UNEP: fasadların yaşıllaşdırılması və damların ağ rəngə boyanması qızmar günəşdən xilas olmağın yoludur
Planetimiz sürətlə istiləşməyə davam edir. Onun sakinlərinin çoxu, xüsusilə şəhərdə yaşayanlar günəşin qızmar şüalarından əziyyət çəkir və hətta istivurmadan dünyasını dəyişir. Hazırda orta gündəlik temperaturun 25 dərəcədən yuxarı olduğu yerlərdə yaşayan 2,8 milyard insanın yalnız 8 faizi kondisionerə sahibdir. Lakin onların sayının artması problemi daha da ağırlaşdıracaq.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, təşkilatın Ətraf Mühit Proqramında (UNEP) şəhərlərdə təbiətin köməyi ilə - fasadları yaşıllaşdırmaq, binaları ağ rəngli damlar və bağlarla örtməklə - havanın temperaturunu aşağı salmağı təklif edirlər.
Sərinləşdirmə, beton və asfaltın günəş enerjisini udduğu və gün batdıqdan sonra onu istilik kimi buraxdığı şəhərlər üçün xüsusilə vacibdir. Bundan əlavə, şəhərlərdə temperatur nəqliyyat vasitələrinin mühərriklərində və sənayedə işlənmiş yanacağa görə artır.
Çox vaxt rayon nə qədər kasıb olursa, sakinləri istidən daha çox əziyyət çəkirlər – onların kondisioner quraşdırmaq imkanları və sərin yaşıl məkanlara çıxışları daha azdır.
Şəhərlərdə havanı sərinlətməyin standart həlli - kondisionerlərin quraşdırılmasıdır, lakin bu, mənfi nəticələrə gətirib çıxarır. Axı, enerji sərfiyyatlı soyutma qlobal istiləşməyə səbəb olur. İstifadə edilən soyutma cihazlarının sayının 3,6 milyarddan 2050-ci ilə qədər 9,5 milyarda çatacağı gözlənilir. Kondisionerlərin hər kəsdə olacağı təqdirdə, 2050-ci ilədək sayı 14 milyarda çatacaq ki, bu da böyük miqdarda istixana qazları tullantıları deməkdir.
UNEP ekspertləri hesab edirlər ki, yaxşı layihələndirilmiş şəhərlər onların istilik və soyutma üçün istifadə etdikləri enerjinin 25 faizinə qənaət edə bilərdi. Şəhərlərin çoxunda artıq bu yanaşma fəal tətbiq edilir. Məsələn, Hindistanın Əhmədabad şəhərində əhaliyə su təchizatı və bitkilərin suvarılması sistemi quraşdırılıb. Bu şəhərdə “Sərin dam” layihəsi reallaşdırılıb. Həmin layihə çərçivəsində yeddi minə yaxın aztəminatlı ailə yaşadıqları evin damını ağ rəngə boyayıb ki, bu da günəş işığının əks olunması hesabına içəridəki temperaturu kəskin şəkildə aşağı salır. Adi günəşli yay günündə günorta vaxtı təmiz ağ dam günəş işığının 80 faizini, boz dam isə 20 faizini əks etdirir. Bu halda ağ dam boz dam ilə müqayisədə 30 dərəcə daha sərin qalacaq.
UNEP ekspertləri qeyd edirlər ki, şəhərdə istiliyin azalmasına nail olmaq üçün digər üsullar da mövcuddur. Məsələn, Melburnda meşəsalmanı artırmaq planlaşdırılır ki, bu da şəhərdə və onun ətrafında hava şəraitini yaxşılaşdıracaq, kölgə yaradacaq. Milanda temperaturun 2 dərəcə azaldılması məqsədilə 2030-cu ilə qədər 3 milyon tingin əkilməsi planlaşdırılır. Frankfurtda şəhər ətrafında yaşıl əkin sahələrlə “yaşıl qonaq otağı” platformaları quraşdırılıb. Təbiətin köməyi ilə soyutma Stokholm və Tokio şəhərlərində də tətbiq edilir.
Hazırda UNEP dünyanın ən yaxşı təşəbbüslərini özündə cəmləşdirəcək davamlı sərinlətmə üzrə tövsiyələr məcmusunun tərtib edilməsi üzərində işləyir. Proqramın nümayəndəsi Martin Otto deyib: “Bir-biri ilə əlaqəli şəkildə birləşdirilən yaşıl əkin sahələri sistemi, eləcə də fasadlar və damların yaşıllaşdırılması və binaların lazımi layihələşdirilməsi sayəsində şəhərlər temperaturun əhəmiyyətli dərəcədə azalmasına nail ola bilər”.
UNEP-in himayəsi altında davamlı sərinlətməyə keçidi sürətləndirmək məqsədilə “Sərinlik uğrunda koalisiya” yaradılıb. Onun məqsədi ölkələrə iqlim dəyişiklikliyinə qarşı mübarizə üzrə milli planlarına sərinlətmə prosesini inteqrasiya etməkdə kömək göstərməkdir.
Ekspertlər əmindirlər ki, yeni “təbii yanaşmalar” soyutma xərclərini azaldacaq, istixana qazlarının tullantılarını ləngidəcək, iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmaqda şəhərlərə yardım edəcək, biomüxtəlifliyin itirilmə sürətini ləngidəcək və ən əsası, əhalinin sağlamlığının qorunmasını təmin edəcək.