Hüseyn Həşimli və Naxçıvan ədəbi mühiti

(Professor Hüseyn Həşimlinin 55 yaşına sözardı)

A- A A+

Görkəmli ədəbiyyatşünas, Əməkdar  elm xadimi, professor Hüseyn Həşimli (1965-2020) 30 ildən çox ali təhsil aldığı elm məbədgahında – Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərib. O, 2019-cu ilin noyabr ayından ömrünün sonunadək AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini işləyib. Professor otuza yaxın  kitabın və monoqrafiyanın, üç yüz qırxdan çox elmi , yüzlərlə publisistik məqalənin müəllifi  idi. 

Elm fədaisi olan Hüseyn müəllimin maraq və mövzu dairəsi çox geniş idi. Ədəbiyyatşünaslığımızda sentimentalizm ədəbi cərəyanı, XX əsr Azərbaycan ədəbiyyatında yaranan sonet, terset kimi yeni lirik janrlar, mənsur şeirimizin yaranma tarixi və inkişaf istiqamətləri, Avropa lirik janrlarının Azərbaycan ədəbiyyatında tətbiqi məsələləri görkəmli elm xadiminin tədqiq etdiyi əsas problemlərdən ancaq bir qismi idi.

Professor Hüseyn Həşimli, eyni zamanda doğulduğu torpağa varlığı ilə bağlı olan bir elm adamı idi. Ona görə o, müstəqilliyimizin yaratdığı imkanlar sayəsində Naxçıvan ədəbi mühitinin inkişaf yolları, bədii yaradıcılığın əsas istiqamətləri, mövzu rəngarəngliyi məsələlərini öyrənmək istiqamətində arxivlərdən, yüz ildən artıq bir dövrün mətbuatından çoxsaylı və müxtəlif səpkili materiallar toplamış, ədəbi nümunələr əsasında ədəbiyyatşünaslıq məsələlərini tədqiq etməklə ciddi şəkildə məşğul olmuşdur. Hüseyn Həşimlinin Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsinin demək olar ki, ədəbi irsi öyrənilməmiş Ələkbər Qərib Naxçıvanlının yaradıcılığı haqqında yazdığı irihəcmli tədqiqat əsəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci ilin nəşr planına daxil edilmiş və dövlətin diqqət və qayğısı ilə bu tədqiqat işi yaxın vaxtlarda kitab şəklində işıq üzü görəcəkdir.

Professor Hüseyn Həşimlinin doktorluq dissertasiyası “Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar” adlanır (2011). Bu dissertasiyada ədəbiyyatımızdakı Avropa mənşəli marş, sonet və terset kimi şeir formalarının poetik özəllikləri, dünya ədəbiyyatında mövqeyi, poeziyamızda təşəkkülü, inkişaf mərhələləri, əsas nümunələri, ideya-sənətkarlıq axtarışları geniş şəkildə araşdırılmışdır. Bu kontekstdə müəllif Naxçıvan ədəbi mühitinin Hüseyn Cavid, Adil Babayev kimi görkəmli nümayəndələrinin yaradıcılığında Avropa mənşəli lirik janrların istifadə məsələlərinə xüsusi diqqət yetirmiş, hətta bu baxımdan Hüseyn Cavid lirikasına ayrıca monoqrafiya həsr etmişdir. Həmin dissertasiya əsasında nəşr edilmiş irihəcmli “Azərbaycan poeziyasında sonet və tersetlər” adlı monoqrafiyasında müəllif XX əsrin 60-cı illərində Azərbaycan poeziyasında sonet janrının yüksəliş yoluna qədəm qoyduğunu, janrın kamilləşmə və kütləviləşmə mərhələsinə başladığını qeyd edirdi.

Görkəmli ədəbiyyatşünas XX əsrin əvvəllərində fəaliyyət göstərmiş naxçıvanlı qələm sahiblərinin ədəbi irsinin öyrənilməsi işində böyük əmək sərf etmişdir. Onun belə araşdırmalarının bir bəhrəsi də “Naxçıvan yazıçıları “Məktəb” jurnalında” adlı monoqrafiyadır. 142 səhifəlik bu monoqrafiya 2019-cu ildə işıq üzü görmüşdür. Məlumdur ki,“Məktəb” jurnalı 1911-1920-ci illər arasında bəzi fasilələrlə nəşr edilmiş bir mətbuat orqanı olub. Həşimli həmin jurnalda iştirak etmiş 4 naxçıvanlı yazıçıdan – Hüseyn Cavid, Məhəmmədəli Sidqi, Əli Səbri Qasımov və Ələkbər Qərib Naxçıvanlıdan bəhs etmiş, onların burada çap olunmuş əsərlərinin mətnini vermiş və həmin əsərlər haqqında araşdırma aparmışdır. Görkəmli maarifçi Məhəmmədtağı Sidqinin oğlu Məmmədəli Sidqinin 1914-1915-ci illərdə adıçəkilən jurnalda dərc olunmuş yeddi pedaqoji hekayəsi ilk dəfə Hüseyn Həşimli tərəfindən bu kitaba salınmışdır. Yeri gəlmişkən qeyd edək ki, görkəmli ədəbiyyatşünas Naxçıvan ədəbi mühitinin bu tanınmış nümayəndəsinin bədii-publisistik irsinin lazımınca öyrənilmədiyini nəzərə alaraq gərgin elmi axtarışlar sayəsində onu toplamış və nəşrinə nail olmuşdur. Fədakar alim 2014-cü ildə 1919-cu ildə cəmi 14 nömrəsi işıq üzü görmüş “Şeypur” jurnalındakı bütün materialları ayrıca kitab halında nəşr etdirmişdir. Onun bu mövzuda 2014-cü ildə “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” və 2017-ci ildə isə “Şeypur” jurnalı və ədəbi-tarixi həqiqətlər” adlı iki monoqrafiyası da işıq üzü görmüşdür. Bu monoqrafiyalarda Məhəmmədəli Sidqinin həyat və yaradıcılığı haqqında geniş şəkildə məlumat verilmişdir.

Professor Hüseyn Həşimlinin “Naxçıvanlı yazıçılar “Məktəb” jurnalında” monoqrafiyasında yazıçı Ələkbər Qərib – Naxçıvan ədəbi mühitinin bu tədqiq olunmamış nümayəndəsi haqqında daha geniş məlumat vermişdir. Müəllif “Məktəb” jurnalında nəşr olunmuş (21 aprel 1913) “Bacı və qardaş” hekayəsinin məzmununu vermiş və əsəri təhlil etmiş, mətnini də kitaba daxil etməyi unutmamışdır. Professor görkəmli ədəbiyyatşünas – alim adıçəkilən həmyerlimizin bədii irsindən bir neçə nümunəni də mətbuatda nəşr etdirməyə müvəffəq olmuş, onun Ə.Q.Naxçıvanlının tərcüməçilik fəaliyyətini tədqiq edən daha bir məqaləsi də dərc olunmuşdur.

“Naxçıvanlı yazıçılar “Məktəb” jurnalında” kitabında tədqiqata cəlb edilən müəlliflərdən biri də Əli Səbri Qasımovdur. Alim bu kitabda Ə.S.Qasımovun L.N.Tolstoydan tərcümə etdiyi “Kəndli və su adamı” hekayəsindən bəhs etmiş və onun mətnini də vermişdir. Alim ədibin ustalıqla tərcümə etdiyi rus ədibi Dmitriyevanın “Balaca və Xallı” hekayəsini də təhlilə cəlb etmişdir. Qeyd etmək lazımdır ki, professor Hüseyn Həşimlinin bundan əlavə, Naxçıvan ədəbi mühitinin bu görkəmli yetirməsi haqqında iki kitabı da nəşr olunmuşdur.

Üzərində bir qədər geniş dayanmaq istədiyimiz görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının sistemli, əhatəli şəkildə öyrənilmədiyini nəzərə alan mərhum professor vəfatından az əvvəl uzunmüddətli araşdırmalarının nəticəsi olaraq 232 səhifədən ibarət “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı sanballı bir monoqrafiya nəşr etdirmişdir.

Monoqrafiyanın “Şərəfli ömür yolu” adlanan ilk fəslində yazıçının 1892-ci ildə Naxçıvandan başlanıb 1983-cü ildə Bakıda tamamlanan doxsan bir illik həyatının əsas bioqrafik faktları, mərhələləri, fəaliyyətinin başlıca istiqamətləri ardıcıllıq və dəqiqliklə nəzərə çatdırılmış, tədqiqatçı bir sıra maraqlı elmi-tarixi faktlar ortaya qoya bilmişdir. Müəllif onun sovet dövründəki məşəqqətli taleyini, stalinizm dönəmində dəfələrlə həbsə alınmasını, ömrünün on səkkiz ilini həbs və sürgünlərdə keçirməsini, 1950-ci illərin ortalarından sonrakı fəaliyyətini və digər məsələləri ilk dəfə əsaslı şəkildə araşdırmışdır.

“Əli Səbri Qasımovun bədii yaradıcılığı” adlanan ikinci fəsildə yazıçının müxtəlif vaxtlarda yazdığı oxunaqlı nəsr əsərləri tədqiqata cəlb olunmuşdur. Onun hələ tələbə ikən, 1912-ci ildə çap etdirdiyi “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti hərtərəfli şəkildə araşdırılmışdır. Onu da demək yerinə düşər ki, yazıçının sonralar kitablarında yer almayan bu əsərini monoqrafiya müəllifi bir neçə il bundan əvvəl nəşr etdirərək ilk dəfə müasir oxuculara çatdırmışdır. Əli Səbri yaradıcılığının ən qiymətli nümunələrindən olan “Solğun çiçək” romanı 1913-cü ildə qələmə alınsa da, indi də maraqla oxunur, ideya-bədii mükəmməlliyi ilə diqqəti çəkir. Həmin romanı da ilk dəfə əhatəli araşdırmaya cəlb edən ədəbiyyatşünas alim müxtəlif vaxtlarda ədəbi-tənqidi fikrin əsərə münasibəti barədə diqqətəlayiq faktları da aşkara çıxararaq dəyərləndirmişdir. Kitabda Əli Səbrinin qələmindən çıxmış “Qaraçılar”, “Ümid işıqları”, “Himayə”, “Firuzun kədəri” kimi mükəmməl hekayələr də elmi-ədəbi təhlilə cəlb olunmuş, onların bir qismi həm də uşaq ədəbiyyatımızın səciyyəvi örnəkləri sırasında nəzərdən keçirilmişdir. Bütövlükdə, yazıçının roman, povest və hekayələri Azərbaycan sentimentalist ədəbiyyatının təşəkkülü və inkişafında, nəsrimizdə psixologizmin möhkəmlənməsində, ictimai mündəricənin fərdi talelər timsalında təqdimində mühüm rol oynayan bədii nümunələr kimi öz elmi qiymətini almışdır.

1910-cu ildən mətbuata qədəm qoyan Əli Səbri Qasımov fəaliyyəti boyunca sosial-siyasi həyatın müxtəlif məsələlərinə, maarif, mədəniyyət, bədii yaradıcılıq, ədəbi dil problemlərinə dair dörd yüzdən çox məqalə yazaraq dərc etdirmişdir. 1920-ci ilədək çoxsaylı qəzet və jurnallarda çıxış edən publisistin sovet dövründə də bir sıra mətbuat orqanlarında məqalələri dərc olunmuşdur. Bütün bunlar görkəmli ədibin ədəbi-tənqidi və publisistik irsinin tədqiqinə həsr olunan üçüncü fəsildə özünün dolğun elmi qiymətini almışdır. Bu fəsildə də araşdırılan çoxsaylı materialların əksəriyyəti ilk dəfə elmi dövriyyəyə gətirilmişdir. Yazıçının müxtəlif vaxtlarda qələmə aldığı memuarları, xatirat səpkili məqalələri də bir sıra tarixi hadisələri, sosial-mədəni prosesləri, ədibin müasiri olmuş görkəmli ziyalılarla bağlı maraqlı məqamları aydınlaşdırmaq baxımından əhəmiyyətli mənbələr kimi təhlilə cəlb edilmişdir.

Monoqrafiyanın sonuncu fəsli Əli Səbrinin tərcüməçilik fəaliyyətinə həsr olunmuşdur. Tədqiqatçı müəyyənləşdirmişdir ki, yazıçının ilk tərcümə kitabı 1911-ci ildə seminariya tələbəsi ikən rus ədibi A.P.Çexovun “Qız istəmək” adlı dramatik əsəridir. Bundan sonra o, L.N.Tolstoyun bir sıra əsərlərini dilimizə çevirmişdir. İstedadlı mütərcimin rus yazıçısı V.İ.Dmitriyevadan “Balaca və Xallı” adlı tərcümə-təbdili, həmçinin M.F.Çumandrin, P.P.Verşiqora kimi rus yazıçılarının, ingilis ədibi V.Şekspirin, hind yazıçısı R.Taqorun bəzi əsərlərini, gürcü ədəbiyyatından müxtəlif hekayələri, həmçinin çoxsaylı ictimai-siyasi, elmi-kütləvi, pedaqoji materialları Azərbaycan dilinə çevirməsi də maraqlı faktlardır. Ə.Səbri, həmçinin Azərbaycan ədəbiyyatının və filoloji fikrinin M.S.Ordubadi, Y.V.Çəmənzəminli, S.Şamilov, F.Qasımzadə kimi tanınmış nümayəndələrinin bəzi əsərlərini rus dilinə tərcümə etmişdir.
Bütövlükdə, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyası həm də çoxşaxəli yaradıcılığı ilə xalqa, Vətənə ləyaqətlə xidmət göstərmiş unudulmaz ziyalıya həsr olunan dəyərli tədqiqat kimi mühüm əhəmiyyətə malikdir.

Xalq yazıçısı Hüseyn İbrahimovun bədii irsinin öyrənilməsində də professor Hüseyn Həşimlinin az əməyi olmamışdır. O, 1999-cu ildə böyük söz ustasının anadan olmasının 80 illiyi münasibətilə “Hüseyn İbrahimov – 80” kitabını tərtib və nəşr etdirmişdir. Bu kitabda yazıçı haqqında professorun “Realizmin genişlənən üfüqləri” adlı məqaləsi də çap olunmuşdur. Burada müəllif böyük yazıçının bədii yaradıcılığında tənqidi-realist cizgilərə nəzər salır, bu xüsusiyyətlərin yazıçının yaradıcılığının ana xəttini təşkil etdiyini faktlarla əsaslandırır.

Əməkdar elm xadimi, professor Hüseyn Həşimli iyun ayının 20-də həyata həmişəlik vida etsə də, onun çoxsaylı araşdırmaları, zəngin elmi irsi Azərbaycan ədəbiyyatşünaslıq elminin əvəzsiz nailiyyətləri kimi həmişəyaşardır. “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” monoqrafiyası bu gün 55 yaşı tamam olan dəyərli elm xadiminin sağlığında nəşr etdirdiyi sonuncu əsərdir. Onun çapa hazır olan neçə-neçə sanballı əsəri vardır. Professor Hüseyn Həşimli onu sevənlərin qəlbində daim yaşayacaqdır. İnanırıq ki, bu məqalə görkəmli alimin çoxcəhətli yaradıcılığının öyrənilməsinə aid son söz olmayacaqdır. Görkəmli alimin elmi irsinin dərindən öyrənilməsi ədəbiyyatşünaslarımızın, Naxçıvan ədəbi mühiti tədqiqatçılarının qarşısında duran mühüm vəzifə kimi layiqincə yerinə yetiriləcək.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü, professor

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: