-görməyənlər üçün məlumat verək.
Deməli, qəzetdə, televiziyada tez-tez rastlaşdığınız “müasirliyə qovuşan dağ kəndlərimiz” ifadəsi heç də söz olsun deyə işlədilmir. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində də insanlar müasir həyat tərzi yaşayır. Belə ki, bu kəndlərin sakinləri rahat asfalt yol, daimi qaz və işıqla, daimi simli və simsiz internetlə, içməli su ilə təmin olunublar, ən müasir infrastrukturlar, məktəb və tibb məntəqələri onların xidmətindədir. Elə evlərinin quruluşu da şəhərtiplidir. Qısaca, mərkəzdən bir az uzaq yaşamaqları o demək deyil ki, onlar müasirlikdən də kənarda qalıblar. Bəs onda niyə evlərində kondisioner yoxdur? Cavab çox sadədir: Çünki ona ehtiyacları yoxdur.
Hə, gündəlik qidalanmalaqlarını da nəzərdən keçirsək görərik ki, hər işdə təbiiliyə meyl edən ucqar kənd sakinləri bu məsələdə də ənənəyə sadiq qalırlar. Təbii kərə, pendir, süd, hətta təbii sərinlik. Burada yaşayanlar uzunömürlülüklərinin sirrini də məhz bunda görürlər-sağlam qidalanma, sağlam həyat tərzi.
Bəzi texnoloji vasitələr çox zaman köməyimizə çatsa belə, onların zərərli tərəfləri də hamımıza məlumdur. Gözəl təbiət, gözoxşayan mənzərə, sərin hava, buz kimi bulaqlar. Belə yerlərdə kondisionerə nə gərək var ki? İsti olmayan yerdə onunla niyə mübarizə aparmaq üçün qurğu alınsın ki? Tanrının möcüzəsimi desəm, yoxsa hədiyyəsimi, qərar verə bilmədim. Amma, fərq etməz, hər nədirsə, bizim üçündür.
Yay aylarında hər kəsin əsl probleminə çevrilən hünü, ditdili, mığmığa, ağcaqanad, xərbeçə və bu kimi qansoran həşəratlar da bu yerlərin sərinliyində gözə dəymir. Bu sarıdan da dağ kəndlərində tam arxayınlıqdır.
Şahbuzun Kükü, Keçili, Biçənək, Ağbulaq, Ordubadın Unus, Pəzməri, Dırnıs, Ələhi, Culfanın Ləkətağ, Boyəhməd, Teyvaz, Şərurun Şahbulaq, Havuş, Babəkin Gərməçataq, Yuxarı və Aşağı Buzqov kimi kəndləri bu sırada yer alır. Şəhərdə temperatur 40-45 dərəcəni göstərəndə burda 25-30 dərəcə sərinlik olur. Axşamlar temperatur daha da aşağı düşür. Yay vaxtı təbii iqlim şəraitində istirahət etmək üçün ən yaxşı məkanlardır bu yerlər. Bu kəndlərdə istənilən qonağa, turistə ev də tapılar. Artıq təbiətin onlara verdiyi bu ərməğanı gözəl başa düşən kənd adamları onları qəbul etməyə də hazırdırlar.
İndi bu kəndlərdə ucuz qiymətə - günü 20-30 manata evlər kirayə verilir. Hər kəs bu xidmətdən istifadə edə bilər. Arzulayanlar muxtar respublikada fəaliyyət göstərən turizm agentlikləri, yaxud da Naxçıvan Turizm İnformasiya Mərkəzinə müraciət edərək bu kəndlər və kirayə evlər haqqında məlumat əldə edə bilər. İsti yay aylarında əgər iş şəraitimiz də imkan verirsə, mütləq muxtar respublikanın dəniz səviyyəsindən 1500-2000 metr yüksəkdə yerləşən kəndlərinə üz tutmalıyıq. Bu kəndlərdə qışda iki yorğana bürünüb yatırlarsa, yay gecəsində isə üstünə örtməyə mütləq bir yorğan axtarmalısan. Uzun sözün qısası, fikrimcə şəhərdə hər ay kondisionerin işlətdiyi enerjiyə görə 80-100 manat pul ödəməkdənsə, kənddə təmiz və sərin havada dincəlmək daha əladı. Kondisionersiz və səs-küysüz kənd həyatını özünüzdən uzaq tutmayın...
Fatma Babayeva