O ordu güclüdür ki, onun əsgərlərinin döyüş ruhu yüksəkdir

Ali Məclis Sədrinin Günnüt kəndindəki hərbi hissədə əsgərlərlə görüşü bu ruhu daha da yüksəldib

A- A A+

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesinə ötən əsrin 90-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılmışdır. Azərbaycanda ilk milli hərbi birləşmələrin formalaşdırıldığı bu qədim diyarın strateji mövqedə yerləşməsi onun təhlükəsizliyinin daim ön planda saxlanılmasını zəruri etmişdir. Dahi şəxsiyyətin siyasi dəst-xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ötən dövrdə muxtar respublikanın təhlükəsizlik məsələləri daim ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı ­cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun idarəçilik fəaliyyətində qırmızı xətlə keçmiş, Naxçıvanın hərbi gücünün daha da artırılması prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Ölkəmizin müharibə şəraitində olması isə bu amili daha da gücləndirmişdir. Buna görədir ki, ötən illər ərzində muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görülmüş, birləşmə və hərbi hissələr üçün nümunəvi xidmət şəraiti yaradılmışdır. 2013-cü ildə yaradılmış Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi birləşmələrin təyinatı üzrə döyüş ləvazimatları ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlığının artırılması sahəsində görülən işlər Naxçıvanın hərbi gücünün peşəkar səviyyədə artırılmasına imkan vermişdir.

Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ərəfəsində isə ordumuzun əldə etdiyi nailiyyətlər muxtar respublikanın ən yeni hərb tarixinə böyük hərflərlə yazılmışdır. Belə ki, Şərur rayonunun 26 ildir, işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edilmiş, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olunmuşdur. Nəticədə, Əlahiddə Ümum­qoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ almış, onun üzərində böyük üstünlük qazanmışdır. Belə ki, 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirilmişdir. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan vermişdir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkilmiş, 60 kilometrdən artıq yararsız yollar bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksək­liklərdə yeni müdafiə mövqeləri qurulmuşdur. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görülmüş, postlar arasında dayanıqlı rabitə əlaqəsi qurulmuş, yeni səngərlər qazılmışdır. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradılmışdır.

Qazanılan uğur Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılmışdır. Bu əməliyyatda iştirak edənlərin qəhrəmanlıqları yüksək qiymətləndirilmiş, onlar göstərdikləri xidmətlərə görə təltif olunmuşlar. Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırmışdır. İyulun 3-də Günnüt kəndində və ətraf ərazilərdə yerləşən postlarla tanış olan Ali Məclisin Sədri hərbi əməliyyatların uğurla başa çatması münasibətilə şəxsi heyətə təşəkkürünü bildirərək demişdir: “Azərbaycan Ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu həm torpaqlarımızın işğaldan azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın işğaldan azad olunmasına yönəldilmişdir. Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliy­yatı Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi”. Ali Məclisin Sədri ərazidə xidmət aparan hərbi qulluqçularla görüşündə bildirmişdir ki, vaxtilə bu ərazilər ermənilər tərəfindən işğal olunmuş, Günnüt kəndində yaşayış yerləri dağıdılmışdır. Lakin uğurlu əməliy­yatlardan sonra 10 min hektardan artıq əkinəyararlı torpaqlar nəzarət altına keçmişdir. Bu, Azərbaycan Ordusunun gücünün və şəxsi heyət arasındakı ruh yüksəkliyinin göstəricisidir. O ordu güclü deyil ki, onun çoxlu silah-sursatı vardır. O ordu güclüdür ki, onun əsgərlərinin döyüş ruhu yüksəkdir. Keçirilən əməliyyatlar Azərbaycan Ordusunun döyüş ruhunu göstərdi. İtki verilmədən torpaqlarımız geri alındı. Daha sonra Ali Məclis Sədrinin bölük mərkəzində şəxsi heyətlə görüşməsi, onlara hədiyyələr təqdim etməsi əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Qeyd edək ki, işğaldan azad edilmiş Günnüt kəndi və ətraf əraziləri zəngin bitki örtüyünə malikdir. Burada arıçılığın, maldarlığın inkişafı üçün əlverişli şərait mövcuddur. Artıq bu sahədə müəyyən işlərin görülməsinə başlanılıb. Belə ki, iyulun 3-də Günnüt kəndində olan Ali Məclisin Sədri burada arıçılarla da görüşmüş, təsərrüfat sahiblərinə kənddə hərtərəfli şəraitin yaradılacağını bildirmişdir. Bəli, ordumuzun gücü Günnüt kəndi üzərindəki tarixi haqqımızı 26 ildən sonra bərpa etdi. Bu gün artıq Günnüt və ətraf ərazilər qəhrə­man Azərbaycan əsgərinin rəşadəti, ayıq-sayıqlığı ilə qorunur. Eyni zamanda illərdir, qayğıya, nəvazişə ehtiyacı olan bu torpaqlar yenidən Naxçıvan kəndlisinin əlindədir. Bu imkanı bizə tanıyan isə ordumuzdur. Məhz Azərbaycan əsgərinin yüksək döyüş ruhuna sahib olması tezliklə Günnüt kəndinin məişət və təsərrüfat həyatına öz təsirini göstərəcək, günnütlülərin qurub-yaratmaq əzmini daha da yüksəldəcəkdir.

 Səbuhi HƏSƏNOV

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: