Gənc yanğınsöndürənlər and içiblər - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində gənc yanğınsöndürənlərin andiçmə mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, gənc yanğınsöndürənlər Azərbaycan Respublikasına sadiq olacağına, dövlət sirrini və xidməti sirri qoruyacağına, fövqəladə hallar orqanları əməkdaşının şərəf və ləyaqətini uca tutacağına and içiblər. Andiçmə mərasimi başa çatdıqdan sonra çıxışlar olub.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov, Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov andın əhəmiyyəti barədə məlumat verib, onların qarşısına qoyulmuş vəzifələrdən danışıblar. Gənc yanğınsöndürən Hacıyev Turac həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edib, yaradılan şəraitdən düzgün istifadə edərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə söz verib.
Nazirliyin Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin təbrik telefonoqrammasını şəxsi heyətə çatdırıb, onlara xidməti vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayıb.
Sonda gənc yanğınsöndürənlər tribuna önündən keçiblər.