El sənətini yaşadanlar

A- A A+

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənələrə, xalq yaradıcılığı örnəklərinə, milli dəyərlərə həmişə böyük ehtiramla yanaşmışıq. Naxçıvanlılar bu dəyərlərin qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamında deyilir: “Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək və bəzək alətləri hazırladıqlarını göstərir. Sonrakı dövrlərdə sənətkarlıq daha da inkişaf etmiş, xalq sənətinin ağacişləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, papaqçılıq, dabbaqlıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq kimi sahələri genişlənmiş, Naxçıvanın zövqlə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları böyük şöhrət qazanmışdır”.

Bu sırada ağacişləmə sənətini xüsusi qeyd etmək olar. Tarixi mənbələrdən aydın olur ki, Azərbaycanın bir çox şəhərlərində hələ XI-XII əsrlərdə ağacdan yüksək keyfiyyətli bədii ağacişləmə məmulatları hazırlanıb. Həmçinin muxtar respublikamızın və rayonumuzun kəndlərində bu qədim el sənətini yaşadanlar olub, müasir dövrümüzdə də bu sənətlə məşğul olan və gəlir mənbəyi kimi istifadə edənlər az deyil. Daxili aləmlərinin zənginliyi, incə zövqlərinin bir növ ifadəsi olan bu nəfis əl işləri ilə onlar unudulmaqda olan adətlərimizi, sənət nümunələrimizi yaşadırlar. Belə sənət sahiblərindən biri – Culfa rayonunun Yaycı kənd sakini, çığ (çəpərə) və səbət ustası Cəfər Qurbanovdur.  Atasından öyrəndiyi sənəti uzun illərdir yaşadan  Cəfər usta  ağacişləmənin toxuma üsulunda cil söyüdün şivlərindən istifadə edildiyini  bildirir:

-Çığ, cil söyüdün cavan və sağlam şivlərindən hazırlanır. Bunun üçün söyüdün budaqlarının vaxtında kəsilməsi vacibdir. Material tədarükündə əsasən ağaca diqqət etmək lazımdır. Çığı və ya səbəti toxumaq üçün öncə onun ölçüsü müəyyənləşdirilir. Həmin ölçüyə uyğun çubuqlar kəsilir. Elə ki, onun kənar dayaqları hazırlandı, ondan sonra çığın və ya səbətin araları nazik çubuqlarla toxunur. Toxunmanın incə olması üçün söyüdün nazik çubuqlarından istifadə olunmalı, yaş şivlərdən toxunmuş əşyalar kölgədə qurudulmalıdır. Bu iş böyük səbr və ustalıq tələb edir. İlk növbədə söyüdün çubuqlarının düzgün əyilməsinə, onun müəyyən ölçüyə salınmasına və səbətin, çığın formasının alınmasına diqqət etmək lazımdır.

Cəfər Qurbanov qeyd etdi ki, müasir dövrümüzdə yerüstü təndirlərin gündəmdə olması bizim işimizə də müsbət təsir edib. Təndirdə lavaşların yapılmasında düzəltdiyimiz çığlardan geniş istifadə olunur. Həmçinin çığın üzərinə yanmayan parça tikərək “lavaşyapan” da düzəldirik. Səbətlərdən isə ta qədimlərdə bir çox işlərdə istifadə olunub. Atam deyirdi ki, bir zamanlar arıları səbətlərdə saxlayardılar. Hətta qışda soyuq olmasın deyə səbətlərin kənarlarına palçıqdan suvaq da çəkirdilər. Səbətdən əsasən meyvə bağlarında istifadə olunurdu. Meyvələrin yığılması, daşınması, eləcə də, kənd evlərinin zirzəmisində meyvə və quru ərzaqların yığılıb saxlanmasında  səbət  ən yaxşı vasitə idi. Çünki onun məsafələri  saxlanılan meyvə, yaxud ərzağı daim havalandırır.

Qədim və zəngin tarixə, yüksək mədəniyyətə malik olan muxtar respublikamız əsrlər boyu sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olub və bundan sonra da olacaqdır. Bunu Cəfər ustanın timsalında qədim el sənətini yaşadanlar və gələcək nəsillərə çatdıranlar deməyə əsas verir.

                                                                        Səriyyə Salahova

                                                                         “Arazın səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: