Müasir təhsilin nizamı

A- A A+

Bu gün onlayn təlimin, o cümlədən e-learning texnologiyasının tətbiqi  təhsil sahəsində də bütün pillələrdə biliklərin onlayn idarəetmə sisteminin yaradılmasına gətirib çıxarır. Dünyanın müasir təhsil layihələri, yaxın 20 il üçün verilən təhsil proqnozları, təhsil sektorunda gözlənilən əhəmiyyətli dəyişikliklər hər bir insanı düşündürür.

Məktəbə getməyə başlayan uşaqların üçdə ikisinin çalışacağı sahələr hələ icad edilməyib! Qulağa qəribə gəlsə də, əslində məsələ çox ciddi dəyişiklikdən gedir. Elə yaxın tarixlərdə Amerikanın Çikaqo şəhərində yerləşən “Northwestern Univercity” bizim əsrin inqilabi xəbərlərindən birini yaydı: təbii yumurtalığı çıxarılan bir siçana 3D printerlər vasitəsilə istehsal edilən bir yumurtalıq qoyuldu və siçan sağlam doğuş həyata keçirdi. Yəqin ki, gələcəyin insanı bunu daha təbii, sadə bir proses kimi qəbul edəcək. Bir başqa ağlasığmaz xəbər: Çində genetikasına müdaxilə edilmiş əkizlər dünyaya gəldi. Əkizlər hələ anadan olmamışdan ölümcül xəstəliyə səbəb olan genlər deaktiv edildi.

Təkcə bu iki fakt göstərir ki, bizi, bizdən də çox övladlarımızı tamam başqa gələcək gözləyir. XXI əsrin təhsil anlayışında da köklü dəyişikliklər bu istiqamətdə baş verir. Dünyanın aparıcı təhsil müəssisələrinin illik təqdim etdiyi hesabatlarda XXI əsrin təhsil strategiyası virtual mənbəyə əsaslanaraq, vikipediyanı sütun hesab edir. Məktəb və universitetlərin biliklərin idarə olunması sistemi günün və ekologiyanın tələbinə uyğun təhsilin bilik və onlayn informasiya fəzası əsasında qurulur. Bu  inkişaf strategiyasında yeni, müasir dünyanın məqsəd və tələbləri  öz əksini tapır.

Yeni əsrin təhsil metodikasında bir başqa vacib məsələ prezentasiya, təqdimat qabiliyyəti sayılır. İndi tələbələrin əlindəki ən ucuz smartfonda belə daha çox informasiya əldə etmək imkanı var. Bu bizi vacib bir məqama gətirir: müəllimin obrazı və hazırlığı. İnformasiya bolluğunda  tələbənin informasiya balansı ondan qat-qat aşağı olan müəllimə artıq nə qədər ehtiyacı var? Bu çox düşündürücü və narahatedici bir məsələdir. Cünki təhsilin səviyyəsi bütövlükdə ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, Yaponiya ali təhsil sisteminin inkişafı sayəsində çox böyük elmi potensiala malikdir. O elmin inkişafına yönəldilən məsrəflərə görə dünyada ikinci yeri tutur və elmtutumlu məhsulların dünya ixracatındakı payına görə, tez bir zamanda ABŞ-a çataraq, üçüncü yerə çıxmışdır. İstehsal müəssisələrinin ali təhsilli mütəxəssislərlə təmin olunma dərəcəsinə görə Birləşmiş Ştatlardan sonra ikinci yeri Yaponiya tutur. Qərb və yapon ekspertlərinin mülahizələrinə görə Yaponiya hər şeydən əvvəl əhalinin yüksək bilik səviyyəsinin hesabına iqtisadiyyat və yüksək texnologiyalar sahəsində çox böyük nailiyyətlər əldə etməyə nail olub.

Dünyada əvvəllər STEM olan, bugün isə STEAM qısaltmasıyla ifadə olunan, sadə dildə desək, bir təhsil paketi, təhsil modeli yaranıb. Açılışı belədir: S(Science – elm, fənn, ixtisas), T(technology – texnologiya), E(Engineering – mühəndislik), A(Art – sənət), M(Matematic – riyaziyyat). Əvvəllər dörd istiqaməti özündə birləşdirib STEM adlanan bu modelə sənətin də faydaları və prinsipləri əlavə edildi və STEAM adlandırıldı. Yaxın tarixdə isə mərkəzinə STEAM modelinin qoyulduğu bu sistemin peykləri kimi başqa sahələr də əlavə edildi: coğrafiya, tarix, hətta rəqəmsal savad. Bəli, yeni əsrdə belə bir istiqamət var - rəqəmsal dünyanın qaydaları, orda özünü ifadə etmək, bilgi almaq və bölüşmək öyrədilir. Burada fərqi yaradacaq yeganə üstünlük var – yaradıcı düşünmək. XXI əsrdə yaradıcı düşünmə (creativity) təkcə təhsildə yox, iş mühitində də ən vacib məqamlardan sayılır. XX əsrdə təhsildə çalışqanlıq, zəhmətkeşlik ən çox təriflənən keyfiyyətlər idi. XXI əsrin tələbi isə sərbəst qərar vermək, məsuliyyəti öz üzərinə götürmək, təşəbbüskarlıqdır. Deməli, İkinci sənaye inqilabı ilə üçüncü arasındakı tələblər əsas fərq yaradıcı yanaşmadadır. Bu gün ibtidai sinif şagirdindən də, ali dərəcəli professordan da müasir təhsil yalnız  texnoloji anlayış və yaradıcı münasibət tələb edir. Həm texnoloji bilik, həm də yaradıcı yanaşma ilə müasir dünya tələblərinə uyğun təhsilimizi qura bilərik. Müasir dünyanın bilgi toplumlarının təməlində  onlayn, e-learning texnologiyaları durur. Yeni texnoloji təhsildə - video, süni intellekt, telekonfrans, elektronik xəbərləşmə, web təhsil, e-öyrənmə aktualdır. Bu zaman yaradıcı (creativity) yanaşma da əlavə olunanda müasir tələb olan onlayn təhsildə uğur mütləq olacaq. İnterdisiplinar (təlimlərarası) metod isə özü yaranacaq. Məşhur deyimdə olduğu kimi: hər şeyin hər şeylə əlaqəsi var.

Ruhəngiz Əliyeva

                                         Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: