Tüstü bacalarının təmizlənməsi dəm qazı ilə zəhərlənmə təhlükəsini azaldır - FOTOLAR

A- A A+

Yaşayış binalarında tüstü bacalarının vaxtında təmizlənməsi payız-qış mövsümünə hazırlığın vacib elementlərindəndir.

Mənzillərdə quraşdırılmış qazla işləyən sobaların və suqızdırıcıların istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi, tüstü bacalarının və havaçəkmə kanallarının işlək vəziyyətdə olmaması səbəbindən bir çox hallarda dəm qazından zəhərlənmə kimi xoşagəlməz hallar baş verir. Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, belə halların qarşısının alınması məqsədilə  Nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi və yanğın təhlükəsizliyi orqanlarının əməkdaşları tərəfindən əhali arasında maarifləndirmə işi davam etdirilir. Qazdan təhlükəsiz istifadə qaydalarına görə su qızdırıcılarının tüstü bacaları ildə bir dəfə, digər qızdırıcı cihazların tüstü bacaları isə istilik mövsümündən əvvəl mütləq təmizlənməlidir. Qeyd edək ki, 2019-2020-ci illərin payız-qış mövsümü dövründə Fövqəladə Hallar Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə tüstü bacalarının və havaçəkmə kanallarının təmizlənməsi, vətəndaşlar tərəfindən bağlanılıb və ya sökülərək istifadəyə yararsız vəziyyətə salınmış tüstü bacalarının açılması məqsədilə 11 ictimai yaşayış binasının 450 mənzilinin tüstü bacalarına və havaçəkən kanallarına baxış keçirilib, onların 343 ədədinin təmizlənməsinə nail olunub, 73 ictimai yaşayış binasında 643 ümumi tüstü bacasının ətrafı metal torla bağlanıb. Aparılan işlərin nəticəsidir ki, 2020-ci ilin birinci yarısında dəm qazı ilə zəhərlənmə halları azalıb, ölümlə nəticələnən hadisələr qeydə alınmayıb.

Nazirliyinin mütəxəssisləri mənzillərdə dəm qazından zəhərlənmələrin qarşısını almaq məqsədilə vətəndaşlara aşağıda qeyd olunan təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir:

-nasaz tüstü bacaları aidiyyəti orqanlar və mənzil sahibləri tərəfindən qış mövsümü başlananadək işlək vəziyyətə gətirilməlidir;

-nasaz tüstü bacalarına qazla işləyən sobaların və suqızdırıcıların çıxış borularının qoşulması qadağandır;

-qazla işləyən bir neçə soba və suqızdırıcının tüstü borusunu eyni vaxtda bir tüstü borusuna qoşmaq olmaz. Çünki belə hallar dəm qazının birbaşa mənzilə dolmasına və zəhərlənməyə səbəb olur;

-mənzillərdə təmir işləri aparılarkən tüstü bacalarını və havaçəkmə kanallarını sökmək, zədələmək və ya onların qarşısını tutmaq olmaz;

-tüstü bacasının içərisindən su və qaz xətlərinin çəkilməsinə yol verilməməlidir. Çünki tüstü bacasının divarının zədələnməsi və ya uçması nəticəsində onların tutulması və yararsız vəziyyətə düşməsi baş verir;

-yadda saxlamaq lazımdır ki, tüstü bacalarının təmizlənməməsi həyatınız üçün ciddi təhlükədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: