BMT-nin Baş katibi pandemiya şəraitində qlobal təhsilin xilas edilməsi planını açıqladı

1533

Məktəblər mümkün qədər tez - infeksiyanın yayılmasına nəzarət edilə biləcəyi andan etibarən yenidən açılmalıdır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş pandemiya dövründə təhsil məsələlərinə həsr edilmiş videomüraciətində bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin rəhbəri əsas məqsədi təhsil sahəsində pandemiyanın nəticələrinin qarşısını almaqdan ibarət olan dörd bəndlik planı açıqlayıb. O xatırladıb ki, dünya təhsil böhranı ilə hələ pandemiyadan əvvəl qarşılaşıb: müxtəlif ölkələrdə 250 milyondan çox məktəbyaşlı uşağın məktəbə getmək imkanı yox idi; inkişaf etmiş ölkələrdə orta məktəb şagirdlərinin yalnız dörddəbiri təhsilini lazımi əsas bacarıqlarla başa vururdu.

Antonio Quterreş deyib: “Hazırda biz on illər davam edən tərəqqini heçə endirməyə və dünyada kök salmış bərabərsizliyi daha da dərinləşdirməyə qadir olan böyük miqyaslı fəlakətlə üzləşirik”.

Onun sözlərinə görə, COVID-19 pandemiyası müasir tarixdə bütün dünya üzrə təhsil sistemində ən böyük iflasa səbəb oldu. İyul ayının ortalarına olan vəziyyətə görə, 160-dan çox ölkədə məktəblər bağlı olub ki, bu da bir milyarda yaxın şagirdə təsir edib. Dünyada azı 40 milyon uşağın kritik nöqteyi-nəzərdən mühüm olan məktəbəqədər ilində məktəbə getmək imkanı yox idi. Valideynlər, xüsusilə qadınlar uşaqlara qulluq edilməsi və onların ev şəraitində təhsil alması ilə əlaqədar ağır yükü öz öhdələrinə götürməyə məcbur qaldılar.

“Dərslərin radio, televiziya və internetdə aparılmasına, eləcə də müəllimlər və valideynlərin bütün səylərinə baxmayaraq, bir çox şagirdlər hələ də əlçatmazdır. Məhdud imkanlara malik olan şagirdlər, azlıqların və aztəminatlı icmaların nümayəndələri, qaçqınlar, həmçinin ucqar rayonların sakinləri təlimdə ən çox ümidsiz olaraq geri qalmaq riskinə məruz qalırlar”, - deyə A.Quterreş vurğulayıb.

Bu acınacaqlı vəziyyəti düzəltməyə səy göstərilməsi məqsədilə BMT beynəlxalq tərəfdaşları ilə birlikdə dörd mərhələdən ibarət olan və “Gələcəyimizi xilas edin” adlı kampaniyaya başlayır.

BMT rəhbərinin sözlərinə görə, birincisi, beynəlxalq birlik məktəblərin tezliklə açılmasına nail olmalıdır. Eyni zamanda, sağlamlıq üçün risklər qiymətləndirilməlidir. İkincisi, maliyyə axınlarının bölüşdürülməsi zamanı təhsil sahəsinə prioritet yanaşılmalıdır. Böhrandan əvvəl aşağı və orta gəlir səviyyəsinə malik ölkələrdə təhsilin maliyyələşdirilməsində ildə 1,5 trilyon dollar həcmində defisit var idi. Hazırda bu boşluq əhəmiyyətli dərəcədə artıb. Təhsil proqramlarının büdcələri ixtisarlardan qorunmalı və imkan daxilində artırılmalıdır. Üçüncüsü, təhsil təşəbbüslərini elə qurmaq lazımdır ki, geriləmə riskinə ən çox məruz qalanlar: fövqəladə hallar və böhranlar zonalarında yaşayan uşaqlar və yeniyetmələr, müxtəlif azlıqların nümayəndələri, habelə məcburi köçkünlər və əlillər əhatə olunsun. Dördüncüsü, təhsilin gələcəyinin artıq indi qurulduğunu başa düşmək lazımdır. İndiki nəslin pedaqoji metodlar və prinsiplər barədə yenidən düşünmək imkanı var. Biz davamlı inkişaf sahəsində qlobal məqsədlərə nail olmaq üçün hər kəs üçün keyfiyyətli təhsili təmin edən perspektiv sistemlər istiqamətində addım ata bilərik.

Antonio Quterreş vurğulayıb: “Biz dünyadakı bütün uşaqların və gənclərin gələcəyi üçün dönüş anını yaşayırıq. Hazırda ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarlar, yüz milyonlarla gəncin taleyi və dünyanın on illər üçün perspektivlərinə uzunmüddətli təsir göstəriləcək”.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: