Atası aktyor olmağını istəməyən, teatrda səhnə fəhləsi olan, “İblis”i oynamaq istəyən “Nağılçı baba”-Şirzad Abutalıbov - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi “PƏRDƏARXASI” adlı yeni rubrikasını oxucularına təqdim edir. Bu layihədə  həyatını incəsənətə həsr etmiş sənət adamlarının həyatlarının və yaradıcılıqlarının pərdəarxası, bilinməyən  məqamlarını oxuculara təqdim edəcəyik.

Beləliklə, “Pərdəarxası”nda Xalq artisti Şirzad Abutalıbov var.

Aktyor, rejissor, Azərbaycan Respublikasının Xalq artisti, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru Şirzad Abutalıbov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub.

Atası Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Əsəd Abutalıbov 20 ilə yaxın Naxçıvan teatrında  çalışıb.

Maddi çətinliklər ucbatından orta məktəbi yarımçıq saxlayan aktyor gündüzlər mebel fabrikində  çalışmaqla bərabər, gecələr Fəhlə Gənclər Məktəbində oxuyur. Lakin teatra olan sevgisi çox çəkmir ki, onu səhnəyə səsləyir. 1974-cü ildə Respublikanın Xalq artisti Tofiq Mövləvi  gənc oğlanı həvəskarlardan  ibarət  dram  dərnəyinə  üzv  yazdırır. İlk obrazını- “Anacan” pyesində yetimlər evində  olan bir uşağı oynayır. Obraz çox yüksək səviyyədə qəbul olunur və səhnə ona ilk tamaşaçı alqışlarını göndərir. Təbii ki, bu alqışları qazanmasında  heyranlıqla izlədiyi atası və onun yaxın dostlarından öyrəndiyi “səhnə sirləri” də az rol oynamır. 

Lakin maraqlı cəhət budur ki, nə atası, nə də ki xalası oğlu Azərbaycan Respublikasının Xalq artisti Aydın Şahsuvarov onun aktyor olmağını istəməyib, sənətə gəlməyinə müəyyən vaxtlarda etiraz ediblər. Səbəb isə  bu olub ki, çox ağır və böyük iradə tələb edən teatr, aktyor sənətinin öhdəsindən gələ bilməcəyini düşünüblər.

Aktyor hələ gəncliyində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında səhnə fəhləsi olaraq da calışıb. Bununla o həm teatr ab-havasından uzaq qalmaq istəməyib, həm də burda çalışdığı dövrdə dram dərnəyi ilə əlaqələrini kəsməyib.

Bir neçə dəfə aktyorluq sənəti üzrə təhsil almağa səy göstərsə də, bu elə arzu olaraq da qalır. Lakin 1985-ci ildə İncəsənət İnstitutuna daxil olaraq rejissorluq ixtisası üzrə qiyabi təhsil alır. Ələmdar Quluzadə kimi rejissorlardan, Rafiq Hüseynov, Şəfiqə Axundova, Kamal Həsənov, Rəfiqə Həsənova  kimi böyük sənət adamlarından dərs almağa müvəffəq olur. Qiyabi oxuya-oxuya həm də Naxçıvan teatrının səhnəsindəki tamaşalarda rol alır. 

O dövrdə Naxçıvan teatrında fəaliyyət göstərən böyük sənətkarlar Baxşı Qələndərli, Vəli Babayev, İbrahim Həmzəyev, Aydın Şahsuvarov, Roza Cəfərxanova, Əyyub Haqverdiyev və digərlərinin dəstəyi ilə teatrda öz yerini tapır. Xədicə xanım Qazıyeva, Xalq artisti Aydın Şahsuvarov və bir çox sənətkarlarla eyni səhnəni bölüşür.

Teatrda çalışdığı 40 ildən çox zaman kəsiyində H.Cavidin “Şeyx Sənan” faciəsində Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif,  Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasında Hambal, “Arşın mal alan”da Vəli, C.Cabbarlının “Aydın” pyesində Ləzgi Qurban, Mir Cəlalın “Dirilən adam” əsərində Bekar Ağabala kimi rollarda ifa edən Şirzad Abutalıbov tamaşaçının yadında gülməli obrazları oynayan aktyor kimi qalıb. “Məşədi İbad” dakı  Hambal, “Dəli Yığıncağı”ndakı Cinni Mustafa, “Kuklalar evi”ndəki  həkim Rank  kimi xarakterik obrazları  onu tamaşaçılara sevdirib.

“Kuklalar evi” tamaşasında oynadığı dövrdə səhhətində əməlli-başlı problemlər olsa da, aktyor səhnədə bu rolunu da böyük ustalıqla tamaşaçılara təqdim edir.   

Xalq artisti Şirzad Abutalıbov həm də rejissordur. Gənclik illərində rəssam Yuran Məmmədovdan rəssamlıq sənətinin də sirlərini  öyrənib.

Teatr, səhnəarxası, heç şübhəsiz, ən maraqlı hadisələrin yaşandığı bir məkandır. Xalq artisti Şirzad Abutalıbovun da pərdəarxasında yaşadığı maraqlı və yaddaqalan hadisələr çox olub. Peşəkar səhnəyə gəldiyi ilk dövrlərdə “Solğun çiçəklər” tamaşasında oynadığı Kefli Qurban obrazı ilə “Uca barıdan aşaram mən, yarıma kəniz qoşaram mən” sözlərini səsləndirərək səhnəyə daxil olmalı imiş, lakin oraya girdiyi anda hər şeyi unudur. Səhnədən çıxarkən Tofiq Mövləvi yaxınlaşıb deyir ki, hara gedirsən? Sözlərin yaddan çıxdığını deyən aktyor səhnənin bir kənarında dayanıb eləcə tamaşaçılara baxır. Birdən ona təb gəlir və hər şey yadına düşür. Bu obrazın daxili aləmini ustalıqla tamaşaçılara açmağı zaldan gurultulu alqışlarla qarşılanır.

Onu aktyor kimi tamaşaçı ilə tanış edən, ilk səhnə təcrübəsi olan “Anacan” pyesində  oynadığı “yetim uşaq” obrazı isə həyatında dərin iz buraxır. “Bu obraz bəlkə də mənim taleyimdə var idi”,-deyən aktyor özünü həyat səhnəsində “kasıb uşaq” adlandırıb...

Hazırda Məhmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru olan Şirzad Abutalıbov balacaların dünyasına çox yaxşı bələddir. Burada çalışan kollektivlə birgə uşaqların dünyagörüşünü, bədii təfəkürünü inkişaf ettirən maraqlı tamaşalarla onların görüşünə gəlir.

O, vaxtilə Naxçıvan televiziyasının azyaşlı tamaşaçılarının “Ovçu Pirim”i, “Nağılçı baba”sı da olub. Hər birimiz ekran qarşısında əyləşib əlimiz üzümüzdə onun danışdığı nağılları dinləmişik.

Teatr səhnəsində saysız-hesabsız obrazlar yaradan Xalq artistinin arzusunda olduğu rol isə bugünə qədər izlədiklərimizin tam əksidir desək, yanılmarıq. İblis! Bəli, xarakterik obrazları sevən aktyor məhz səhnədə İblisi oynamağın arzusundadır.

Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, iki dəfə Prezident mükafatına, “Cümhuriyyət” medalına  layiq görülən, 1995-ci ildən pedaqoji fəaliyyətlə də məşğul olan Xalq artisti Şirzad Abutalıbov uzun illərdir, Naxçıvan Musiqi Kollecində “Aktyor sənəti” və “Səhnə hazırlığı” dərslərini də  tədris edir. Həyat qayəsini və sənətə sevgisini isə belə ifadə edir:

“Bir də mənə ömür verilsə idi,  yenə də aktyor olardım”

                                                                                       Türkanə Əmoyeva

                                                                                           NUHÇIXAN 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: