Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı torpaqların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin artırılması məqsədilə aparılan monitorinqdə həmin torpaqlara baxış keçirilib. Monitorinqdə Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları və rayon icra hakimiyyəti nümayəndələri iştirak edib.
Qeyd edilib ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Bələdiyyə torpaqları icarəyə verilərkən qanunvericiliyə uyğun olaraq icarəyəverən və icarəçi arasında müqavilə bağlanır və müqavilədəki şərtlər tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri nəzərdə tutulmalıdır.
Monitorinq zamanı torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə vətəndaşlara ətraflı məlumat verilib.