Təbii sərvətimizi-meşələri yanğından qoruyaq

A- A A+

Muxtar respublikamızda yeni salınmış meşə zolaqları qədim yurdumuzun təbii gözəlliyinə ayrı bir gözəllik bəxş edir. Meşələri hamılıqla qorumalı və əkilən hər bir ağaca qayğı göstərməliyik. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

NUHÇIXAN İnformasiya Agentliyi Fövqəladə Hallar Nazirliyinin isti yay günlərində meşələri yanğından qorumaq üçün vətəndaşlara tövsiyələrini təqdim edir:

Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizə mühəndisləri yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi də zəruridir. 

Meşə zolaqlarında baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranma və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd edək ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış ocaq və onun tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınına səbəb ola bilər. Söndürülməmiş siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədə bilir. Meşələrə yanacaq-sürtkü materiallarına və sair yanar mayelərə bulaşmış materiallar atmaq olmaz. İstirahət edən zaman şüşə qabları, şüşə qırıntılarını meşəyə atmaq yolverilməzdir. Əks halda, Günəş şüasından təsirlənən şüşə qablar və şüşə qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.

Müəyyən olunmamış yerlərdə traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında ocaq yandırılması yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri və meşə yolları yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlar çəkilməlidir.

Yay aylarında havaların isti keçməsi meşələrin yanğın təhlükəsini daha da artırır. Məhz buna görə cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalı, yanğın və ya alışma hadisəsi baş verən zaman mövcud əlaltı vasitələrdən istifadə edilməlidir. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, muxtar respublikamızın iqtisadiyyatının inkişafına və öz sağlamlığına xidmət etmiş olar.

Meşə və ya meşə zolaqlarında yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin  “101”  xidmətinə zəng etməyi unutmayın.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: