“Oxunması zəruri olan kitablar” ın gənclərin maariflənməsi və dünyagörüşünün artırılmasındakı rolu

A- A A+

Son dövrlərdə muxtar respublikada elm sahəsində, intellektual sahədə keçirilən uğurlu layihələrin, yeniliklərin nəticəsidir ki, gənclərimiz keçirilən ölkə və beynəlxalq səviyyəli elmi konfranslarda muxtar respublikamızı layiqincə təmsil edir, öz bilik və bacarıqları ilə fərqlənir, intellektual oyunlar üzrə muxtar respublika, ölkə birinciliklərində qalibiyyətlər qazanırlar. Qazanılan bu uğurlar isə zəngin dünyagörüşü və intellektual qabiliyyətin göstəricisidir.

Naxçıvanımız hər zaman kitaba və elmə xüsusi qayğının məskəni olubdur. Tariximiz elmə və ədəbiyyata önəmli töhfələr verən şəxsiyyətlərlə, elm adamları və ədiblərlə zəngindir. Elmə, ədəbiyyata önəmli töhfələr vermək ənənəsi, səhifələri mədəniyyətdən, quruculuqdan, yaradıcılıqdan və əzmkarlıqdan ibarət qürurlu tarix yazmaq ənənəsi günümüzdə daha dinamik bir şəkildə davam edir. Və bu ənənənin yaşamasında gənclərin (gənc alimlər, memarlar, yazıçılar, tarixçilər, tələbələr və s.) önəmli rolu vardır. Bu baxımdan yeniyetmə və gənclərimizin tarixə, milli kökə bağlı, yüksək intellektual qabiliyyətli və geniş dünyagörüşünə sahib bir gənclik kimi formalaşması əsas məqsədlərdəndir və bu istiqamətdə bir çox tədbirlər keçirilir. Həmin tədbirlər arasında qeyd olunan məqsədin təmin olunması baxımından kitab müzakirələrinin rolu böyükdür. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən mütəmadi olaraq muxtar respublikanın tanınmış yazıçılarının, elm nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən, gənclərin xüsusi marağına səbəb olan bu cür tədbirlərdə əsasən  “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablar müzakirə olunur. Çünki qeyd olunan kitablar gələcəyimiz olan gənclərin hərtərəfli bilik və dünyagörüşünə malik gənclər kimi yetişməsində, Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında mühüm rola malik kitablardır.

Yaşadığımız dövrdə məlum səbəblərə görə xüsusi karantin rejiminin tətbiq olunması kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılmasına səbəb olsa da, gənclərin kitaba, mütaliəyə olan marağının və o maraqların təmin olunması vəzifəsinin nəticəsidir ki, kitablarla bağlı tədbirlər onlayn şəkildə və gənclərin kütləvi iştirakı ilə öz axarında davam edir. Onu da qeyd edim ki, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən yarışlarda qalib gənclərə verilən mükafatlar arasında kitab, xüsusilə də, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablar hər zaman yer alıbdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalandığı gündən etibarən aidiyyəti orqanlar tərəfindən bir sıra kütləvi tədbirlər, bu sahədə xeyli uğurlu layihələr həyata keçirildi və keçirilməyə davam edir. Muxtar respublika gənclərinin intellektual sahəyə, kitaba olan marağının artmasına, kitablardan daha səmərəli yararlanmasına, Vətənə olan sevginin müqəddəsliyini və müstəqil bir dövlətdə yaşamağın əhəmiyyətini dərindən anlamasına göstərdiyi təsir Sərəncamın nə qədər əhəmiyyətli olduğunu göstərərək onun imzalandığı tarixi də biz gənclər üçün əhəmiyyətli edibdir.

Bu gün biz ölkəsinin inkişafı üçün bütün gücünü səfərbər edən, yüksək intellektual səviyyəyə, dünyagörüşünə malik, elmə, kitaba yüksək dəyər verən və bunlardan səmərəli istifadə edən fərdlərdən ibarət bir cəmiyyətin üzvləriyik. Böyük fransız yazıçısı Viktor Hüqonun da dediyi kimi, kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. Nə xoş bizə ki, kitaba layiq olduğu dəyəri verə bilən bir cəmiyyətdə yaşayırıq.

Valeh Mahmudov

Naxçıvan Muxtar respublikasıGənclər və İdman Nazirliyinin əməkdaşı

“Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: