NUHÇIXAN İnformasiya Agentliyi hesablamalarla bağlı məlumatı oxuculara təqdim edir:
Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, Vergi Məcəlləsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır.
Qeyd: Pandemiya ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminə uyğun olaraq Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını təyin edilmiş vaxta təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.
Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə nəzərdə tutulmuş hesabatı cari ilin sentyabrın 1-dək vergi orqanına təqdim edir və hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.
Müvəqqəti vergi rejimi 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Müəyyən edilən müddət bitdikdən sonra vergilərin ödənilməsi müddətləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.