Kənd təsərrüfatı heyvanları arasında aparılan profilaktik peyvəndləmənin əhəmiyyəti

A- A A+

Heyvandarlıqla məşğul olan ailə təsərrüfatlarının inkişaf etdirilməsi zamanı mal-qaranın sağlamlığı əsas şərtlərdən biridir. Çünki mal-qaranın sağlamlığı onun məhsuldarlığının bolluğu deməkdir. Mal-qaranın sağlamlığını qorumaq üçün ilk növbədə onları tələb olunan qaydada ferma binaları ilə təmin etmək, işıqlı, rütubəti olmayan tövlələrdə baytarlıq-sanitariya qaydaları əsasında saxlamaq lazımdır. Heyvandarlıqda xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin vaxtında aparılması əsas şərtlərdən biridir. Sahibkarların peyvəndləmə tədbirlərinə təşəbbüs göstərmələri və yaxından iştirak etmələri xəstəliklərin aradan qaldırılmasına və nəticə etibarı ilə heyvandarlığın inkişafına böyük təkan verəcəkdir. Kənd təsərrüfatı heyvanları arasında aparılan profilaktik peyvəndləmənin zoonoz xəstəliklərlə mübarizədə əhəmiyyəti böyükdür. Qarayara, dabbaq, bruselyoz, vərəm, quduzluq və s. kimi xəstəliklərin yayılmasının qarşısını alır, həmçinin zoonoz xəstəliklərin heyvanlara, insanlara və eləcə də ətraf mühitə yayılma riskini azaldır. Muxtar respublika ərazisində təhlükəli infeksion xəstəliklərə qarşı mal-qara, ev quşları və digər kənd təsərrüfatı heyvanları arasında peyvəndləmə tədbirləri epizootik tədbirlər planına əsasən aparılmaqdadır. Belə ki, peyvəndləmə mal-qaranın sağlamlığının təmin edilməsində təhlükəsiz və effektiv vasitədir. Yoluxucu xəstəliklərə qarşı profilaktik tədbir kimi tətbiq edilən peyvəndləmə mal-qarada immunitetin yaranmasını təmin edir. Bu da heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılmasında mühüm amildir. Belə ki, yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmənin əhəmiyyəti aşağıdakılardan ibarətdir:

 - Heyvanların peyvənd edilməsi yoluxucu xəstəliklərin baş verməsinin, kütləvi yoluxmanın və tələfatın qarşısını alır.

- Heyvanlardan insanlara keçmə təhlükəsi olan (bruselyoz, vərəm, qarayara və s.) xəstəliklər baş vermir.

- Peyvənd olunmuş heyvan xəstəliklərə dözümlü olur, məhsuldarlığı yüksək olur və davamlı immunitet yaranır.

- Heyvandarlıq məhsullarından (süd, ət və ondan hazırlanmış məhsullar) xəstəliklərə görə təhlükəsiz istifadə etmək olur.

- Xəstəliyin və peyvəndin növündən asılı olaraq peyvənd olunmuş heyvanlarda 6 aydan 1 ilədək immunitet yaranır və heyvan bu dövr ərzində həmin xəstəliyə yoluxmur. Vaksinasiya olunmuş heyvanın südündən istifadə edilməsinə heç bir məhdudiyyət qoyulmur. Heyvandarlıq təsərrüfatlarında peyvəndləmə tədbirləri aparılarkən bəzi qaydalara əməl etmək lazımdır.

Belə ki, peyvənd baytar mütəxəssisinin təyinatı və iştirakı ilə yalnız kliniki sağlam heyvanlara vurula bilər. Vaksin vurulmuş heyvanın ətindən peyvəndin təlimata uyğun gözləmə müddəti bitdikdən sonra istifadə etmək olar. Sağlam və təhlükəsiz qida ilə təmin olunmaq üçün, heyvanları peyvəndləmədən yayındırmamaq tövsiyə olunur. İlboyu mal-qara arasında aparılması planlaşdırılmış baytarlıq tədbirlərinin vaxtında icra olunması üçün sahibkarlar mütəmadi olaraq sahə baytar həkimləri ilə təmasda olmalı və verilən tövsiyələri həyata keçirməlidirlər. Sahibkarlar yuxarıda qeyd olunan tövsiyələrə vaxtında və göstərilən qaydalar əsasında əməl edərlərsə, mal-qarada xəstəliklər olmaz və məhsuldarlıq yüksək olar.

 Flora Səfərova

 Epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika sektorunun baş məsləhətçi

“Oğuz yurdu “qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: