Naxçıvan şəhərinin məhəllələri - FOTOLAR
Hər bir şəhər tarixi abidələri, görməli yerləri ilə bərabər öz küçələri, məhəllələri ilə də tanınır. Məsələn, Moskva öz Arbatı, Paris Sen-Jermeni, Nyu-York Brodveyi, Bakı Dağlı, Torqovı və başqa məhəllələri ilə məşhur olub. Naxçıvan şəhəri də bütün şəhərlər kimi ta qədimdən məhəllələrə ayrılıb. Məlumdur ki, xalqımız çoxəsrlik tarixi dövründə şəhər və kəndlərdə xeyli bina, qala, hamam, bazar, dükan inşa edib, məhəllə, küçə və meydanlara öz düşüncə tərzinə uyğun, həmin küçədə yaşayan insanların peşəsi,sənəti və məşğuliyyəti ilə bağlı adlar veribdir. Naxçıvan şəhərində daha çox rast gəlinən bu adlar əsrləri adlayaraq günümüzədək gəlib çıxan milli-mənəvi sərvətimizdir. Belə adları öyrənmək xalqımızın dil tarixi, etnik mənşəyi, etnoqrafiyası, yaşayış tərzi, məşğuliyyət sahələri haqqında təsəvvürü genişləndirir, qan yaddaşımızla bağlı bir çox qaranlıq mətləblərin açıqlanmasında mühüm rol oynayır. Bu məhəllələrin adlarının hərəsində bir tarix, min məna gizlənir. Bəzisinin adı dini rəvayətlərdən götürülüb, bəzisi isə dahi şəxsiyyətlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə o cür adlandırılıb. Ta qədim dövrlərdən bəri Naxçıvan şəhəri 4 məhəlləyə bölünüb. Sarvanlar, Şahab, Əlixan və Qurdlar məhəlləsi. Hər bir məhəllənin adı haqqında müxtəlif əfsanələr, rəvayətlər, əhvalatlar mövcuddur. Sonralar əhalinin artımı, bölgələrdən köçlərin intensivləşməsi ilə bu dörd məhəlləyə yeni məhəllələr əlavə edilmiş və Naxçıvanda, ümumilikdə 13 məhəllə olmuşdur. Bunlar Oruc, Köhnəqala, Xoşulu, Çaparxan, Ziyilarx, Bilici, Xoylu, Qalalı, Uzundərə məhəllələridir. 1831-ci ildə verilmiş məlumatlara görə bu məhəllələrdə, ümumilikdə 5470 nəfərdən ibarət 1330 ailə yaşayırdı. Mənbələrdən məlum olur ki, Naxçıvan şəhərindəki məhəllələrin ərazisində çoxlu sayda tikililər – məscid, bazar, dükan, hamam və mədrəsələr mövcud olmuşdur. Günümüzdə mövcud olan mehmanxanaların və ticarət mərkəzlərinin rolunu isə o zamankı karvansaralar yerinə yetirirdi. İl boyu bu ərazidən keçən karvanlarla gələn insanları mehman edən, onlar üçün lazımi şərait yaradan karvansaralar həm də ən dəyərli məlumat qaynağı idi. Çünki buraya müxtəlif ölkələdən gələn insanlar öz aralarında məlumat mübadiləsi aparır, yeniliklərdən söz açırdılar. Sözsüz ki, karvansaraların yerləşdiyi ərazilərin əhalisi də buraya gələn qonaqlara müxtəlif xidmətlər göstərməklə, onlarla ticarət sövdələşmələri aparmaqla öz ruzisini qazanır, sənətkarlığın müxtəlif növlərini inkişaf etdirirdilər. Bu minvalla hər bir məhəllə, demək olar ki, sənətkarlığın bir növü üzrə peşəkarlaşırdı. Maraqlı burasıdır ki, Naxçıvanda hər bir məhəllənin özünəməxsus qayda-qanunları, adət-ənənələri olub və bu adət-ənənələr yüz illər boyunca yaşadılıb. Məsələn, məhəllələrdən birində olan toy mərasimində başqa məhəllənin cavanları çox nadir hallarda iştirak edərmiş. Əksər hallarda yad məhəllə insanlarının mərasimlərdə iştirakı yasaqlanarmış. Bundan başqa, “hansı məhəllədənsən?” sualı bu şəhərdə ən çox verilən sual olarmış. Bu suala cavab verməklə, öz məhəlləsinin adını çəkməklə həmin insan kim olduğunu, hansı xüsusiyyətlərə malik olduğunu müsahibinə çatdırarmış. Elə indi də Naxçıvan şəhər sakinləri arasında gedən söhbətlərdə məhəllə məsələsi gündəmdədir. Bu gün də söhbət əsnasında çoxları deyir ki, “filankəs filan məhəllədəndir, onlar bu xüsusiyyətə malik olurlar” və s. Doğma şəhərimizdəki bu qədim məhəllələr müasir dövrümüzdə də öz varlığını, adət-ənənələrini qoruyub saxlamaqdadır. Şahab, Əlixan, Qurdlar, Ağamalı, Çuxur, Xıncab və digər məhəllələrin əraziləri, sərhədləri hələ də bilinməkdədir. Təbii ki, bütün dünyada qloballaşma prosesinin getdiyi bir vaxtda xırda bir məhəllənin öz xüsusiyyətlərini tam olaraq qoruyub saxlaması mümkünsüzdür. Ancaq yenə də bu yaşayış zonalarında onların tarixin ta qədim zamanlarından aldıqları nəfəsi duymaq, hiss etmək çətin deyil. Maraqlı cəhət budur ki, Naxçıvan şəhərində nəinki uzaq keçmişdə, hətta muxtariyyət illərində, həmçinin müstəqillik illərində kifayət qədər məhəllə, küçə və meydan adları yaranıbdır. Mərhum tədqiqatçı-alim,AMEA-nın müxbir üzvü Adil Bağırovun apardığı araşdırmalarda da bu məhəllə, küçə və meydan adlarından geniş bəhs olunur:
“Əcəmi Naxçıvani”məhəlləsi. Naxçıvan şəhərində məhəllə adıdır. Naxçıvan şəhər XDS İK-nin 1989- cu il 15 oktyabr tarixli Qərarı ilə “Yeni Naxçıvan” yaşayış sahəsindəki 141-ci məhəlləyə “Əcəmi Naxçıvani” məhəlləsi adı verilib. Antroponim səciyyəli bu ad Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin adını əbədiləşdirmək məqsədi ilə bu məhəlləyə verilib. “Əcəmi Naxçıvani” seyrəngahı. Naxçıvan şəhərinin əsas meydan və seyrəngahlarından biridir. Meydan Möminə xatın türbəsinin ətrafını əhatə edir. Ulu öndər Heydər Əliyevin 1983-cü ildə qoyulmuş büstü, Heydər Əliyev Sarayının möhtəşəm binası, XII əsrdə (1186-cı ildə) inşa edilmiş məşhur Möminə xatın türbəsi, XVIII-XIX əsrlərə aid Xan Sarayı və Qızlar bulağı meydana xüsusi gözəllik verir. Meydanda Azərbaycan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr Naxçıvaninin abidəsi qoyulmuş və seyrəngah onun adı ilə adlandırılıb.
“Dədə Qorqud” meydanı. İndiki “Təbriz” mehmanxanasının qarşısında yerləşən Dədə Qorqud meydanı Naxçıvan şəhərinin tarixi meydanlardan biridir. Son 100 il ərzində meydanın adı dəfələrlə dəyişdirilib. İnqilabdan əvvəl burada Gömrükxana İdarəsi yerləşdiyi üçün ərazi “Gömrükxana meydanı”, sonra Naxçıvan hökumətinin binası bu ərazidə – Bazarçayın üstündə yerləşdiyi üçün 1930-cu ilə kimi bura “Sovnarkom meydanı”, həmin ilin iyun ayından “17-lər meydanı”, bir müddət “Xırda bağ”, 1980-ci illərdə isə “Təbriz meydanı” adlandırılıb. 1997- ci il aprelin 20-də ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin qeyd edilməsi haqqında” Fərmana əsasən, 1999- cu ildə yubiley beynəlxalq səviyyədə qeyd olunub, Naxçıvan şəhərinin mərkəzində Oğuz elinin ağsaqqalı Dədə Qorqudun şərəfinə abidə ucaldılmış və ərazi “Dədə Qorqud meydanı” adlandırılıb. Koroğlu meydanı. “Koroğlu” Naxçıvan şəhərinin əsas meydanlarından birinin adıdır. Şəhərin şərq girəcəyində yerləşən bu meydana 1988-ci ildə xalq qəhrəmanı Koroğlunun adı verilib. Meydanda Koroğlunun at üstündə bürüncdən heykəli ucaldılıb. Son illərdə Naxçıvan şəhərində aparılan genişmiqyaslı quruculuq tədbirləri çərçivəsində burada böyük tikinti işləri aparılıbdır.
Çənlibel məhəlləsi. Naxçıvan şəhərində yeni məhəllə adıdır. Bu ad Naxçıvan şəhər XDS İK-nin 1989-cu il 15 oktyabr tarixli Qərarı ilə “Yeni Naxçıvan” yaşayış massivindəki 10 nömrəli məhəlləyə verilib. Məhəllənin adı xalq qəhrəmanı Koroğlunun şərəfinə onun məskən saldığı Çənlibelin adından götürülüb.
Babək məhəlləsi. Məhəllənin adı Naxçıvan şəhər XDS İK-nin 1989-cu il 15 oktyabr tarixli Qərarı ilə təsbit edilmiş və şəhərin üçüncü mikrorayon yaşayış məntəqəsinə “Babək məhəlləsi” adı verilib. Adın mənşəyi xalq qəhrəmanı, görkəmli sərkərdə Babəkin adı ilə bağlıdır. Çimən məhəlləsi. Naxçıvan şəhərində keçmiş məhəllə adıdır. Məhəllə indiki 7 nömrəli tam orta məktəbin qarşı tərəfini əhatə edirmiş. Ötən əsrin 50-60-cı illərinə qədər bu ərazi əkin yeri, otlaq, çəmənlik imiş. Sonralar şəhərin inkişafı ilə əlaqədar ərazidə yeni tikililər, küçə və döngələr salınmış və məhəlləyə də ərazinin zəngin bitki örtüyünə görə “Çimən məhəlləsi” adı verilib. Əlincə məhəlləsi. Naxçıvan şəhər XDS İK-nin 1989-cu il 15 oktyabr tarixli Qərarı ilə şəhərdəki 2- ci mikrorayon yaşayış massivinə Əlincə məhəlləsi adı verilmişdir. Məhəllənin adı Əlincə qalasının adından götürülüb.
Gomayıl məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllə adlarından biridir. “Gomai” qədim tayfa adı olubdur. Naxçıvan şəhər XDS İK-nin 1989-cu il 15 oktyabr tarixli Qərarı ilə “Gomayıl məhəllə” adı rəsmiləşdirilmişdir. Bu tayfanın nümayəndələri əsasən bu məhəllədə, bir qismi isə Culfa rayonunun Saltaq kəndində yaşayır və tayfa adlarını qoruyub saxlayırlar.
Xətai məhəlləsi. Naxçıvan şəhərindəki bu qədim məhəllə əvvəllər “Hacıvar məhəlləsi” adlanıb. Məhəllə şəhərin indiki Xətai məhəlləsi istiqamətində çox da böyük olmayan bir sahəni əhatə edib və “Yeni Hacıvar” adı ilə tanıb. Sonralar məhəllədə tikinti-quruculuq işləri aparılmış, yeni yaşayış evləri tikilmiş və ərazi “Sultanabad” adlandırılıb. Sovet hakimiyyətinin ilk illərində kəndə Sovetabad, 1990-cı ildə isə Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi məqsədilə “Xətai” adı verilmişdir. İndi Xətai məhəlləsi Naxçıvan şəhərinin böyük bir hissəsini əhatə edir.
Qoçüstü məhəlləsi. Məhəllə indiki 10 nömrəli tam orta məktəbin ətrafını əhatə edir. Məhəlləyə daşdan yonulmuş qoç heykəli və onun ətrafında keçirilən mərasimlərlə bağlı bu cür ad verilib. Deyilənlərə görə, ötən əsrin ortalarına kimi məhəllə camaatı müxtəlif tədbirləri, bayram şənliklərini burada keçirər, axır çərşənbələrdə qoç heykəlinin yanındakı çeşməyə su üstünə gələrmişlər. Məhəllə adı xalqın hafizəsində yaşamış və Naxçıvan şəhər XDS İK-nin 1990-cı il 17 may tarixli Qərarı ilə rəsmiləşdirilib.
Məhəllə və meydan adları xalqımızın milli-mənəvi sərvəti, bölgədə şəhərsalma mədəniyyətinin qədimliyini təsdiqləyən ən etibarlı mənbələrdən biridir. Belə adları toplamaq və öyrənmək tarixi baxımdan son dərəcə böyük maraq doğurur. Bu adlar xalqımızın dil tarixi, etnogenezi, etnoqrafiyası, yaşam tərzi, el-obanın adət-ənənəsi, peşə və məşğuliyyət sahələri haqqında təsəvvürləri genişləndirir, qan yaddaşımızla bağlı bir çox qaranlıq mətləblərin açıqlanmasında mühüm rol oynayır.
Aydan Yunisqızı
“Nuh yurdu” qəzeti