NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Türkiyə Cümhuriyyətində səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Çankaya Universitetinin İdarəetmə şurasının üzvü, İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri, 22 və 24-cü çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı, Prof. Dr. Zeynep Karahan Uslu ilə görüşüb.
Görüş zamanı “Naxçıvan” Universiteti ilə Çankaya Universiteti arasında ikitərəfli əlaqələrin inkişafı, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində birgə əməkdaşlıq barədə razılıq əldə olunub.
Bundan başqa görüş zamanı Naxçıvan Muxtar Respublikasında mədəni irsin, Türkiyə coğrafiyasında Naxçıvana aid olunan abidələrin araşdırılması və birgə beynəlxalq konfransların təşkili məsələləri müzakirə olunub.
Hüseyn Bağırsoylu görüşdə Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin qorunub saxlanılması sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarix boyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır.
Seyfur Hacımuradov