Ordubad şaftalısı ətri və dadı ilə seçilir

A- A A+

Təbiətşünaslar, tarixçilər, şairlər, ədiblər öz əsərlərində Ordubad meyvələrinin ətri, dadı ilə insanı heyran etdiyini qeyd ediblər. Çəyirdəkli meyvələrdən olan şaftalı da rayonda qədim zamanlardan geniş becərilir. Hələ sovetlər dönəmində  Ordubaddan başqa quru meyvələrlə yanaşı, şaftalının quru meyvələri də Zaqafqaziyanın və Rusiyanın bir çox guşələrinə aparılaraq satılıb. 1314-cü ildə Tehranda nəşr edilən “Tarixi-aləmi-arayi-əbbasi” adlı kitabda Ordubad meyvə bağlarının, onun meyvələrinin, o cümlədən şaftalısının dünyada məşhur olduğu göstərilib. Avropa səyyahı Şopen yazırdı: “Ordubad çay dərəsinin səfalı yamaclarında yerləşib. Şəhər əhalisinin əsas məşğuliyyəti bağçılıqdır. Geniş meyvə bağları hər tərəfdən şəhəri əhatə edir. Ordubadın meyvələri bütün Orta Şərqdə şöhrət tapıb. Albuxarası, şaftalısı, əriyi, heyvası, cəvizi əladır”. 1562-cı ildə Ordubada səyahət edən ingilis səyyahı Antoni Cenkinson: “Mən Ordubadda gözəl bağlar, ətirli iri şaftalı gördüm ki, buna heç yerdə rast gəlməmişəm. Ordubad gözəl meyvə bağları il diqqəti cəlb edir” deyə yazır. 1703-cü ildə Hollandiya səyyahı Lebuyunu  isə yazır ki: “Ordubadın hər yeri zahiri görünüşü ilə olduqca gözəl və diqqətəlayiqdir. Burada olan bağların meyvəsi gözəl, ətirli, lətif və şirindir”. Akademik İ.İ.Vavilov Ordubadda olarkən Ordubadın sulu dərələrini “Cənnət vadiləri” adlandırıb və burada becərilən şaftalı sortları onun xüsusilə diqqətini cəlb edib. Akademik qeyd edib ki, Ordubad şaftalısı çox iri və ətirli olur. Salami və tərəlli sortunun meyvəsini yeyən hər bir adam ömrü boyu onun dadını unutmaz. Ordubad şaftalısı Zaqafqaziyada ən yaxşı şaftalı hesab edilir”. 1861-ci ildə ABŞ-da açılan beynəlxalq meyvəçilik sərgisində  Ordubad şaftalısı yüksək qiymət alıb, XX əsrin əvvəllərində Berlində keçirilən beynəlxalq meyvəçilik sərgisində  mükafata layiq görülüb.

1961-ci ildə İtaliyada təşkil edilən dünya kolleksiyasına Ordubad şaftalısının, əriyinin hər birinin iki sortu göndərilib: Ağ nazlı, narıncı, yarma zəfəranı, ağ alanayı, növrəst salami, Ordubad hulusu, payızı salami, alanayı, ağ güştü, payız güştüsü, əriyin ağ təbərzə, abutalibi sortlarının mükafata layiq olması 1962-ci ildə İtaliyadan alınmış məktubda qeyd edilib. Ordubad şaftalısı 1939, 1953, 1954 və 1955-ci illərdə  keçirilən kənd təsərrüfatı, 1961-1962-ci illərdə Ümumittifaq xalq nailiyyətləri sərgilərində də yüksək qiymətə layiq görülüb.

Şaftalı qiymətli meyvədir, lakin ömrü azdır. Yaxşı qulluq edildikdə 15-20 il yaşayıb məhsul verir. Ən tez birinci, ikinci ili meyvə verir. Bir meyvəsinin ağırlığı 40 qramdan 900 qrama qədər olur. Meyvəsinin tərkibində 14,5 faizədək şəkər, 1,1 faiz turşu və sair maddələr vardır. Ordubad rayonu şəraitində mayın 25-dən yetişməyə başlayan şaftalıya  noyabrın 25-nə qədər bağlarda rast gəlinir. Belə bir uzun müddət  bu meyvənin  bağlarda olması onun sortlarının inkişaf etdirilməsinə imkan verir. Bu səbəbdən bu gün də Ordubad bağlarında  şaftalının becərilməsinə xüsusi diqqət yetirilir.  Həmçinin son illər  iməcliklər yolu ilə rayon ərazisində salınan hektarlarla meyvə bağları arasında da şaftalı bağları  çoxluq təşkil edir. Beləliklə, Ordubadın qədim meyvəçilik şöhrəti özünə qaytarılır.

 Əbdül Haşımov

 Bağban

“El həyatı”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: