Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, koronavirus əleyhinə səmərəli vaksinin hazırlanması və istehsalı üçün dünya azı 100 milyard dollar xərcləməlidir. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bunu ÜST-nin Baş katibi Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə söyləyib.
ÜST-nin rəhbəri Beynəlxalq Valyuta Fondunun qiymətləndirmə məlumatlarını təqdim edib; onlara əsasən isə pandemiya hər ay dünya iqtisadiyyatına 375 milyard dollara başa gəlir. Bu qiymətləndirmələrə görə, iki il ərzində dünya iqtisadiyyatının itkiləri cəmi 12 trilyon dollardan çox olacaq.
Tedros Adhanom Qebreyesus deyib: “Dünya pandemiyanın qısamüddətli nəticələri ilə mübarizəyə artıq trilyonlar sərf edib. Təkcə Böyük iyirmilik ölkələri pandemiyanın nəticələrinin aradan qaldırılması və yumşaldılması üçün büdcə stimullaşdırıcı tədbirlər şəklində 10 trilyon dollardan çox vəsait səfərbər ediblər. Bu, dünyanın qlobal maliyyə böhranının nəticələri ilə mübarizəyə sərf etdiyi məbləğdən 3,5 dəfə çoxdur.
Hazırda hamını normal həyata necə dönəcəyimiz sualı düşündürür. Hesab edirəm ki, biz necə irəliləyəcəyimiz barədə danışmalıyıq. İrəliyə doğru getmək üçün isə biz birlikdə hərəkət etməliyik”.
Tedros Qebreyesus xatırladıb ki, cari ilin aprel ayında ÜST dünya liderlərinin birbaşa iştirakı ilə pandemiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın qlobal təşəbbüsünə start verib: “Cəmi üç aydan sonra biz gözə görünən nəticələr əldə etdik”. ÜST rəhbərinin sözlərinə görə, hazırda doqquz eksperimental vaksin klinik sınaqların ikinci və ya üçüncü mərhələsindədir. Dünya əhalisinin təxminən 70 faizini təmsil edən ölkələr təşəbbüsə qoşuldular.
Təşkilatın rəhbəri, həmçinin bildirib: “Bu, COVID-19 ilə mübarizədə alətlərin ədalətli və bərabərhüquqlu paylanmasının təmin edilməsi üçün yeganə qlobal platformadır. Lakin uğur qazanmaq üçün layihəni maliyyələşdirmək lazımdır”. Onun sözlərinə görə, müasir dünyada bu, ən sərfəli investisiyadır. Optimal yanaşmanın işlənməsi şanslarını artırmaq üçün dünya müxtəlif tipli bir neçə vaksin hazırlamalıdır. Səmərəli və universal vaksinin yarandığı zaman ona olan tələbat tədarükü xeyli üstələyəcək.
“Biz qloballaşan iqtisadiyyat şəraitində yaşayırıq. Bu o deməkdir ki, daşınma və təchizatda ölkələr mal və xidmətlər mübadiləsi baxımından biri-birindən asılıdır. Biz dünyanın ən ucqar regionunda virusdan qurtulmasaq, ümumilikdə dünya iqtisadiyyatının bərpasına nail ola bilmərik. Uğur qazanmaqda ən yaxşı yol birlikdə hərəkət etmək və həmrəylik nümayiş etdirməkdir”, - deyə ÜST-nin rəhbəri bildirib.