Elektron kadastr uçotu informasiya sisteminin yaradılması müzakirə edildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlərə dair növbəti müzakirələr aparılıb.

Xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanına uyğun olaraq muxtar respublikada torpaqların elektron uçotunun aparılması, xəritələşdirilməsi və torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində əsas işlər yekunlaşdırılıb. Göstərilən dövlət qayğısı sayəsində xidmətin informasiya infrastrukturu təkmilləşdirilib, yeni serverlər və təhlükəsizlik avadanlıqları alınaraq quraşdırılıb. Qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması üçün təkmilləşdirmə işləri aparılır.

Müslüm Cabbarzadə vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatların vahid formada yığılaraq sistemə daxil edilməsindən danışıb. Qeyd edilib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturlarının dəqiqləşdirilməsi üçün aparılan çöl geodeziya ölçmələri başa çatdırılıb. Həmçinin yaşayış məntəqələrinin yeni elektron yer quruluşu xəritələri hazırlanıb. Sistemin daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyası təmin edilib. Xidmət rəisi qeyd edib ki, elektron kadastr uçotu sistemi torpaq uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır.

Sonra görülən işlər barədə Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyev, informasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov və dövlət torpaq kadastrı sektorunun müdiri Xaliq Fərzəliyevin çıxışları dinlənilib. Sistemin iş prinsipi əyani şəkildə nümayiş olunub.

Sonda çöl geodeziya işlərində fəal iştirakına görə xidmətin bir qrup əməkdaşına təşəkkürnamə verilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: