NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “İlandağ” geoparkı ilə bağlı yaradılmış işçi qrupunun növbəti iclası Bölmənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərinin iştirakı ilə baş tutub.
İclasda həyata keçirilən ekspedisiyaların nəticələri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, işçi qrupu tərəfindən layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji və geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb. Culfa, Babək və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, ətraflı təsvirləri verilib. Pasport-qeydiyyat kartları hazırlanıb. Geoparkın ərazisinə daxil olan obyektlərin bir hissəsinə gedən yollar müasir standartlara uyğun qurulub, həmçinin geoparkın ərazisinə daxil olan Gəmiqaya abidəsi dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Abidəyə yaxın ərazidə yaradılan muzey turizmin gələcəkdə daha da inkişaf etdirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, nadir geoloji, geomorfoloji, təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması üçün materiallar işçi qrupu tərəfindən sistemləşdirilib.
Adilə Səfərova