Civə zəhərlənməsi insan orqanizmi üçün təhlükəlidir

A- A A+

Civə adi otaq temperaturunda maye halında olan yeganə metaldır. Gümüşü rəngdə olan civə buxarları havadan 7 dəfə ağırdır və həddən artıq zəhərlidir. Civə buxarlarının təhlükəli xassələrindən biri onun taxta, divar kağızı və plastik kütlə kimi səthlərə boya kimi aktiv hopmasıdır. Termometrdə olan 2 qram civə 6000 m3  havanı çirkləndirir.

Sınmış termometrdən dağılan civə qatı maye halında olur. Bu zəhərli maddə asanlıqla xalçanın xovuna, döşəmənin arasına yayıla bilər. Yavaş-yavaş buxarlanan civə havanı zəhərləyir. Tibb mütəxəssisləri hesab edirlər ki, əgər insan bu hava ilə nəfəs alarsa, civə onun orqanizmində - böyrəklərində, qaraciyərində və beynində toplanaraq civə zəhərlənməsi yaradır ki, bu da əsəb sistemini pozur.

Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinə daxil olan məlumatlar arasında fərdi yaşayış evlərində və mənzillərdə vətəndaşların ehtiyatsızlığı ucbatında məişət termometrlərinin yerə düşərək qırılması nəticəsində civənin yerə dağılması ilə bağlı olan məlumatlar üstünlük təşkil edir:  

NUHÇIXAN İnformasiya Agentliyi  bununla bağlı Nazirliyin vətəndaşlara tövsiyəsini təqdim edir:

Əgər evdə termometr sınıbsa, təcili olaraq civənin yayılmaması üçün  qalıqlarını toplamaq lazımdır. Birinci iş otaqda olan hər kəsi, xüsusən də maraqlı və gümüşü görünüşü olan civə hissəcikləri ilə oynamağa həvəs göstərən balaca uşaqları təcili otaqdan uzaqlaşdırmaq lazımdır ki, onlar civə hissəciklərini uda bilməsinlər. Çünki civə və onun buxarlarının təsirinə uşaq orqanizmi daha həssasdır. İkinci iş isə “112” qaynar xəttinə zəng vuraraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən məsləhət almaq və onların tövsiyələri əsasında zəruri işləri görməkdir. İlk öncə otağın pəncərələri açılmalıdır. Nəzərə almaq lazımdır ki, evin bütün qapı-pəncərəsini eyni anda açıq vəziyyətda saxlamaq olmaz. Bu zaman civə hissəcikləri digər otaqlara yayıla, divara və ya mebelə yapışa bilər.

Otağın civə hissəciklərindən təmizlənməsi üçün ağzı kip bağlanan şüşə bankalardan, böyük polietilen kisələrdən, tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetkadan, pambıq və yapışqan plastır kəsikləridən, həmçinin rezin əlcəklərdən və stolüstü lampadan istifadə olunmalıdır.

Civə dağılmış otağı izolyasiya etmək, pəncərələri açaraq temperaturun aşağı salınmasını təmin etmək və dağılmış civənin üzərini isladılmış kağız, qəzet, vərəq və ya yaş əski parçası ilə örtmək (kondisioneri və ya ventilyatoru işə salmaq olmaz),Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər çirklənmiş əşyaları (paltar, xalça və s.) toplayaraq polietilen kisələrə doldurmaqla eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə müvəqqəti saxlamaq lazımdır.

Əgər civə xalçaya dağılıbsa, onu azı 3 ay istifadə etmək olmaz. Yaxşı olar ki, xalça açıq havada qalsın.

Yadda saxlamaq lazımdır ki, civə hissəciklərini yığan zaman tozsorandan istifadə etmək olmaz. Belə ki, tozsoran işləyən zaman civənin başqa otaqlara yayılmasına səbəb ola bilər. Toplanmış civə hissəciklərini süpürgə ilə toplamaq, zibil qutusuna və ya kanalizasiya xəttinə atmaq olmaz.  

Civə zəhərlənməsinin əsas əlamətləri ümumi zəiflik, udlaq və ağızın selikli qişasının mis rəngində qızarması, ağızda metal dadın hiss edilməsi, qarında kəskin ağrıların olması, bədənin hərarətinin 38-39 dərəcəyədək yüksəlməsi, iştahanın kəsilməsi, diş ətinin şişməsi, qızarması, qanaxması, oynaqlarda və ətraflarda ağrılar, bədəndə süstlük müşahidə edilir. Qeyd olunan bu əlamətlər qorxu hissi, şiddətli baş ağrıları, udlaqda ağrılar, nəbzin tezləşməsi, ürək zəifliyi, əzələlərin qıcolması ilə müşayiət olunur. Civə buxarları ilə ağır kəskin zəhərlənmələr zamanı vaxtında tibbi yardım göstərilməzsə, bir neçə gündən sonra ölümlə nəticələnə bilər. Civə və onun buxarları təkcə insanın daxili orqanlarını deyil, eyni zamanda dəri örtüyünü də zədələyir. O, saç tökülməsinə, dəri hissiyyatının dəyişməsinə səbəb olur, qızılca və skarlatina xəstəliklərinə xas olan səpkilər əmələ gətirir. Əksər hallarda ağ ciyərlərin iltihabı, yuxarı tənəffüs yollarının kataral iltihabı, sinədə ağrılar, öskürək və təngənəfəslik, çox hallarda dəridə güclü göyərmə də müşahidə edilir.

Əgər civə orqanizmə həzm sistemi ilə daxil olubsa, onda zərərçəkmişin mədəsi əvvəlcə 20-30 qr aktivləşdirilmiş kömür qatılmış su və ya su ilə qarışdırılmış yumurta ağı ilə bolluca yuyulur və ardınca süd verilir. Düyü həliminin verilməsi tövsiyə olunur. Həkim gələnə qədər burun, göz və ağız boşluğu 2%-li soda məhlulu ilə yuyulmalıdır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi muxtar respublikada fövqəladə halların və digər xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. “112” qaynar xəttinə və ya “101” xidmətinə daxil olan zənglərə cəld və çevik reaksiya verilərək baş vermiş hadisələrin nəticələri operativ olaraq aradan qaldırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: