“Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn konfransda Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, AMEA İqtisadiyyat İnstitutu ilə yanaşı, Türkiyənin Ərzurum Atatürk və Qars Qafqaz universitetlərinin əməkdaşları da iştirak ediblər.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid açaraq Naxçıvanın Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu deyib. Bildirib ki, 5 min il bundan əvvəl Naxçıvanda şəhər mədəniyyətinin formalaşması bu yurdda sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr verən bir diyardır. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş böyük dövlətçilik ənənələrinin əsasını qoyub. Bölgədə X əsrdə Naxçıvan şahlığı, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə Naxçıvan xanlığı, XX əsrin əvvəllərində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir.

Qeyd edilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində respublikamızın siyasi-iqtisadi və sosial həyatında mühüm dəyişikliklər baş vermiş, ölkədə sosial-siyasi sabitlik bərqərar olmuş, dinamik iqtisadi inkişaf dövrü başlanmışdır. Vurğulanıb ki, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanla bağlı düşüncələri, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzaladığı müvafiq fərmanlarla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər əldə edilən nailiyyətləri daha da möhkəmləndirilir. Naxçıvanda aparılan yüksək inkişaf, görülən abadlıq və quruculuq işləri məhz dayanıqlı inkişaf konsepsiyasına, aparılan uğurlu siyasətə əsaslanır.

Diqqətə çatdırılıb ki, muxtar respublikada sosial-iqtisadi inkişafın təməlində sosialyönümlülük, hər bir vətəndaşın maddi rifahının artırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələrdir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikası dayanıqlı inkişaf yollarında (1995-2020)” mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, muxtar respublikanın inkişafında 1995-2020-ci illərin xüsusi yeri var. Bu illərdə muxtar respublikanın həm iqtisadi, həm də sosial həyatında baş verən dəyişikliklər yüzillik inkişafa bərabərdir. Kənd və şəhərlərimizin abadlaşdırılması, inzibati binaların, sosial obyektlərin tikilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, yolların çəkilməsi, səliqə-sahmanın ən yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşması diyarımızın bugünkü inkişaf mənzərəsinin təsdiqidir.

Naxçıvan Muxtar Respublikasının 2017 və 2018-ci illərdə bir sıra parametrlər üzrə ölkə üzrə liderliyini qoruyub saxladığını xatırladan akademik qeyd edib ki, ulu öndər Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində Naxçıvan tamamilə dəyişilmiş, yenidən qurulmuş, müasir bir diyara çevrilmişdir. Bildirib ki, son 25 ildə muxtar respublikamızda elə bir sahə yoxdur ki, orada dayanıqlı inkişaf təmin edilməmiş olsun. İqtisadi sahədə olduğu kimi, sosial sahədə də çox böyük nailiyyətlər əldə edilib. Muxtar respublikanın dayanıqlı inkişafı təhsil, elm, mədəni-maarif müəssisələri, səhiyyə və digər sahələrdə də özünü göstərir.

Akademik İsmayıl Hacıyev söyləyib ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilməsi, Ali Məclis Sədrinin gündəlik diqqət və qayğısı ilə muxtar respublikanın dayanıqlı inkişafı təmin edilmişdir.

Onlayn konfransda Ərzurum Atatürk Universitetinin əməkdaşı, iqtisad elmləri doktoru, professor Kerem Karabulutun “Türkiyə-Naxçıvan sosial-iqtisadi əlaqələrinin dəyərləndirilməsi”, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevin “Naxçıvan Muxtar Respublikasında ali təhsilin inkişafı”, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru, AMEA-nın müxbir üzvü Əli Nuriyevin “Naxçıvan Muxtar Respublikasında iqtisad elminin məhsuldar inkişafı ətrafında düşüncələr”, Qars Qafqaz Universitetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Tuncer Yılmazın “Naxçıvan iqtisadiyyatının ümumi vəziyyəti və Türkiyə ilə ticarət əlaqələrinin tədqiqi” mövzularda məruzələri dinlənilmişdir. AMEA Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, iqtisad elmləri doktoru, professor Nazim Əhmədov, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov da müxtəlif mövzularda məruzələr etmişlər.

Qeyd edək ki, tədbir çərçivəsində muxtar respublikamızın müasir inkişafı videogörüntülər vasitəsilə iştirakçıların diqqətinə çatdırılmışdır. Konfrans “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı (1991-2020)” və “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elm, təhsil və mədəniyyətin inkişafı” adlı bölmələrlə öz işini sabah davam etdirəcək.

 

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: