İqtisadiyyat Nazirliyi tərəfindən daxili bazarın təhlil edilməsi, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarük olunması və ehtiyatın yaradılması daim diqqətdə saxlanılmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə məruzə edən nazir Tapdıq Əliyev deyib.
Nazir bildirib ki, bu ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2900 ton olan 3 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb. Meyvə-tərəvəz məhsullarının tədarükünün daha səmərəli təşkili məqsədi ilə “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 800 ton olan yeni soyuducu anbarın yaradılması istiqamətində layihələndirilmə işləri aparılıb və tikintisinə başlanılacaq. Soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə Sahibkarlığın İnkişaf Fondu tərəfindən sahibkarlara 4 milyon 448 min 840 manat, o cümlədən 2020-ci ilin ötən dövründə bu istiqamətdə 66 min manat dövlət maliyyə dəstəyi göstərilib.
“İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən soyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 234 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib.
Muxtar respublikada 138 min 139 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 30 istixana təsərrüfatı fəaliyyət göstərir.
Qeyd olunub ki, 2020-ci ilin ötən dövrü ərzində mövsümi tələbatın ödənilməsinin yaxşılaşdırılması məqsədilə ümumi sahəsi 5 min 815 kvadratmetr olan 8 istixana təsərrüfatının yaradılması, 696 kvadratmetr olan bir istixana təsərrüfatının fəaliyyətinin bərpası başa çatdırılıb.
Son illər ərzində istixana komplekslərinin yaradılmasına Sahibkarlığın İnkişaf Fondu tərəfindən 4 milyon 652 min 600 manat güzəştli şərtlərlə kredit verilib.
Hazırda muxtar respublikada gündəlik istehsal gücü 428 ton olan 19 taxıl emalı müəssisəsi mövcuddur.
Məruzə ətrafında nazirlik əməkdaşlarının çıxışları dinlənilib.
Müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Adilə Səfərova