Sadə qəhrəman - FOTOLAR

A- A A+

Kimdir qəhrəman? At belində, döyüşdən döyüşə atılan cəngavərmi, yeddibaşlı əjdaha ilə əlbəyaxa olanmı? Adətən, qəhrəman deyəndə insanlar məhz onları düşünür.

Bizim qəhrəmanlarımız  isə sadə insanlardır. Hər gün yolda qarşılaşdığımız, səndən, ondan, bizdən biridir. Halal zəhməti və əziyyəti ilə həyatın çətin sınaqlarında mübarizə aparanlardır  “Sadə qəhrəman”lar.

Dan yeri yenicə ağarsa da, kənddə gün artıq başlamış sayılır. Havanın işıqlanması ilə yurdumun insanının torpaqla təması başlayır. Kimi mal-davarını örüş sahələrinə aparır, kimi  onlar üçün ot, saman daşıyır, qışa yem tədarükü görür, kimi də pay torpaqlarında, geniş sahələrdə əkdiyi bağ və bostanlarda çalışır, onların bol məhsullu olması üçün qulluq edir. Çöllərdən traktorların səsi gəlir, yonca sahələri biçilir...

Səhərin şehli havasının və yenicə biçilmiş otların ətrini duyaraq kəndimizin pay torpaqlarına doğru yol alıram. Hər tərəf gülüstanı xatırladır. Yaşıllıqlar, bol məhsul, sahələrdə çalışan zəhmətkeş insanlar... Bir vaxtlar isə  bu dediklərimi bomboz çöllər, quru torpaq sahələri əvəz edirdi. 70-80–ci illərdə kəndimizdə salınan üzüm bağları ləğv edildikdən sonra kol-kos basmış torpaqlar uzun müddət istifadəsiz qaldı. Bu gün isə əkilməyən bir qarış torpaq da yoxdur. İnsan oğlu torpaqdan ikiəlli yapışıb ona can verir, əkir, becərir, torpaq da öz növbəsində onu yaşadır. Dövlətin hər zaman kəndlinin, əkinçinin, fermerin yanında olması, hər bir problemi üçün dəstək verməsi insanları zəhmətə, əkin-biçin işlərinə daha çox ruhlandırır. Budur, bir neçə ildir torpaqla ülfət bağlayan sadə qəhrəman Rövşən Əhmədov da  əkdiyi sahələrdə arx və bərələri qaydaya salır. Yaxınlaşıb: “Gününüz aydın, işiniz avand olsun”, - deyirəm. O isə əlini işdən çəkmədən: “Xoş gəlmisiz ilin, günün bu çağında. Kəndlinin günü-güzəranı budur”, - deyir.

- Sizin üçün gün nə vaxt başlayır?

- Səhər üzü saat 5-dən... Bir dəqiqə boş vaxtım olmur. Havalar çox isti olduğuna görə saat 12-yədək işləyirik. Saat 3-ə kimi dincəlib sonra yenə sahəyə gəlib hava qaralanadək əkinlərin arasında olur, gəzib dolaşıram. Əgər gəzməsəm, məhsul götürə bilmərəm. Hər kolun qayğısına qalır, hansına gün daha çox vurur, hansına gün vurmur, hansına su lazımdır - bütün bunları bilməliyəm. Bir sözlə, gecəm-gündüzüm yoxdur.  Hər nə iş olur olsun. Əgər bir işi can-başla, zövqlə görmürsənsə, o işin bəhrəsi olmaz. Yoxsa bu gün əkdim, bir həftə sonra gəlib baxacam, yox.  Mən bu işlə yaşayıram, alın təri axıtdığım torpaq ən yaxın dostum, həmdəmimdir.

- Necə oldu ki, torpağa mehr saldınız?

- Dədə-babadan qalan işdir. Atamın gördüyü işi yaşadıram. Artıq 6 ildir ki, qazancımı torpaqdan çıxarıram. Torpaq kəndli üçün qara qızıldır, kənd şəraitində yaşayan insan mütləq zəhmətlə dolanmalıdır.  Mən bu işə ilk dəfə pomidor əkini ilə başladım, qazanc götürdüm və əkin sahələrimi ilbəil genişləndirmək üçün çalışdım. Bu il soğan, kartof və pomidor əkmişəm. Torpaqlarımız o qədər bərəkətlidir ki, hər il iki dəfə yox, hətta 3 dəfə əkin aparmaq mümkündür. Həm yazlıq, həm də payızlıq əkin əkirəm. Yaz əkini üçün aprel ayının 20-si şitilləri sahələrə köçürür, payız məhsulu üçün isə iyun ayının 20-sindən sonra bu işləri görürük.

Əhalinin qida tələbatında mühüm rol oynayan kartof əbəs yerə “ikinci çörək” adlandırılmayıb. Şərurda hər bir əkinçi əkin sahələrində mütləq kartof da əkir. Çünki bu tərəvəz bizim torpaqlara yaxşı uyğunlaşır, gözəl də məhsul olur. Kartof sahəmdən yığımı yenicə yekunlaşdırmışam. Demək olar ki, hər koldan 2 kq-a yaxın məhsul toplanıb.

 Bostanımızda əkdiyimiz pomidor da məhsuldardır, az qala biri 1 kq çəkiyə malikdir. Hazırda pomidor yığımı davam edir, yazlıq pomidoru yığdıqdan sonra payızlıq pomidoru satışa cıxaracağıq. Beləliklə, payızın sonuna kimi bizim işimiz var.

-Əkinçilik zəhmət tələb edən sahədir. Çətinlikləri çoxdur. Amma çətinlikləri ilə bərabər zövqlü tərəfləri də  var?

  • Təbiətin qoynunda olub bu  işləri görəndən özümü ruhən sağlam, gümrah hiss edirəm. İşlədikcə sanki canlanıram, yorulmuram.  Bu işi görməyənlərə bəlkə də çətin gələr. Amma işin içində olanda alışır insan. Qum dənəsi boyda olan bir toxumun torpağa düşməsi, cücərməsi, boy verməsi, təbiətə gözəllik, insanlara bolluq və qazanc verməsi mənim üçün bu işin zövqlü tərəfidir. Hər bir bitkiyə övladım kimi baxıram. Kəndlinin də qazancı torpaqdadır.  Ən gözəl iş odur ki, o işdə alın təri axıdasan. Övladlarıma bu işdən çörək qazanıram. Onların da gələcəkdə işimi davam etdirəcəklərinə şübhəm yoxdur. Kənddəki cavanların da əksəriyyəti son illər mənə baxıb bu işlərə can atırlar. Bu gün muxtar respublikamızda meyvə-tərəvəz məhsulları sarıdan  bolluq var, elə bu bolluğun təminatçıları da mənim kimi zəhmetkeş təsərrüfat sahibləridir.
  • Günün istisində, yağışında, küləyində çalışmaq çətin deyil ki?
  • Əlbəttə, yorucu məqamlarım çox olur. Bir işin çətinliyi olmasa, dadı-duzu da olmaz. Gərək çətinlik, alın təri ola ki, gördüyün işin, qazandığın pulun qədrini biləsən.
  • Atalar gözəl deyib: “Su dirilikdir, su olan yerdə həyat da var”. Su olmasa,  çəkdiyiniz əziyyət də bəhrə verməz, elə deyil mi?
  • Sudan korluğumuz yoxdur. Arpaçayın hesabına Şərur torpağında su həmişə bol olub. Bu cəhətdən biz əkinçilərə çox köməklik edilir. Son illər suvarmada müasir metodlardan da istifadə edərək su itkisinə  yol vermirik. Həm də əkinçilikdə müasir suvarma metodlarının tətbiqi  məhsuldarlığa təsir edir.
  • Yaxşı məhsul yetişdirmək üçün əkinçilikdə də “sirr”lər çoxdur ki, hər əkinçi bunları bilməlidir...
  • Çox incə məqamları var. Biz bu sahədə məktəb oxumamışıq. Baxa-baxa, əkə-əkə bu işləri öyrənmişik. Ən çox təbii gübrələrdən istifadə edirik, əkin sahələri ot-alaqdan təmizlənməlidir ki, məhsul yaxşı olsun. Son illər tez-tez Kənd Təsərrüfatı Nazirliyindən də mütəxəssislər gələrək bizimlə bu mövzuda söhbətlər aparır, təcrübələrini bölüşürlər. Bu deyilənləri də əkinçilikdə tətbiq edərək daha yaxşı səmərə əldə edirik.
  • Bir sözlə, qara torpaq  üz ağlığı verib...
  • Bəli, atalar əbəs yerə deməyiblər ki, “torpaq üz ağardar”. Yetişdirdiyim  məhsul bol və keyfiyyətli olanda, çəkdiyim zəhmətin bəhrəsini dadanda, hər gün mənimlə bərabər bu sahələrdə çalışan 15 nəfər kənd sakininin də  evinə çörək aparmağını görəndə üzüm ağ olur. Şükür, torpaq bizi yaşadır. Həm maddi, həm mənəvi cəhətdən...
  • “Torpaq uşaq kimi ələ baxandı” deyiblər atalarımız. Rövşən əmi təkcə bu əkin sahələrinin mi qeydinə qalır, nazını çəkir?
  • Bağçılıqla da məşğuluq. Ərik və şaftalı bağlarım var. Cavan bağlardan hər il 15-20 ton məhsul götürürəm. Bağ sahələrini də gələcəkdə genişləndirmək niyyətindəyəm. Bağ da bizə bəhrəsini verir. Amma atalar yaxşı deyib: “Bağa baxarsan bağ olar, baxmarsan dağ olar”. Gördüyünüz kimi, (əli ilə yaxınlıqdakı bağını göstərir) bağa da yaxşı qulluq etməyimiz nəticəsində bu bəstəboy ağaclarda bu il də məhsul boldur. Bağımda əsas üstünlüyü payızlıq şaftalı ağacları  təşkil edir və bir  neçə gün sonra satışa çıxarıb onun da bəhrəsini görəcəyik, inşallah.
  • Rövşən əmi bütün bu işləri görərkən dəstəkçiniz, köməkçiniz kim olur?
  • Dövlət tərəfindən bizə göstərilən diqqət və qayğıdan ruhlanır, torpağa daha böyük həvəslə bağlanırıq. Kreditlə bizə lazım olan hər bir texnika və ləvazimatları alır, əlavə torpaqlar da icarəyə götürür və işlərimizi görürük. Zəhmətimiz də nəticəsiz qalmır, bol ruzi qazanır, yaxşı dolanırıq. Yaxşı dolanmaq istəyən gərək torpağa tər axıtsın. Dövlətimiz aqrar sahəyə diqqəti ilbəil gücləndirir, fermerlərə subsidiyalar verilir. Güzəştli şərtlərlə gübrə də satılır, texnika ilə də yardım göstərilir. Daha nə istəyirik? Ulu tanrı deyib ki, səndən hərəkət, məndən bərəkət...

-Bağ və bostan sahələrindən yığdığınız məhsulu ərsəyə gətirmək qədər onun satışını əldə etmək də elə asan deyil...

 Becərdiyimiz məhsulların alıcısı  həmişə var. Qiyməti də münasib. Hər gün sahələrdən yığdığımız meyvə-tərəvəzləri həm rayon bazarına göndərir, həm Naxçıvan şəhərindəki bazar və yarmarkalara çıxarır, həm də yol kənarında satışını təşkil edirik. Şərur torpağında yetişən meyvə, tərəvəz bazarlarda əl-əl axtarılır. Üzü payıza sarı gedən günlərdə işimiz daha da çoxdur, məhsul yığılacaq, torpaq şumlanacaq, aqrotexniki tədbirlər görüləcək”- deyir və soğan  sahələrini suvarmağa davam edir sadə qəhrəman.

Bu sözləri torpaq adamının dilindən eşitmək isə fərəhvericidir.  İşini sevən, çörəyini torpaqdan çıxaran sadə zəhmət adamı  hava istiləşənədək bu gün üçün nəzərdə tutduğu işlərin bir qismini görməlidir, qalan işlər isə günün ikinci yarısında sərin havada görüləcək. Odur ki, mən də onun vaxtını çox almıram, “Torpağın bərəkətli, qazancın bol olsun”, –deyib sahədən ayrılıram...

Onlar yazın ilk günlərindən ta payızın son gününədək təsərrüfat qayğılarını çəkirlər. Nəticədə həm öz ailələrinin qış azuqəsini yığır, həm də muxtar respublikamızın bazar və marketlərini, soyuducu anbarları tonlarla  meyvə-tərəvəz məhsulları ilə təmin edirlər.  Qışda isə bu sadə qəhrəmanlar əkin, bağ qayğılarından bir qədər uzaq qalıb dincələcək, qabarlı əllərinin bəhrəsini  yeyəcəklər. Sonra yaz gələcək,  bağban yenə ağacların qayğısını çəkəcək, əkinçi yenə torpağa toxum səpəcək daha xoş günlər, bolluq və firəvan həyat üçün...

                                                               Türkanə Əmoyeva

                                                                       NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: