Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 21-i axşamdan avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, şimal-qərb küləyi əsəcək, küləyin sürəti 18-23, 25-30 metr/saniyə olacaq, avqustun 22-si axşam, avqustun 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 32-35 metrədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək.
Avqustun 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 15-20, 23-28 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 30-35 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu tədricən 5-10° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.