Kaliforniyada +54,4 ℃: Ümumdünya Meteorologiya Təşkilatının ekspertləri məlumatları yoxlayırlar

A- A A+

Kaliforniyanın Ölüm Vadisindəki Fernis-Krik yaşayış məntəqəsində bazar günü “bütün göstəricilər üzrə” havanın temperaturu +54,4 ℃-yə çatıb.

Bunu Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) nümayəndəsi Kler Nullis Cenevrədə brifinq zamanı bəyan edib. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, məlumatlar təsdiqlənərsə, bu, 1931-ci ildən etibarən ən yüksək qlobal hədd, bütün müşahidə tarixində isə üçüncü ən yüksək göstərici olacaq.

ÜMT nümayəndəsinin sözlərinə görə, beynəlxalq ekspertlərdən ibarət komissiya alınan məlumatları təsdiqləməyə çalışır: mütəxəssislər Kaliforniyadakı stansiyanın avadanlıqlarını yoxlayır, orada tətbiq olunan tədqiqat metodlarını qiymətləndirir və alınan parametrləri yaxınlıqdakı digər meteomərkəzlərdən gələn məlumatlarla müqayisə edirlər.

Bütün müşahidə dövrü ərzində ən yüksək (+56,7 ℃) hava temperaturu 1913-cü ilin 10 iyul tarixində məhz Fernis-Krikdəki meteostansiyada qeydə alınıb. Növbəti rekord Tunisə məxsusdur. Belə ki, +55 ℃ hava temperaturu 1931-ci ilin iyulunda Tunisin Kebili vilayətində, üçüncü rekord, +54 ℃ isə 2016-cı ilin iyul ayında Küveytdə qeydə alınıb.

Nullisin qeyd etdiyi kimi, ilkin məlumatlara görə, Kaliforniya stansiyasındakı avadanlıq dəqiq işləyir və alınan göstəricilər real mənzərəni əks etdirir. Lakin yoxlama prosesi bir neçə ay çəkə bilər.

Bu məlumatlar hazırda ABŞ-dakı ümumi mənzərədə də öz təsdiqini tapır. Ölkənin qərb sahili güclü istilik dövrünü yaşayır. Yerli hava xidməti bununla bağlı əhaliyə bir neçə dəfə xəbərdarlıq edib.

“Xidmət sahəsinə Ölüm Vadisinin də daxil olduğu Las-Veqasdakı meteomərkəz özünün “Twitter” səhifəsində ekstremal isti hava şəraitinin uzun çəkəcəyi barədə xəbərdarlıq edib”, - deyə Nullis bildirib. Onun sözlərinə görə, temperaturun yenidən yüksələcəyi və ötən bazar günü “rekord”unun təkrarlana biləcəyi istisna olunmur.

ÜMT ekstremal yüksək hava temperaturunun buzlaqların əriməsini sürətləndirməsi və Arktikada yanğınları şiddətləndirməsi barədə həyəcan təbili çalır. Bu arada Kaliforniyadan alınan analoji məlumatlar ciddi narahatlıq doğurur. Ötən həftə Qərbi və Mərkəzi Avropa ölkələrində də yüksək hava temperaturu müşahidə olunub. Avqustun 17-də isə Yaponiyanın Hamamatsu stansiyasındakı sensorlarda rekord milli göstərici (+41,1 ℃) qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: