Süfrələrimizi bəzəyən əvəzsiz nemət-Bal

A- A A+

Bal əvəzsiz nemət olmaqla yanaşı, həmçinin  yaxşı gəlir mənbəyidir. Culfa balı isə öz dadı, tamı və keyfiyyəti ilə muxtar respublikamızda tanınır. Ürəyə təpər verən can məlhəmi, min bir dərdin dərmanı balın artıq süzülmə vaxtıdır. Biz də bal süzümü ilə yaxından tanış olmaq üçün yolumuzu dağlar qoynunda qərar tutan Boyəhməd kəndinə saldıq. İlan kimi qıvrılıb dağların boynuna dolanan yollar bizi alınmaz qalalar, ulu dağlar diyarına aparırdı. Muncuq kimi dağların döşünə yerləşdirilmiş arı yeşikləri bu yerlərə özgə bir yaraşıq verirdi. Lap uzaqlarda başını duman bürümüş Göy dağ sanki zirvəsindəki qarın üşütməsindən təngə gəlib həsrətlə bizə boylanır, aranın istisindən pay umurdu. Muxtar respublikamızın və rayonumuzun aran kəndlərindən olan ailə təsərrüfatçıları bol məhsul götürmək üçün arı ailələrini Boyəhməd dağlarının qoynuna köçürüblər. Gül-çiçəyin arasında qatarlaşan arı ailələrinin düzümü hədsiz maraq doğurur. Bu yerlərdə arıçılığın inkişafı üçün son dərəcə əlverişli şərait var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası, arıçılara güzəştli kreditlərin,subsidiyaların verilməsi yeni uğurların qazanılmasına zəmin yaradıb. Həmçinin ənənəvi “arıçılıq məhsulları-bal” festivalının keçirilməsi də muxtar respublikamızda arıçılığın inkişafına stimul verib. Bu da arı ailələrinin, arıçılıq məhsullarının çeşidinin artırılmasına imkan yaradıb. Qədim tarixi olan arıçılıq rayonumuzun təsərrüfat adamlarının məişətində həmişə yer tutub və təsərrüfat adamlarının iqtisadi həyatında mühüm rol oynayıb. Arıçılığa gəlirli sahə kimi baxan, onu ildən-ilə genişləndirən ailə təsərrüfatçılarından Firəddin Hacıyev, Müseyib Quliyev, Ədalət Həsənov, Ramazan Əliyev və Oqtay Əliyev zəngin bitki örtüyünə, əlverişli təbii şəraitə malik olan Boyəhməddə arıçılığın qədim dövrlərdən təsərrüfat adamlarının məişətində və həyat tərzində mühüm rola malik olduğunu söyləyirlər. Bildirirlər ki, arıçılıq gəlirli sahədir. Ona qayğı və qulluq lazımadır. Gərək arının dilini biləsən. Ulularımız əbəs yerə deməyiblər ki, “Bəsləsən, atlas olar tut yarpağından”. Bunun üçün təbii imkanlardan bacarıqla istifadə etməliyik. El arasında deyilir ki, “Bal da çörək kimidir, zəhmət bahasına başa gəlir”. Bəli, arıçı gərək arının dilini, sirrini yaxşı bilsin. Ailə təsərrüfatçısıları müxtəlif çiçəklərdən toplanan, vitamin və minerallarla zəngin olan arı məhsullarının insan orqanizmi üçün faydalarından da danışdılar:

Təsadüfi deyil ki, dünya şöhrətli təbib İbn Sina da baldan bir çox xəstəliklərin müalicəsində istifadə edib. Hazırda da təbabətdə bal vasitəsilə mədəbağırsaq sistemi, böyrək, qaraciyər xəstəlikləri müalicə olunur. Bal orqanizmi möhkəmlədir, immuniteti artırır, onu müxtəlif xəstəliklərdən qoruyur. Arı südü də insan orqanizmi üçün vacib olan zəngin tərkibə malik əvəzedilməz məhsuldur. Müalicəvi xüsusiyyətlərinə görə o, baldan da üstündür. Bu dağlarda arı ailələrinə qulluq edən Dizə kənd sakini Abbas Hüseynovla da görüşdük. Ailə təsərrüfatçısı bildirdi ki, 50 ilə yaxındır bu işlə məşğuldur. Təsərrüfatında arı ailələrinin sayını xeyli artıraraq arıçılıq təsərrüfatı yaradıb. Həmsöhbətimiz arıların həyat tərzindən, çoxalıb artmasından, balın müalicəvi əhəmiyyətindən misallar gətirdi və arıların saxlanılması, arı xəstəliklərinə qarşı mübarizə üsullarından ətraflı söhbət açdı, bu dağların balının daha keyfiyyətli və ətirli olduğunu vurğuladı. Abbas kişinin sözlərinə görə, onu arıçılıqla məşğul olmağa düçar olduğu xəstəlik sövq edib. Dərdinə çarə tapılmadığından, həkimlər ona baldan istifadə etməyi məsləhət görüblər.

Bir neçə dəfə Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan “Arıçılıq məhsulları-bal” festivalında qalib olmuş Culfa şəhər sakini İlqar Hüseynov isə deyir ki, arı ailələrini yazda Culfa düzündə, yayın ilk aylarında isə Araz çayı kənarında saxlayıram. Çünki bu ərazidə arıların artıb çoxalması və keyfiyyətli bal toplaması üçün münbit şərait var. Yaz fəslinin gül-çiçəkli olması məhsullarımızın bol olmasına şərait yaradır. Hazırda bal süzümünə başlamışıq. Muxtar respublikamızda arıçılığı inkişaf etdirmək, keyfiyyətli məhsul istehsal etmək, məhsul bolluğu yaratmaq üçün bütün imkanlardan istifadə edirik. Ata-babasının arıçılıq peşəsini uğurla davam etdirən Şurud kənd sakini Arif Nuriyev də arı ailələrini bu dağlara gətirib. Arif Nuriyev bildirdi ki, Şurudun zəngin təbiəti arıçılıq üçün çox münasibdir. Biz ildən-ilə arı ailələrinin sayını artırmaqla bərabər, keyfiyyətli bal istehsal edilməsinə ciddi diqqət yetirir, muxtar respublika əhalisinin yüksəkkeyfiyyətli balla təmin olunması üçün var qüvvəmizlə çalışırıq. Arif Nuriyevin fikrincə, balın insan orqanizminə verdiyi xeyiri heç bir qida əvəz edə bilməz. Balın min bir dərdin dərmanı, əsl möcüzə olduğunu elm də təsdiq edib. Peşəkar arıçı əsl balla saxta balı fərqləndirən xüsusiyyətlərdən söz açdıqdan sonra bizi balsüzümü prosesini izləməyə dəvət etdi. Əvvəlcə pətəkdən şanılar çıxarılır, üstü iti alətlə təmizləndikdən sonra dörd-dörd xüsusi düzəldilmiş qurğuya qoyulur və həmin qurğu əl ilə hərəkətə gətirilir. Beş-on dəqiqə sonra şanılardan süzülmüş bal şüşə qablara yerləşdirilir. Beləliklə, culfalı arıçılar artıq pətəklərdən bal süzürlər. Onlar arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmaq, bununla həm məhsul bolluğu yaratmaq, həm də özlərinə yaxşı gün-güzəran qurmaq üçün çalışırlar.

                                                                           Ədalət Cəfəroğlu

                                                                      “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: