Ədəbiyyatşünaslığın aktual problemlərinin tədqiqində mühüm xidmətləri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli 40-dan çox kitab və monoqrafiyanın, 350-yə yaxın elmi, yüzlərlə publisistik məqalənin müəllifi olub. Bu göstəricilər onun gərgin və səmərəli elmi fəaliyyətinin ən uğurlu nəticələridir. Alim əsərlərində tədqiq etdiyi mövzunun aktuallığını və əhəmiyyətini tutarlı faktlarla gündəmə gətirir, yeni elmi baxışlar müstəvisində təhlil süzgəcindən keçirir və ümumiləşdirilmiş nəticələr verirdi.
Hüseyn Həşimlinin tərcümeyi-hal göstəricilərinə qısa nəzər salaq: O, 1965-ci ilin isti yay günlərindən birində, avqustun 25-də muxtar respublikamızın ucqar dağ kəndlərindən olan Teyvazda dünyaya göz açıb. 1986-cı ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirib, həmin ildən 2019-cu ilədək Naxçıvan Dövlət Universitetində müəllimlikdən tədris işləri üzrə prorektor vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. Onun 55 illik ömür yolunun 33 ili, yəni yarıdan çoxu doğma ali təhsil ocağı ilə bağlı olub. Universitetdə gənc kadrların hazırlanması işində böyük əmək sərf edib. Belə bir mənəviyyatın saldığı işıqla o, yeni tədqiqatçılara həyan olub, onların araşdırmalarına elmi rəhbərlik edib, düzgün yol göstərib. Оnun qabiliyyəti, istеdadı, zəhmətsеvərliyi, məhsuldarlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: Hüseyn Həşimli elmi nəticələrinə və təhsil quruculuğu sahəsindəki xidmətlərinə görə 2007-ci ildə 42 yaşında Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb. O bu dəyərli adı yaşadığı cəmiyyətlə, əhatə olunduğu mühitlə bir yerdə qazanıb. 2009-cu ildə Türkiyədə “Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü”nə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Böyük elmə gedən yoldakı ilk uğurunu 1985-ci ildə “Ən yaxşı tələbə elmi işinə görə” qazanıb. Gələcəyin görkəmli aliminin hələ tələbə ikən əldə etdiyi bu nailiyyəti onun fitri istedadının xəbərçisinə çevrilib. Hüseyn Həşimlinin xoşbəxtliyi onda idi ki, həmişə müəllimlərinin sevimli tələbəsi olub. Onun ictimai həyatdakı və elm sahəsindəki uğurları Hüseyn Həşimliyə dərs deyən insanların qəlbini iftixar, sevinc və fərəh hissi ilə doldurub.
1998-ci ildə Naxçıvan elmi mühitində mühüm hadisə baş verdi. İlk dəfə olaraq doğma ocağımız olan Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurası öz fəaliyyətinə Hüseyn Həşimlinin “Azərbaycan ədəbiyyatında sentimentalizm” mövzusunda yazdığı fundamental bir elmi tədqiqat işinin müdafiəsi ilə başladı. Və həmin gün Azərbaycan elmi ictimaiyyəti əyalət hesab olunan regionda necə böyük elmi işlər ərsəyə gətirildiyinin canlı şahidi oldu. Elə həmin gün Ali Attestasiya Komissiyası tərəfindən diplom alması bizim mühitimizdə sensasiyaya səbəb oldu. Bu cür ilklər idi Hüseyn Həşimlini digər həmkarlarından fərqləndirən. Beləcə, bir tarix ömrün başlanğıcı burdan başladı. O, 2011-ci ildə “Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar” mövzusunda elmlər doktorluğu dissertasiyasını da uğurla müdafiə etdi. 2003-cü ildə dosent, 2017-ci ildə aldığı professor elmi adlarını ən uğurlu ünvanına çevrildi və bu titulları şərəf və ləyaqətlə daşıdı.
Hüseyn Həşimli ədəbiyyatşünaslıq elmimizə ən çox töhfələr verən, müasir ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan görkəmli ədəbiyyatşünas alimlərimizdən idi. Onun ədəbiyyat nəzəriyyəsini və ədəbiyyat tarixini dərindən və mükəmməl bilməsi alim yoldaşlarında da böyük maraq və heyrət doğururdu. Təsadüfi deyil ki, Hüseyn Həşimliyə elm aləmində böyük nüfuz qazandıran “Azərbaycan poeziyasında sonet və terset”, “Azərbaycan mənsur şeirinin təşəkkülü”, “Azərbaycan ədəbi mühiti və türk dünyası”, “Əli Məhzun və “Ədəbiyyata dair” əsəri”, “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı”, “Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri” və s. bir-birinin ardınca işıq üzü görən əsərləri məhsuldar alimin gərgin əməyinin bəhrələri idi. Onun zəngin irsini akademik İsa Həbibbəyli belə dəyərləndirir: “Professor Hüseyn Həşimli elmi fəaliyyətində ədəbiyyat nəzəriyyəçiliyi ilə ədəbiyyat tarixçiliyini qoşa qanad kimi inkişaf etdirib və onların qarşılıqlı əlaqəsi əsasında orijinal elmi əsərlər yazıb nəşr etdirib. Alimin ədəbiyyat nəzəriyyəsi üzrə ədəbi cərəyanlara, lirik ədəbi növün janrlarına, klassik ədəbi irsə və mənsur şeirin poetikasına həsr olunmuş tədqiqatları yüksək nəzəri səviyyəsi və fakt zənginliyi ilə səciyyələnir. Hüseyn Həşimli hazır sxemlərdən deyil, ədəbiyyat tarixinin daxili təkamül proseslərindən çıxış edərək nəzəri model yaratmağı bacaran alimlərdən idi. Hüseyn Həşimlinin imzası onun elmdə özünüisbatının möhürü idi”.
XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əli Səbri Qasımov, Ələkbər Qərib Naxçıvanlı, Abdulla Divanbəyoğlu, Səid Səlmasi, Əlipaşa Səbur Hüseynzadə, Əli Məhzun, Məhəmməd Əli Sidqi, Fərhad Ağazadə, Əliabbas Müznib, Nemət Bəsir kimi böyük maarifçilərimizin, işıqlı mütəfəkkirlərimizin, ziyalılarımızın, ədəbiyyat adamlarımızın arxiv rəflərində unudulan, xalqın yaddaşında itib-batmaqda olan irsinə yeni nəfəs, yeni ruh verib. Mehriban Sultanın təbirincə desək: “Bunlar bir ömrə sığmayacaq min bir ömür bəxşişidir elmimizə! Onun bir özünəməxsusluğu da elmdə kimsəsizlər kimsəsi olması, məhz unudulmuş ədəbi simalara yenidən əbədilik ömrü verməsi, milli elmi-ədəbi irsimizə qazandırması idi”. O “kimsəsizlər kimsəsi” olmaqla bu işığı öz kimliyində, təfəkküründə və əməlində yaşadan əsl ziyalı mənəviyyatının, ziyalı əqidəsinin bariz simasını göstərdi. Ziyalı kimi bu gün Hüseyn Həşimlini o şəxsiyyətlərlə birləşdirən bir dəyər də məhz budur: O, uzun illər böyük zəhmətlə ərsəyə gətirdiyi əsərlərinə öz ruhunu hopdurub. Onun səliqə-sahmanlı, nizam-intizama tabe olan axıcı dili, üslubu, fikirlərinin ifadə tərzi, analitik təfəkkürü oxucusunu məftun edirdi. Hüseyn Həşimli kimi yazmağı adama heç bir kəs öyrədə bilməz. Bu, insana fitrətən verilən bir istedad, Allah vergisidir. Onun işıqlı təfəkkürü, yaşını xeyli qabaqlayan müdrikliyi, həyatın qazandırdığı təcrübə, elmi yaradıcılığa, ictimai fəaliyyətə həsr olunmuş mənalı ömür yolu yetişməkdə olan biz filoloqlar üçün meyar, ölçüdür. Ona ömrün ixtiyar çağını yaşamaq, yavaş-yavaş qocalmaq nəsib olmasa da, müdriklik tale yoldaşı oldu. Sokratın belə bir sözü var: “Yaşama ki, 70 yaşın olsun, sənə müdrik desinlər, gəncliyində elə ol ki, sənə o yaşda müdrik desinlər”. O elə gəncliyində müdrikləşən, kamilləşən şəxsiyyət kimi tələbələrinin meyar şəxsiyyətinə, öz müəllimlərinin nümunəsinə çevrilib. XX əsrin sonlarına yaxın doğma universitetimizin rektoru olan İsa Həbibbəyli həmişə Hüseyn müəllimi təqdim edəndə “ehtiyatda olan elmlər doktoru” deməsi bütün auditoriyada xoş təbəssüm yaradır, biz gənclərdə isə sağlam mənada heyranlıq hissi oyadır, böyük alimlərdən öyrənən, nümunə götürən gənc tədqiqatçılar üçün motivasiya gücünü qaldırırdı. O bütün gənc filoloqlar üçün əzmkarlığın, məqsədyönlülüyün, alın təri ilə yoğrulan əməyin, zəhmətin yaratdığı nümunə idi. O, ictimai pillələrlə hər zaman irəlilədi. Dekan müavini, tədris işləri üzrə prorektor kimi çətin işin öhdəsindən gələrkən belə o, sərt metodlardan deyil, xarakterindəki sadəlikdən, səmimiyyətdən istifadə etdi. Məhz bu keyfiyyətlərin gücü idi ki, bütün tələbələr çox qısa zamandan sonra onu özlərinə doğma bilir, hər hansı bir müşkül işləri olanda onun ünvanına üz tuturdular. Hüseyn müəllim göstərdi ki, yüksək səslə müraciət etmədən, sərt qaydalar tətbiq etmədən də idarəçilik mümkündür. Ard-arda dörd çağırış Ali Məclisin deputatı olanda da Hüseyn Həşimli öz xarakterini zərrə qədər də olsun dəyişmədi. Nə vəzifə, nə status, nə ictimai nüfuz onun həlim xarakterini, xoş simasını dəyişdirdi. 1993-1997-ci illərdəki ən sevimli müəllimimiz necə sadə, təvazökar, səmimi, dostcanlı idisə, ötən illər bu xüsusiyyətlərin heç birini ondan ala bilmədi, əksinə, daha da mülayim və müdrik etdi. Şəxsiyyət etibarilə yetkin və özünə əminlik hisslərini daha da artırdı. Ən sağlam düşüncəli ziyalılardan biri kimi xatirəmizdə əbədi iz saldı.
Müəllimimizin araşdırmaları haqqındakı fikirlərini xatırladıqca, təəssüf hissi keçirirəm ki, onun gördüyü işlərdən daha da çoxu irəlidə idi. Sürətlə keçən xəstəlik və təsəllisiz sonluq onu sevənlərin ürəyində qaysaq tutmayan yaraya çevrildi. Həmin gün – 20 iyun həyat donuq və küskün vəziyyətə düşmüşdü. Bütün varlığımız Hüseyn Həşimli ruhuna köklənmişdi. Hər kəs eyni mövzuya kilidlənmişdi. Bütün sosial şəbəkələrdə hər kəs ondan yazırdı... kim idi bunlar?.. onu yetişdirən mühit, təmənnasız dostlar, eyni ziyadan nur alan saysız-hesabsız yetirmələr – bir sözlə, qədirbilən xalqımız. Bütün yazılarda Hüseyn Həşimlinin elminə, işgüzarlığına, siyasi əqidəsinə, şəxsiyyətinə yüksək dəyər verilir, bu nakam ömürdən geriyə qalan xatirələr dilə gətirilir, böyük bir acı ruha hakim kəsilirdi. İnsana ən yaxşı dəyər onu daim müşahidə edən insanlar tərəfindən verilir. Bu baxımdan Hüseyn Həşimli haqqında ölkəmizin nüfuzlu ziyalılarının, digər peşə adamlarının fikirləri onun monumental portretini daha da aydın göstərən vasitəyə çevrildi. İlk yazını Hüseyn Həşimlinin ömür yolunda, ziyalı taleyində böyük rol oynamış şəxsiyyətlərin nurlu obrazında öz əksini tapan böyük ədəbiyyatşünas alim, görkəmli elm adamı akademik İsa Həbibbəylinin 55 illik ömrün 30 ilindən yaddaşına əbədilik həkk etdiyi bəzi xatirələr və elmi təhlillərin əks olunduğu “Qəbul imtahanında əla qiymət almaqdan böyük elmə” adlı məqaləsi ilə Hüseyn müəllimin pərəstişkarlarının ürəyinə su səpmiş oldu.
İki beşlik bir ömrə bu qədər sevgini, bu qədər məhəbbəti necə sığdıra bilmişdi... Hər yerdə gözümüz Hüseyn Həşimlini axtarır: elmi məclislərdən, rəsmi kürsülərdən, mavi ekrandan, mətbuat səhifələrindən – bir sözlə, ədəbi sözün, alim fikrinin hakim olduğu hər yerdən. Kürsü üçün doğulmuşdu əsl söz adamı. Bu söz sərrafı üçün auditoriyanın böyüyü-kiçiyi yox idi. O hər zaman fikrinə, sözünə məsuliyyətlə yanaşır, cümlələri zərgər dəqiqliyi ilə seçir, çatdırmaq istədiyi mətləbi auditoriyaya aydın şəkildə ifadə edirdi. Sanki onun səsinin həlim ahəngi də Allahın ona bəxş etdiyi bir zənginlik idi. Belə qeyri-adi məziyyətləri Ulu Yaradan sevdiyi bəndəsinə bəxş edir. Bunun bir pedaqoq-alimin şəxsiyyətində kəsişməsi əvəzsiz xoşbəxtlik deməkdir. Hüseyn müəllim belə insanların şəxsi nümunələrindən biri idi. Onun yetirmələri ədəbiyyatı, poeziyanı bu səsin sehrində daha çox sevdi. Hüseyn müəllimin kürsüdən səsləndirdiyi şeir nümunələri bizim ruhumuza mirvari kimi süzülür, qeyri-ixtiyari olaraq yaddaşımıza həkk olunurdu. Həmkarlarımdan birinin: “Sizin qrupa hansı fənni tədris etmişdi?” - sualı məni xəyalən 25 il əvvələ apardı... nəinki Azərbaycan ədəbiyyatı, hətta Xarici ölkə ədəbiyyatı, Rus ədəbiyyatı və s. fənləri də bizim qrupa Hüseyn müəllim tədris edirdi. O, elmi dilinin aydınlığı, şirinliyi ilə böyük auditoriya sevgisini qazandı. Zəkasının hüdudları son dərəcə geniş görünən alim fitri istedadı, geniş mütaliəsi, həssas müşahidə qabiliyyəti, zəngin təcrübəsi, dolğun, bol həyat müşahidələri ilə geniş pərəstişkar ordusu qazanmışdı. Onun canlı və maraqlı məruzələri neçə-neçə tələbənin yaddaşında özünə silinməz iz buraxdı, bənzərsiz dərsləri, mühazirələri ilə neçə-neçə tələbənin həyat yoluna işıq saçdı.
İllərin zəhməti, qələmlə qırılmaz ünsiyyəti ondan sonra böyük bir irs qoydu. Qələmi nə vaxt əlinə aldığını deyə bilmərəm, amma onu yəqin bilirəm ki, onu heç yerə qoymadı. O, başladığı çox mövzunun son nöqtəsini qoya bilmədi. Təqdiri-ilahi... Amma onun yekunlaşdırdığı əsərlər son təsəllimiz oldu.
55 yaşın zirvəsindən baxanda həddən ziyadə məhsuldar yaradıcılıq, şərəfli və ləyaqətli bir ömür yоlunun səhifələri vərəq-vərəq canlanır insanın gözləri önündə. O bu qısa ömrə nələri sığdırmadı ki..! Hüseyn Həşimli ömrün bu zirvəsini neçə-neçə ömrə sığacaq yüksək ad-sanla, şan-şöhrətlə, xətir-hörmətlə, qədir-qiymətlə fəth etdi. Bu işıqlı şəxsiyyət keçmiş günlərin xoş xatirələrində əbədiyyət ömrü yaşayır.
Bu ilin may günlərindən birində Ədəbiyyatşünaslıq şöbəsində adlar sistemimiz, adqoyma ənənəsi və s. məsələləri müzakirə edirdik. Ciddi müzakirədən sonra Hüseyn müəllim səmimi bir ovqatla öz ailəsindəki bir hadisəni bizə belə nəql etdi: “Oğlum Turqayın ilk oğul övladı dünyaya gələndə ailə üzvlərim uşağa mənim adımı verəcəklərini israrla təkid etdilər. Mən də dedim ki, qoy adı Uğur olsun, mənim adımı yox, soyadımı uğurla yaşatsın. Hüseyn Həşimli dünyaya bir dəfə gəlib, bir dəfə gedəcək!” Hüseyn Həşimli haqqındakı “yubiley” yazısında bu məqamı xatırlamağım səbəbsiz deyil. Bəli, o, dünyaya bir dəfə gəldi, amma bir dəfəlik getmədi. Onun təkrarsız və bənzərsiz irsi Azərbaycan ədəbiyyatına və naxçıvanşünaslığa əvəzsiz töhfələr oldu. O özü ilə bu nakam ömürdən sadəcə cismini apardı, elmimizə isə boyük yaradıcı irs qoyub getdi. Onun irsi neçə-neçə yazılacaq əsərlərə stimul verəcək, plan-prospektinə çevriləcək.
P.S. Mənim də yetişməyimdə Hüseyn müəllimin əvəzsiz rolu var. Tale elə gətirdi ki, müəllimlə iş yoldaşı olduq. Pedaqoq-alim, yorulmaz tədqiqatçı Hüseyn Həşimli ömrünün son aylarını bizim elm məbədində - AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda direktor müavini olaraq keçirdi. O, işə başladığı ilk gündən orijinal, məsələlərə yanaşma tərzi ilə özünəməxsus iş prinsipini ortaya qoydu. Hüseyn müəllim elmi-tədqiqat işlərinin aktuallığına strateji mənzərədə baxır, problemlərə, ədəbi proseslərə cari planda yanaşmırdı. Hər hansı müzakirənin, diskussiyanın son nöqtəsini məntiqi bir tərzdə qoyur və o məsələdə boşluq buraxmırdı. İşinə böyük həvəs və enerji ilə, necə deyərlər, dörd əllə sarılan Hüseyn müəllimin insani keyfiyyətlərini tamamlayan tələbkarlıq və qayğıkeşlik onun müdrik xarakterində öz əksini tapmışdı. Rəsmi məclislərdə çox ciddi, səmimi ortamlarda həddən ziyadə xoşrəftar olan Hüseyn müəllimin səsi qulaqlarımızdadır... Söz vermişdi ki, dosent Ramiz Qasımovla mənim haqqımda başladığı məqaləni yaxın zamanda yekunlaşdıracaq... Qapılarımız üzbəüz idi. Mən onun haqqında yazdığım bu məqaləni tamamlamağa çalışıram... Elə bilirəm ki, işlə bağlı hər hansı tapşırığı vermək üçün qapı indi döyüləcək və mən yenə də o yazının aqibətini soruşacağam. Yarımçıq qalan bütün işləri kimi o yazının da boynubükük qalması insanı mənən sızladır... Gözlərimdə gilənən bir damla yaş vərəqlərin üstünə düşən anda xoş siması gözümün önünə gəlir və xatirimə başqa bir xatirə düşür, qeyri-ixtiyari olaraq üzümə təbəssüm gəlir: iş vaxtının sonunda bol həyat müşahidələrindən yoğrulan, universitetdə, məhlədə, hətta kəndlərində şahidi olduğu duzlu-məzəli, eyni zamanda da məzmunlu söhbətlərinə bir az da yumor hissini qatması adamın gərgin iş yorğunluğu üstündən alırdı. Onun yerinə, məqamına uyğun xoş ovqat yaradan zarafatlarını dinləmək böyük bir zövq verir, ruhun mənəvi qidasına çevrilirdi. Bu məqamlar bizim yaddaşımızda əbədilik hopub.
Hüseyn Həşimlinin nakam ömrünün təqvimlərini vərəqlədikcə sonuncu rəqəmin beş olmasının heç də təsadüfi olmadığının fərqinə vardım. Onun alın yazısı idi Əlaçı olmaq... Bu dəfə tamamlanmış sonuncu “5” rəqəmi ürəyimizdə əbədi bir hüznə çevrildi, 55 yaşa tam 65 gün qala əbədiyyətə qovuşdu... Kaş ki, bu günü Sizsiz yox, Sizinlə bahəm qeyd etmək kimi bir möcüzə olsaydı... Siz təbrikimi ruhunuzla deyil, qulaqlarınızla duysaydınız...
Yubiley yaşın mübarək, ölməz Ustad!..
Zülfiyyə İsmayıl
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
Filologiya üzrə fəlsəfə doktoru, dosent