Naxçıvan: Təsərrüfat xəbərləri - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir neçə ailə təsərrüfatı sahibkarları ilə fərdi qaydada 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı tədbir keçiriblər.

Tədbirdə qışlama dövründə mal-qaranın yemləndirilməsi, saxlanması və zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti vurğulanıb, iştirakçıların sualları cavablandırılıb. Mütəxəssislər onlara özlərinin hazırladıqları buklet informasiya kitabçaları paylayıblar.

Kəngərli rayonunda isə “Payız şumunun və səpinin optimal müddətdə  aparılması yüksək  məhsul əldə olunmasına zəmin yaradır” mövzusunda tarla-seminar müşavirəsi keçiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Xaliq Abbasov və Valeh Mehdiyev çıxış edərək bildiriblər ki, kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının strateji əhəmiyyətli və gəlirli sahələrindən biridir. Əhalinin məşğulluğunun təmin olunmasında əkinçilik sahəsinin də özünəməxsus payı vardır. Artıq muxtar respublikada payız şumunun aparılmasına başlanılıb. Sahələrdə şum qaldırılmazdan əvvəl torpaqlar analizə olunmalı, torpaqda çatışmayan mikroelementlər üzvi və mineral gübrələr vasitəsilə torpağa verilməlidir. “Torpaq mülkiyyətçiləri bilməlidilər ki, vaxtında keyfiyyətli şum aparmaq, növbəli əkin sisteminin tətbiqi və  rayonlaşdırılmış toxum  sortlarından istifadə etməklə  daha yüksək məhsuldarlığa nail ola bilərlər”, - deyə tədbirdə vurğulanıb.

Mütəxəssislərin hazırladıqları buklet informasiya kitabçaları torpaq mülkiyyətçilərinə paylanılıb.

Naxçıvan Muxtar Respublikasında əkin dövriyyəsinə daxil olan torpaq  sahələrindən səmərəli istifadə olunması məqsədilə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət işçi qrubu Ordubad rayonunda torpaqların monitorinqini aparıblar. Monitorinqin aparılmasında məqsəd torpaqların şorakəndlik dərəcəsi, aşınmaya məruz qalması, şorlanan torpaq sahələrinin dürüstləşdirilib aşkara çıxarılması və aqromelorativ tədbirlərin aparılmasından ibarətdir. Monitorinqlər muxtar respublikanın bütün rayonlarında davam edəcək.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin  mütəxəssisləri coğrafi iqlim şəraitinə görə xarakterik olan bəzək, bağçılıq, xalq təbabəti və eləcə də  insanların gündəlik qida rasionunda xüsusi əhəmiyyətə  malik olan çaytikanı bitkisi haqqında təbiəti sevən  insanlara geniş məzmunda məlumat verərək maarifləndirmə tədbiri həyata keçiriblər.

Tədbirdə nazirliyin əməkdaşları Əsgər Həsənov, Səməddin Əsgərov qədim əkinçilik mədəniyyətimizin ən qiymətli sahələrindən olan meyvəçilik sahəsində bu bitkinin iqtisadi səmərəlilik baxımından önəmli xüsusiyyətlərinin izahını verib və becərilməsi haqqında tövsiyələrini çatdırıblar.                                                              

                                                    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

                                                                      Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: