NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində baş tutan tədbirdə Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev son illər muxtar respublikada geniş vüsət alan könüllülük fəaliyyətindən danışıb. Bildirib ki, bir çox idarə və müəssisələrin tərkibində könüllülük prinsipləri ətrafında yüzlərlə gənc toplanıb. Gənclərimiz bu mənəvi proses ətrafında sıx birləşir, öz potensialları ilə bu hərəkata dəstəklərini göstərirlər. Naxkonulluleri.nmr.az saytının hazırlanması prosesində bütün könüllü təşkilatlarla danışıqlar aparılıb, könüllülər haqqında məlumatlar sayta yüklənib.
Fondun Gənclər Təşkilatları və Gənclər ilə İş şöbəsinin müdiri Arzu Qasımov saytın bölmələri haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, sayt ümumilikdə 6 bölmə, 21 alt bölmədən ibarətdir. Burada həm könüllülər, həm könüllü fəaliyyət göstərən təşkilatlar, həm də işəgötürənlər üçün müvafiq imkanlar yaradılıb.
Tədbirdə könüllülər adından Şövkət Kərimli çıxış edərək muxtar respublikada könüllülük sahəsində gənclərə göstərilən qayğıdan danışıb.
Sonda Naxçıvan könüllülərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Nurlana Əhmədova