FHN-nin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə elan olunan müsabiqənin test imtahanı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində 10 vakant vəzifənin tutulması üçün elan olunan müsabiqənin test imtahanı keçirilib.
Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, keçirilən test imtahanında namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib.
Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 20 namizəd sənəd təqdim edib, onlardan 19-u test imtahanında iştirak edib. Test imtahanlarında müvafiq keçid balını toplayan 7 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Test imtahanından müvəffəqiyyət qazanan namizədlər imtahanın nəticələri elan edildiyi gündən 10 iş günü müddətində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qanunvericiliyə əsasən müsahibə mərhələsi sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçiriləcəkdir.
Test imtahanında sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilib.