NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2020-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında nazir Nicat Babayev məruzə edib.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, muxtar respublikanın əmək bazarı müntəzəm olaraq təhlil olunur, peşə kursları təşkil edilir, əmək yarmarkaları keçirilir. Cari ilin birinci yarısında Dövlət Proqramının icrası ilə bağlı aktiv məşğulluq tədbirləri davam etdirilib, əmək bazarının təhlilinə əsasən 1211 şəxs iqtisadiyyatın müxtəlif sahələrində daimi işə göndərilib. Eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ilin altı ayı ərzində 624 nəfər ailə üzvü olmaqla, sosial qayğıya ehtiyacı olan 133 ailənin özünüməşğulluğu təmin edilib.
Nicat Babayev diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş, dünyada pandemiya elan olunan virusun muxtar respublikada yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar xüsusi karantin dövründə muxtar respublikada yaşı 65-i keçən tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq payları verilib, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə ərzaq payları və maddi yardım təqdim olunub. Bununla yanaşı, pandemiya nəticəsində Naxçıvan Muxtar Respublikasında xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 9116 vətəndaşa 190 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
Vurğulanıb ki, bu ilin mart ayından etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti uzadılıb və karantin dövründə Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib.
Cari ilin 6 ayında muxtar respublikada kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilib, onlara evlərində sosial məişət xidmətləri göstərilib. O cümlədən, Şahbuz şəhərindəki Ahıllar Evi sakinlərinin tibbi və sosial reabilitasiyası müvafiq dövr ərzində diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən tibbi reabilitasiya tədbirlərinin həcmi ildən-ilə artırılır. İlin birinci yarısında da bu sahədə tədbirlər davam etdirilib. Belə ki, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin müalicəsi təşkil edilib, muxtar respublikadan kənarda yerləşən müalicə mərkəzlərinə göndərişlər verilib. Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi təşkil olunub.
Nazir qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin maddi-məişət şəraitinin yaxşılaşdırılması 2020-ci ilin birinci yarısında da diqqət mərkəzində saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən müvafiq kateqoriyalı 22 nəfərə minik avtomobili, 2-si şəhid ailəsi olmaqla, 7 ailəyə isə mənzillər təqdim olunub.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası davam etdirilməli, özünəməşğulluq tədbirləri genişləndirilməlidir. Nazirlik sosial qayğıya ehtiyacı olanlara və tənha ahıllara xidmət işini diqqətdə saxlamalı, sosial könüllülərin imkanlarından geniş istifadə olunmalıdır.
Bildirilib ki, verilən tapşırıqların icrası məqsədilə qarşıdakı dövrdə Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində səylər artırılmalı, keçirilən tədbirlərin yüksək səviyyədə təşkilinə nail olunmalı, eyni zamanda bu sahədə maarifləndirmə işi gücləndirilməlidir.
Sonra məruzə ətrafında çıxış edənlər müvafiq dövr ərzində görülən işləri diqqətə çatdırıb. Gündəlikdə duran məsələ ilə bağlı qərar layihəsi oxunub.
Ərhan Novruzov