Qədim yurd yeri Sədərək kəndində yetişdirilən üzüm tarixən şöhrətli olub, adla deyilib. Şəffaflığı, dadı, tamı çoxdur Sədərək üzümünün. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünəməxsus becərmə üsulu var. Mövüz, kişmiş, qışa milax üzüm asması indinin özündə də maraq doğurur. Bu kənddə yaşayan insanların əksəriyyətinin üzümçülükdə zəngin təcrübəsi var. Elə bu sahədən də az gəlir götürmürlər. Sədərəkdə üzüm təsərrüfat sahiblərindən olan ağsaqqal Əli İsmayılov deyir ki, kəndimizdə bu gün də səliqə-sahmanı ilə seçilən üzüm bağları çoxdur. Sədərəkdə üzüm bağları da özünəməxsusdur. Arxlar dərin olur. Arası isə 3 metr tənəklərdə, bir-birindən 2 metr məsafədə əkilir. Burada bu üsulla əkilən bağlara çox rast gəlmək olar. Üzüm orqanizm üçün çox əhəmiyyətli qida mənbəyidir. Tərkibində protein, yağ və bir çox insan orqanizmi üçün lazım olan maddələr və fərqli vitaminlər vardır. Qanı artırır, iştahı açır. Mədəni, bağırsaqları və böyrəkləri qüvvətləndirir. Həzm sistemini gücləndirir. Üzüm dərildikdən sonra nə qədər tez yeyilərsə, şəfası bir o qədər çox olar.
Gənc təsərrüfat sahibi Aydın Yaqubov bildirir ki, indi həyətində əsasən süfrə üzümləri - ağ üzüm və bir də kişmiş sortları yetişdirir. Ağ üzüm yetişəndə, kişmişləri isə əsasən qurutduqdan sonra satıb öz ailə büdcəsini zənginləşdirir. O qeyd edir ki, bu sahə ilə məşğul olması onun gəlirini daha da artırıb. Çünki adı ilə, tamı ilə seçilən Sədərək üzümünün alıcısı elə başının üstündədir. Müsahibimiz üzümün tumunun da çox xeyirli olduğunu qeyd etdi. Bildirdi ki, xərçəng xəstəliklərinə qarşı üzüm tumunun çəkilmiş suyundan istifadə olunmasında ilahi bir səbəb var. Ancaq bu toxumların bilmədiyimiz çoxlu faydaları da vardır. Nədənsə bazar, dükan və marketlərdə tumsuz, dənəsiz üzümlər daha çox alınıb-satılır. Çünki onun şəfaverici, sağlamlıq üçün əhəmiyyətli olmasına deyil, zahiri gözəlliyinə və bir də rahat yeyilməsinə aldanılır. Halbuki təbii üzümün dənəsi bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində dərman kimi istehsal olunur. Yavaş-yavaş bütün dünyada çoxalmağa başlayan üzüm tumu dərmanı çox keçməz ki, bütün əczaxanalarda öz yerini tapar. Aydın onu da qeyd etdi ki, dənənin ən mühüm faydası qan damarlarını mökəmləndirməsidir. Qan damarları insanın həyatı üçün hədsiz dərəcədə əhəmiyyətlidir. Çünki təpədən-dırnağa damarlarla əhatə olunmuş bədənimiz qanla qidalanır ki, həmin qan da damarlar vasitəsilə orqanlara çatdırılır.
Gülnarə Hüseynova
“Oğuz yurdu” qəzeti