Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Kocaeli Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Evi Dərnəyi tərəfindən “Əsassız erməni iddialarına aydınlıq gətirmə” layihəsinə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində erməni terror qruplaşmaları və Ermənistan tərəfindən həyata keçirilən qətliamlarla bağlı ingilis, rus və türk dillərində qısametrajlı filmlərin çəkilməsi və sosial media vasitəsilə dünyaya yayılması nəzərdə tutulur.
Layihə çərçivəsində 1915-ci il hadisələri ilə bağlı iddiaların əsassız olduğu, ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionunda, o cümlədən Xocalıda törətdikləri soyqırımı aktları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim edilən layihə ilə əlaqədar Kocaeli Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Evi Dərnəyində keçirilən tədbirdə çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar Ermənistanla bağlı yalanların dünyaya daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. Türkiyənin öz arxivlərini açdığını və eynilə Ermənistanı da buna dəvət etdiyini bildirən B.Dündar işğalçı ölkənin öz arxivlərini yalanları ortaya çıxacağı üçün açmadığını bildirib.
O, layihə çərçivəsində erməni terror qruplaşmaları tərəfindən Anadoluda həyata keçirilən qətliamlarla bağlı sərgilərin də təşkil ediləcəyini deyib. Bildirilib ki, erməni silahlıları və terror qruplaşmaları tərəfindən törədilən qətliamlara dair sənədlərin mütəxəssislərin və elm adamlarının iştirakı ilə dəyərləndirilməsi məqsədilə konfrans keçiriləcək. Bundan əlavə, ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edən kitablar ingilis və türk dillərində nəşr olunaraq insanlara paylanacaq.