Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ay ərzində yerli hava xətləri ilə 58 mindən artıq sərnişin daşınıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib.

Keçirilən iclasda Hava limanının direktoru Mənşur Gülməmmədli bildirib ki, bu ilin 6 ayı ərzində nəqliyyat sisteminin inkişafı, xüsusilə aviasiya sahəsindəki islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər gələcək perspektiv planlar üçün zəmin yaradıb. Hava limanı üçün vacib və səmərəli layihələrdən biri bu ilin əvvəllərində istismara verilən köhnə asfalt örtüklü uçuş-enmə zolağının yenidən qurulması olub. Uçuş-enmə zolağının uzunluğu 3300, eni 60 metrdir. Təhlükəsizliyin təmin olunması üçün zolaqda Perimetrboyu termal videomüşahidə, quşlardan mühafizə sistemləri quraşdırılıb və mühafizə postu binası tikilib.

Direktor qeyd edib ki, Hava Gəmilərinə Texniki Xidmət sahəsi, Yanğın Təhlükəsizliyi və Qəza Xilasetmə komandası, Texnoloji Avadanlıqların İstismarı və Təmiri sahəsi, Xüsusi Avtonəqliyyat xidmətlərinin maddi texniki bazası gücləndirilib, həmin xidmətlərə ən müasir tipli texnikalar verilib. Xüsusi avtonəqliyyat xidmətinə 1 “Man” markalı təyyarəyə yanacaq vuran maşın və şassi üzərində “Paksan” markalı teleskopik platforma alınıb.

Hava Limanı ərazisində yerləşən bütün sahələrdə  yanğın siqnal sisteminə texniki xidmət  göstərilib. Aerodrom ərazisində təmir bərpa işləri davam etdirilib. Bu ilin ötən dövründə sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək və  qeydiyyat sisteminin avtomatlaşdırılması üçün əvvəlki bilet satışı və qeydiyyat sistemi daha müasir “Videcom” sistemi ilə əvəz edilib.

Sərnişin daşımalarda ilk altı ay ərzində yerli hava xətləri ilə 58 min 249 sərnişin, 833 min kq baqaj,  290  min 700 kq yük, 16 min 300 kq poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan–İstanbul istiqamətində 512 sərnişin, 6 min 850 kq baqaj, Naxçıvan-Moskva istiqamətində 590 sərnişin, 17 min kq baqaj daşınıb.

Pandemiya ilə mübarizə dövründə sərnişinlərin və işçi personalın təhlükəsizliyini təmin etmək məqsədilə hava limanında mütəmadi olaraq dezinfeksiya işləri aparılıb, aerovağzal kompleksinin girişinə sərnişinlərin hərarətini ölçən termal kamera quraşdırılıb.

Sonra məruzə ətrafında xidmət və sahə rəisləri çıxış edərək bu ilin ötən dövründə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar məlumat veriblər.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: