AMEA-nın psixologiya üzrə ilk müxbir üzvü olan Oruc Həsənli Naxçıvan Müəllimlər İnstitutunun rektoru və Ali Məclisin deputatı kimi də səmərəli fəaliyyət göstərib, dərin səmimiyyəti və qayğıkeşliyi ilə elm və təhsil ictimaiyyətinin dərin hörmət və ehtiramını qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsində alimin 70 illiyi ilə bağlı keçirilən tədbirdə danışılıb.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Oruc Həsənlinin elmi-pedaqoji fəaliyyətinin əsasını psixologiya, ümumi psixologiya, sosial psixologiya, ailə psixologiyası istiqamətində apardığı elmi tədqiqatlar təşkil edir. Oruc Həsənli bu istiqamətdə 26 kitab və monoqrafiyanın, 220-dən artıq elmi məqalənin müəllifi olub. Psixologiya elmi üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində də alimin mühüm xidmətləri vardır. Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktoru, 15 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edib.
Tədbirə onlayn qatılan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli Oruc Həsənlinin elmi ictimai fəaliyyətindən danışıb. Qeyd olunub ki, Oruc müəllim tanınmış elm və təhsil təşkilatçısı, nüfuzlu alim olmaqla bərabər həm də respublikamızın, xüsusilə Naxçıvan ictimai-siyasi həyatında özünəməxsus üstünlükləri ilə seçilən vətənpərvər ziyalılarımızdan idi.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov, Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, pedaqogika üzrə elmlər doktoru Fərahim Sadiqov və Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya elmləri doktoru, professor Akif İmanlının Oruc Həsənlinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışları dinlənilib.
Sonra Oruc Həsənlinin ailə üzvləri tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, xatirələrini bölüşüblər.
Tədbirdə professor Oruc Həsənlinin elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı slayd nümayiş olunub.
Adilə Səfərova