Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrupu, rayon icra hakimiyyətlərinin nümayəndələrinin də iştirakı ilə bələdiyyə mülkiyyətində olan torpaqların qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqinə başlayıblar.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, işçi qrup ilk olaraq Babək və Culfa rayonlarında fəaliyyət göstərən bələdiyyələrdə olub, icarəyə veriləcək torpaq sahələrinə baxış keçiriblər.
Keçirilən monitorinqlərdə qeyd olunub ki, əsasən bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Nəzərə alsaq ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Kənd bələdiyyələrində torpaqların icarəyə verilməsi, torpaqların əkin dövriyyəsinə cəlb olunmasına təsir edir ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsində çox əhəmiyyətlidir.
Torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Keçirilən monitorinqlər zamanı torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ətraflı məlumat verilib.
Monitorinqlərin digər şəhər və rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulur.