Möhtəşəm memarlıq incisi - FOTOLAR
Qarabağlar Türbə Kompleksinin bərpası milli və bəşəri dəyərlərə töhfədir
Kəngərli rayonunun Qarabağlar kəndi muxtar respublikamızın böyük yaşayış məntəqələrindən biridir. Hazırda kənd statusu daşıyan bu yaşayış məntəqəsi orta əsrlərdə böyük şəhər olub. Qarabağların Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi burada elm, mədəniyyət, sənətkarlıq və ticarətin inkişafına mühüm təsir göstərib. Təsadüfi deyil ki, orta əsr səyyahları Qarabağların böyük bir şəhər olduğunu bildirməklə yanaşı, həm də burada gözəl memarlıq abidələrinin – məscid, minarə, karvansara, hamam kimi tikililərin mövcudluğundan bəhs ediblər. Təəssüflər olsun ki, zaman keçdikcə bu tikililərin böyük əksəriyyəti müxtəlif səbəblər üzündən dağılaraq məhv olub, çox az bir hissəsi bu günümüzədək gəlib çatıb. Qoşa minarəli, baştağ və türbədən ibarət kompleks isə dövrümüzədək salamat qalmış möhtəşəm abidələrimizdəndir. Tarixçilərə görə, bu abidələr Qarabağların orta əsrlərdə inkişaf etmiş mühüm mədəniyyət mərkəzlərindən olduğunun göstəricisidir. Abidə, eyni zamanda təkcə Azərbaycanın deyil, Ön Asiyanın möhtəşəm memarlıq incilərindəndir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazır ki, Türbə Kompleksi, Elxanilərin hakimiyyəti illərində tikintisi geniş yayılıb və dindarlığın qapıları mənasını daşıyan əbvab-əl-birr adlı iri xatirə-xeyriyyə komplekslərindən olub. Tərkibində saray, məscid, mədrəsə, xanəgah, şəfaxana, hamam və başqa binalar olan belə komplekslərin mərkəzi tikilisi və dominantı “Ali günbəz” – uca türbə olurdu.
Tədqiqatçıların fikrincə, Qarabağlardakı qoşa minarələr XII, baştağ XIV əsrdə, türbə isə 1332-1337-ci illərdə tikilib. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə, türbənin tikilmə tarixi Hülakü hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyəti illərinə (1316-1335) aid edilir. Baştağın üzərində olan kitabədə Elxani hökmdarı Hülakü xanın arvadı Qudi xatının adı yazılıb. Ə.Ələsgərzadə kitabəni aşağıdakı kimi oxuyub: “Bu binanın tikilməsini... Cahan Qudi xatın əmr etdi”. Akademik İsmayıl Hacıyev mənbələrə əsasən bildirir ki, Qarabağlar türbəsi Elxanilər sülaləsindən olan yeddinci vəliəhd Sultan Əhmədin ölümündən sonra onun anası Cahan Qudi xatının əmri ilə tikilib. Mənbələrdə adı Quti, Qudi, Qutuy xatın şəklində anılan Qudi xatın tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə, “Çox ağıllı və bacarıqlı olub, sarayda yüksək mövqe tuturdu”. Qudi xatın qısa müddətdə olsa da, oğlu Sultan Əhmədin hakimiyyəti illərində, 1282-1284-cü illər arasında dövləti özü idarə edib. O, böyük hörmət və nüfuzunu sonralar da saxlayıb. Qeyd edək ki, Qarabağlar türbəsi ikihissəlidir: sərdabə və yerüstü xatirə abidəsi. Bu abidədə qülləvarı türbənin əsas xüsusiyyətləri əks olunub. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı onun yerüstü kompozisiyasını təşkil edir. Gövdə səthinin belə yarımsilindrik çıxıntılarla işlənməsi yalnız bədii-dekorativ əhəmiyyətə malik olmayıb mühəndis quruluşu cəhətdən də əhəmiyyətlidir. Bir-biri ilə birləşmiş on iki yarımsilindrik çıxıntı divarın ümumi həcmini azaltmaqla bərabər, eyni zamanda türbəyə bir qala görkəmi də verir. Türbənin kompozisiya xüsusiyyəti dörd baştağlı olmasıdır. Dörd coğrafi səmtə cəhətlənən giriş yerləri türbəni dörd bərabər hissəyə bölür. Binanın bütün səthlərində xırda şirli yaşıl kərpiclərdən çəkilmiş üzlük qırmızımtıl kərpic fon üzərində onun səthini böyük kvadratlara bölür. Çəpinə qoyulmuş belə kərpiclərdən isə romblar əmələ gəlib. Rombların hər birinin içərisində isə kərpiclərlə “Allahdan başqa Allah yoxdur”, “Məhəmməd – Allahın ona salavatı olsun – Allahın elçisidir” sözləri yazılıb. Türbənin yaxınlığında iki minarə ucalır. Minarələrin aşağı hissələrində kvadratşəkilli bünövrə düzəldilib. Onun səthində göy rəngli kaşı çəkilmiş kərpiclərdən bəzəklər yaradılıb. Hər iki minarənin içərisində dolama pilləkən vardır. Akademik qeyd edir ki, bu minarələr Azərbaycan ərazisindəki ən qədim kərpic minarələrdəndir. Baştağın özü isə təkcə Azərbaycanın deyil, bütün İslam ölkələrinin memarlığında qoşa minarəli baştağların ilk örnəklərindəndir. Qarabağlar Türbə Kompleksi zəngin tarixi abidələri ilə diqqətçəkən Naxçıvan diyarında mühüm memarlıq kompozisiyası ilə seçilir. Burada kompleks bərpa işlərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamından sonra başlanılıb. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə abidə üzərində xeyli iş aparıb. Görülən işlər zamanı türbə və qoşa minarə hissələri bərpa edilib, bunlar arasındakı bölüm, habelə burada aşkar edilmiş təndirlər konservasiya olunub. Eyni zamanda kompleksdə yeni muzey də yaradılıb. Türbənin dam örtüyü dəyişdirilib, daha çox aşınma və dağılmaya məruz qalmış hissələr yenidən bərpa olunub.
Artıq iki ilə yaxındır ki, bərpa işlərinin aparıldığı Qarabağlar Türbə Kompleksinə ikinci həyat bəxş edilir. Bu abidə tarixi və mədəni zənginliyin təsdiqi kimi xalqımızın milli sərvətidir, eyni zamanda tikinti konstruksiyasına və möhtəşəm memarlıq həllinə görə bəşər mədəniyyətinin bir hissəsidir. Bu baxımdan abidənin bərpası həm milli, həm də bəşəri dəyərlərə bir töhfədir.
Səbuhi HƏSƏNOV
"Şərq qapısı" qəzeti