Muxtar respublikada 30 istixana kompleksi fəaliyyət göstərir - FOTOLAR
Əhalinin payız-qış aylarında da faraş-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması mühüm əhəmiyyət kəsb edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, cari ilin ikinci rübündə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası, həmçinin özəl investisiya qoyuluşu hesabına 3, Babək rayonunda 2, Culfa rayonunda 1 istixana təsərrüfatının yaradılması başa çatdırılıb. Hazırda muxtar respublikada 30 müasir istixana kompleksi fəaliyyət göstərir.
Kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyindən “Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə də pay düşüb. 2013-cü ildə qurulan tərəvəz məhsulları istixana kompleksində Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb.
İstixananın səmərəli fəaliyyəti daxili bazarın yüksək keyfiyyətli məhsulla təmin edilməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına da imkan verir. Hazırda təsərrüfatda 12 nəfər daimi işlə təmin olunub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin əməkdaşları payız-qış mövsümündə əhalinin keyfiyyətli məhsulla təmin olunması üçün istixanalarda mövcud vəziyyətin və mövsümə hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə mütəmadi monitorinqlər keçirir.
Adilə Səfərova